Kino tariximizdən
Milli kinomuzun tarixindən bəhs edən ötən yazılarımızda 1930-cu illərdə Bakı kinostudiyasında baş verən proseslərdən söz açmışdıq. Həmin mövzuya qayıdaraq bir sıra maraqlı məqamları diqqətə çatdırmaq istərdik.
Bu baxımdan 1940-cı ilin sonunda Bakı kinostudiyasının fəaliyyətini yoxlamış komissiyanın Azərbaycan K(b)P MK-nın katibi Mircəfər Bağırova ünvanladığı məlumat maraq doğurur. Məlumatda qeyd olunur ki, Azərbaycan K(b)P MK və Azərbaycan SSR Xalq Komissarları Sovetinin dəfələrlə qəbul etdiyi qərar və göstərişlərə baxmayaraq, Bakı kinostudiyası fəaliyyət göstərdiyi 17 il ərzində işində dönüş yaratmamış, yüksək keyfiyyətli, dolğun kino məhsulları istehsal edə bilməmişdir. Əsas səbəblərdən biri studiyada yüksək ixtisaslı kino işçilərinin, bədii rəhbərlərin, rejissorların, aktyorların, operatorların, rəssamların olmamasıdır.
Məlumatda daha sonra bildirilir ki, studiyanın ssenari şöbəsi pis işləyir (bundan əvvəl moskvalı nümayəndə - kino mütəxəssisi Mitriçin ssenari şöbəsinin fəaliyyəti barədə yazdığı arayış müzakirə olunmuşdu - A.K.). Şöbə ixtisaslı yazıçı və dramaturqları Azərbaycan kinematoqrafiyasında işləmək üçün cəlb edə bilmir. Ssenarilər qəbul edilərkən tənqidi yanaşma olmur, şöbədə tematik plan yoxdur. Pis ssenarilər dövlətin hesabına alınır. Bəzən ssenarilərin yazılması kinostudiya işçiləri üçün əlavə gəlir mənbəyinə çevrilir.
Keyfiyyətsiz ssenari üzrə çəkilən “Ayna” filmi istehsaldan çıxarılmışdır. Halbuki smeta dəyəri 1.400 min rubl olan filmə artıq 807 min rubl xərclənmişdir. Pullar istifadə olunmuş, film yararsız hesab edilmişdir. Ssenari yenidən işlənilir, film yenidən istehsala buraxılacaq və başqa rejissora həvalə olunacaqdır.
Kinofabrikdə lazımi texniki avadanlığın olmaması ümumi işə mənfi təsir göstərir. Mövcud avadanlıq 1933-cü ilin səviyyəsindədir, texniki təchizata görə Sovet İttifaqının digər kinofabriklərindən 5-6 il geri qalır. Bütün kinofabriklər səsli kinoya keçdiyi vaxt Bakı kinostudiyası 5 il səssiz filmlərin istehsalını davam etdirmişdir.
Bakı kinostudiyasının direktoru yol. Abbasov kinostudiyanı təsadüfi, şübhəli və yaradıcılıq baxımından özünü doğrultmayan adamlardan bütünlüklə təmizləyə bilməmiş, yaradıcı kadrların hazırlanması və inkişafını təmin etməmişdir.
1941-ci il üçün nəzərdə tutulmuş planlar - nə aktyor kadrları, nə texniki təchizat, nə də rejissorluq sahəsində yerinə yetirilmir. Aktyor heyəti işlə çox yüklənmişdir. Bir aktyor üç filmdə çəkilməyə məcburdur. Əlbəttə, belə halda onlar oyunlarında yüksək bədii keyfiyyəti təmin edə bilməzlər.
Kinostudiyanın işçiləri öz üzərində işləmir, ixtisaslarını artırmır və incəsənətlə maraqlanmırlar. Fabrikdə partiya-komsomol və mədəni-tərbiyə işi zəifdir. Fabrikə gələn işçilər boş-boşuna oturur, heç bir şeylə məşğul olmurlar. Kinofabrikin köhnə işçisi, kinooperator M.Mustafayev fabrik işçilərinin iclasında çıxış edərək demişdir: “İşçilər arasında özünütənqid, yaradıcılıq şəraiti yoxdur. Adamlar bekarçılıqdan kütləşirlər”.
Təcili tədbirin görülməsinin vacibliyini nəzərə alaraq, kinofabrikdə işin lazımi səviyyəyə qaldırılması məqsədilə komissiyanın təkliflərini nəzərə alan Azərbaycan K(b)P MK bürosu qərar qəbul etmişdir. Qərarın ayrı-ayrı bəndlərində deyilir:
Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinə (yol. Gözəlov) tapşırılsın ki, şəhər partiya komitəsi ilə birgə Bakı kinostudiyası işçilərinin tərkibi yoxlanılsın, studiyanı siyasi cəhətdən şübhəli, təsadüfi və yaradıcılıq baxımdan özünü doğrultmayan adamlardan azad etsin və Bakı teatrlarının yeni gənc kadrlarının irəli çəkilməsi hesabına studiyanı möhkəmləndirsin.
ÜK(b)P MK-dan xahiş edilsin ki, SSRİ XKS yanında Ümumittifaq Kinematoqrafiya işləri üzrə Komitə bədii rəhbər kimi sovet kino sənətinin ən böyük xadimlərindən birini Bakı kinostudiyasına daimi işə göndərsin. Eyni zamanda Bakı kinostudiyasının müasir kinotexnika ilə təchiz olunması üzrə ciddi tədbirlər görsün.
Yaradılan kinossenarilərə nəzarəti gücləndirmək və əvvəlcədən baxmaq məqsədilə Azərbaycan K(b)P MK-nın təbliğat və təşviqat şöbəsi yanında aşağıdakı yoldaşlardan ibarət daimi komissiya təşkil olunsun:
1. Yaqubov Teymur - Azərbaycan K(b)P MK
2. Rəhimov Süleyman - Azərbaycan K(b)P BK
3. Səməd Vurğun - Azərbaycan Sovet Yazıçıları İttifaqı
4. İbrahimov Mirzə - Azərbaycan SSR XKS yanında İncəsənət İşləri İdarəsi
5. Abbasov Şəmsəddin - Bakı kinostudiyası
6. Hacıbəyov Üzeyir - Azərbaycan Dövlət Konservatoriyası
7. Hüseynov Heydər - Azərbaycan EA
8. Hidayətzadə İsmayıl - Dövlət Operası
9. Baykov Boris - Rus Dram Teatrı
10. Seyidzadə Bağır - Azərbaycan LKGİ MK
11. Ələkbərov Ənvər - Az. SSR Xalq Maarif Komissarlığı
12. İsgəndərov Adil - Azərb. Dövlət Dram Teatrı
13. Rəfili Mikayıl - Yazıçı
Belə bir komissiya yaradıldı. Ancaq sonradan müəyyən dəyişikliklərlə Süleyman Rəhimov, Qindin, Şahgəldiyev (Azərb. K(b)P MK), Sadıxova (Azərb. K(b)P RK), Əbülhəsən (kinostudiyanın ssenari şöbəsinin müdiri) komissiyanın üzvləri oldular. Lakin Böyük Vətən müharibəsinin başlanması ilə ölkədə, o cümlədən Azərbaycanda kinolent qıtlığı baş verdi. Müharibə illərində cəmi 3 tammetrajlı (“Bir ailə”, “Sualtı qayıq T-9” və “Arşın mal alan”), 4 qısametrajlı (“Vətən oğlu”, “Bəxtiyar”, “Sovet pəhləvanı”, “Sovqat”) bədii film istehsal olundu. “Bir ailə” filmi çəkilsə də, ekranlara buraxılmadı. “Arşın mal alan” kinokomediyası isə ekranlara çıxarılmazdan əvvəl başı qalmaqallı oldu.
Qərarın 2-ci bəndində nəzərdə tutulduğu kimi, Bakı kinostudiyası işçilərinin tərkibi yoxlanılmış və bir neçə siyahı tərtib olunmuşdu.
1-ci siyahı. Bakı kinostudiyasının rəhbər işçiləri:
Əsriyev. Direktor, erməni, partiya üzvü.
Tamirov. Kadrlar şöbəsinin müdiri, erməni, partiya üzvü
Spektor. Vəkil, rus
Vəkilova. Ssenari şöbəsinin rəisi, azərbaycanlı.
Kalişeviç. Plan-maliyyə şöbəsinin rəisi, rus.
Peçenkin. Baş mühəndis, rus.
Ter-Qukasov. Kapital Tikinti şöbəsinin rəisi, erməni, partiya üzvü.
Barbariqo. Xronika istehsalı şöbəsinin rəisi, gürcü.
Lukiçyov. Bədii filmlər istehsalı şöbəsinin rəisi, rus, partiya üzvü.
Hüseynov. Qrup direktoru, azərbaycanlı.
Səmədbəyov. Qrup direktoru, azərbaycanlı.
Saakyan. Qrup direktoru, erməni.
Yevdayev. Qrup direktoru, tatar, part. üzvlüyünə namizəd.
Tluksne. Qrup direktoru, latış, partiya üzvü.
Mitrofanov. Xüsusi şöbənin rəisi, rus, komsomolçu.
Allahverdiyev. Direktor müavini, azərbaycanlı, partiya üzvü.
Osipov. Təchizat şöbəsinin rəisi, erməni.
Sonkin. Qaraj müdiri, yəhudi, partiya üzvü.
Kuznetsov. Yanğın mühafizəsi rəisi, rus.
Şvars. Fotolaboratoriya müdiri, yəhudi.
Badiştova. Kinolaboratoriya müdiri, erməni, partiya üzvü.
Natarov. Montaj sexinin müdiri, rus. partiya üzvü.
Çebataryov. Texniki şöbənin rəisi, rus.
Yerastov. Dekorativ emalatxana müdiri, rus.
Kasabov. Rəngsaz sexinin müdiri, erməni.
Qriqoryeva. Rekvizit sexinin müdiri, polyak.
Xalatov. Kostyum sexinin müdiri, erməni.
Tretyakov. İşıqçı sexinin müdiri, rus, komsomolçu.
Yudin. Səs texniki şöbəsinin rəisi, rus.
Frank. Çəkiliş bazasının müdiri, rus.
Qluşikov. Təmir-mexanika emalı şöbəsinin müdiri, rus.
2-ci siyahı. Xarici ölkələrdən olan kinostudiya işçiləri:
Podones-Podolski Yan. Polşalı, texniki-nəzarət şöbəsinin rəisi
Seyrul Bernard Leontyeviç. Latış, tədris hissə müdiri, partiyadan çıxarılıb.
Zbudski Vladimir Semyonoviç. Polşalı, operator.
Yeremyev Vladimir Pavloviç. Rus, operator.
Novitski Fyodor Fyodoroviç. Rus, operator.
Əlili Məmməd Əlizadə. Azərbaycanlı (İran, Təbrizdə doğulub), rejissor.
Hüseynova Balaca. (Türkiyədən gəlib), montajçı.
Qriqoryeva Marina Frantsevna. Polşalı, montaj sexinin müdiri.
Yanuşevskaya Anna İosifovna. İtaliyalı, mexanik şagirdi.
Pluksne Fris Yuryeviç. Latış, qrup direktoru.
Bekker Viktor Andreyeviç. Alman, operator.
Bekker Albert Vladimiroviç. Alman, kinomexanik.
Yekimovski Leonid Oskaroviç. Norveçli, rəssam.
Yeremeyeva Nina Andreyevna. Polşalı, montajçı.
3-cü siyahı. Qohumları həbs olunmuş Bakı kinostudiyasının işçiləri
Şahnəzərov. Operator, xalası oğlu tutulub.
Şeyxov Ş. Rejissor, qardaşı tutulub.
Məhəmmədov. Məsləhətçi, qardaşı tutulub.
Mikayılov M. Rejissor, atası tutulub.
Tretyakov. İşıqçı sexinin müdiri, əmisi tutulub.
İsmayılov Ə. Operator, qardaşı tutulub.
Braginski Q. Rejissor, qardaşı tutulub.
Həsənov Ə. Rejissor assistenti, dayısı xaricdə yaşayır.
Pozina N. İşlər müdiri, əri tutulub.
Ozerski İ. Səs operatoru, qardaşı tutulub.
Deyç. Dispetçer, qardaşı tutulub.
Brodskaya. Xariclə əlaqəsi var.
Mustafayev M. Əmisi tutulub.
Səfərov E. Səs operatoru assistenti, əmisi tutulub.
Səfərov L. Rejissor köməkçisi, atası tutulub.
Xalapov. Kostyum sexinin müdiri, qardaşı tutulub.
Sonkin. Qaraj müdiri, qardaşı tutulub.
Belousov. Sürücü, qardaşı tutulub.
Kinostudiya rəhbərliyi tərəfindən kadrların düzgün seçilməməsi (yuxarıdakı siyahılar bunu bir daha təsdiq edir), istehsalatda işçilərin daimi qalıb işləmələri üçün vaxtında lazımi işlərin görülməməsi nəticəsində böyük fəhlə axını əmələ gəlmişdir. 1939-cu il yanvarın 1-dən avqustun 15-dək 291 işçidən müxtəlif səbəblərə görə 102 nəfər işdən azad edilmiş, həmin dövrdə 125 nəfər işə qəbul olunmuşdur.
Bakı kinostudiyasının bütün işçi kollektivinin milli tərkibi belə idi:
Azərbaycanlılar - 72 nəfər.
Ruslar - 121 nəfər.
Ermənilər - 53 nəfər.
Digərləri - 45 nəfər.
Cəmi - 291 nəfər.
Bakı kinostudiyasının rəhbər heyəti 33 nəfərdən ibarət idi. Onlardan azərbaycanlılar 4, ruslar 13, ermənilər 8, digərləri 8 nəfər olmuşdur. Bəli, 30-cu illər Azərbaycan kinosunun mənzərəsi belə idi. Bu cür qarmaqarışıq kollektivi olan kinostudiyadan yüksək səviyyəli milli kino əsərləri gözləmək düzgün deyildi.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi