Qəbələ festivalı doqquzuncu dəfə müxtəlif ölkələrdən musiqiçiləri sənətsevərlərlə görüşdürür
Son illər müxtəlif tədbirlərin, o cümlədən mədəniyyət layihələrinin məkanına çevrilən Qəbələ şəhəri ənənəvi musiqi festivalında yenə müxtəlif ölkələrdən musiqiçiləri sənətsevərlərlə bir araya toplayıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən Qəbələ IX Beynəlxalq Musiqi Festivalına iyulun 29-da start verilib. Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, Litva və Sloveniyadan tanınmış dirijor və musiqiçilər, bədii kollektiv və solistlərin iştirak etdikləri festivalın ilk konsertini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestri təqdim edib.
Tələbə simfonik orkestrinin təqdimatında ilk konsert
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan böyük səhnədə təşkil olunan konsertdə orkestrin gənc üzvlərini tanınmış pianoçu, 2009-cu ildə İsveçrədə keçirilmiş 43-cü Montre Caz Festivalının qalibi, Prezident təqaüdçüsü, bir sıra beynəlxalq festivalların və konsertlərin iştirakçısı İsfar Sarabski müşayiət edib.
Konserti beynəlxalq müsabiqələr laureatı, “Baku Simfonietta” orkestrinin bədii rəhbəri və baş dirijoru Cavad Tağızadə idarə edib. Orkestrin ifasında C.Qerşvinin “Mavi rapsodiya”, S.Hacıbəyovun “Karvan” simfonik lövhələri, K.Əkbərovun “Qafqaz əfsanələri” əsərləri səsləndirilib. Konsert tamaşaçıların böyük marağına səbəb olub.
Musiqi bayramı qonşu rayonların sakinlərinə də sənət zövqü yaşadır
Qəbələ festivalı, ənənəsinə sadiq qalaraq, qonşu rayonların sakinlərinə də yaddaqalan musiqi axşamları bəxş edir. Doqquzuncu festivalın proqramına Qax, Şəki və İsmayıllıda konsertlər də daxildir.
İyulun 29-da axşam Qax şəhərindəki “İçəribazar” Turizm və mədəniyyət mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər kamera orkestri çıxış edib.
Konsertdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, artıq 6 ildir Qəbələ festivalı çərçivəsində Qax şəhərinin bu tarixi məkanında səyyar konsertlərin təşkil olunduğunu diqqətə çatdırıb. O, budəfəki konsertin təşkilinə görə musiqisevərlər adından festivalın rəhbərlərinə minnətdarlığını bildirib.
Orkestrin direktoru, Xalq artisti, Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova da Qəbələ festivalının səyyar konsertlərdən birinin Qax şəhərində keçirilməsinin artıq ənənə halını aldığını deyib.
Məlumat verilib ki, Gənclər kamera orkestri 2011-ci ildən fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri Azərbaycan və SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir. Orkestrin repertuarına Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxildir. Kollektiv xarici ölkələrdə müxtəlif tədbirlərdə, festivallarda uğurla çıxış edib.
Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə Aqşin Əlizadənin “Cəngi”, Azərbaycanın xalq mahnıları “Mən səni araram”, “Gəl bizə”, “Qaragilə”, xalq rəqsi “Uzundərə”, F.Bədəlbəylinin “Dəniz”, C.Cahangirovun “Alagöz”, A.Vivaldinin “İlin fəsilləri” konsertindən “Yay”, Montinin “Çardaş”, Niyazinin “Qaytağı”, “Arzu”, F.Əmirovun “Nizami” simfoniyasından 3-cü hissə və digər tanınmış bəstəkarların əsərləri ifa olunub. Solistlər - respublika və beynəlxalq müsabiqələr laureatları Aydan Quliyevanın, Nicat Məsimovun (balaban), Aytən İbrahimovanın, Ümidə Abbasovanın, Nəzrin Aslanlının, Orxan Cəlilovun, Anar İbrahimovun, Seymur Həsənovun (qarmon) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Beynəlxalq festivalın rəsmi açılış mərasimi
İyulun 30-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə beynəlxalq festivalın rəsmi açılış mərasimi olub.
Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda vurğulanır ki, əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib. Son illər ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqların nümayəndələrini bir araya toplayır.
Məktubda daha sonra deyilir: “Fərəhləndirici haldır ki, nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı Azərbaycanın dünyada multikulturalizm və tolerantlığın uğurlu modellərindən biri kimi tanıdılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir. Əminəm ki, maraqlı və rəngarəng musiqi proqramının təqdim olunacağı builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”.
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin konserti başlayıb. Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert ifası təqdim olunub. Orkestri Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edib. Konsert-tamaşaya Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev quruluş verib. Konsertdə tanınmış xanəndə və vokalçılar Gülyaz Məmmədova, Elnur Zeynalov, Arzu Əliyeva, Afaq Ağayeva, Mütəllim Dəmirov, Təyyar Bayramov, Nəzər Bəylərov, Taleh Yəhyayev (bariton) və Cahangir Qurbanov (bariton) çıxış edib.
Gənc pianoçuların və “Furioso” kvartetinin konserti
Beynəlxalq musiqi bayramının proqramına uyğun olaraq iyulun 30-da Heydər Əliyev Konqres Mərkəzinin kamera musiqisi zalında Azərbaycanın tanınmış gənc musiqiçilərinin iştirakı ilə konsert olub. Əvvəlcə beynəlxalq müsabiqələrin qalibləri, Prezident təqaüdçüləri - pianoçular Nərmin Nəcəfli və Atabala Manafzadə çıxış ediblər.
“Furioso” kvartetinin konserti də böyük marağa səbəb olub. Məlumat verilib ki, kvartet Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin dekanı, professor Nazmiyyə Abbaszadənin rəhbərliyi və tələbələr Süleyman Babakişizadə (violin), Zərifə Alxasova (violin), Üzeyir Mahmudbəyli (viola), Murad İbrahimov (violonçel) və Kəmalə Neymanovanın (piano) iştirakı ilə 2011-ci ildən fəaliyyətə başlayıb.
Konsertdə bəstəkarlar G.Enesku, V.A.Motsart, A.Dvorjak, F.Şopen və K.Debüssinin əsərləri səsləndirilib.
Klassik musiqi və xalq melodiyaları
İyulun 31-də Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakı kamera orkestrinin (“Baku Chamber Orchestra”) konserti olub. Orkestri Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, dirijor Fuad İbrahimov idarə edib.
Proqramda P.Sarasatenin “Navarra”, A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, F.Əmirovun “Nizami”, F.Bədəlbəylinin “Dəniz” simfoniyası, L.Andersonun “Plink Plank Plunk”, Niyazinin “Qaytağı” əsərləri səsləndirilib.
Sonra konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Arzu Əliyeva çıxış edib. Onu Əməkdar artist Etibar Qasımbəyli (qarmon), gənc musiqiçi Nicat Məsimov (balaban) müşayiət edib. Musiqi gecəsində Azərbaycanın xalq mahnıları “Gəl bizə”, “Sarı gəlin”, “Qaragilə” ifa olunub. Sonda Azərbaycanın xalq rəqsi “Uzundərə” təqdim edilib.
Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib
Festivalın üçüncü günündə Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə növbəti kamera konserti olub.
Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəqan Həsənli, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin üzvü, Prezident təqaüdçüsü Məmməd Rəcəbli (klarnet), “Sarı gəlin tələbə mahnı festivalı”nın Qran-pri mükafatçısı Aydan Quliyeva (soprano), beynəlxalq müsabiqələrin laureatı Taleh Yəhyayev (bariton) və “D ACCORDO” barokko musiqi ansamblının bədii rəhbəri İlahə Sadıqzadənin (piano) çıxışı alqışlarla qarşılanıb.
Konsertdə M.Ravelin “Gecə kəpənəkləri”, “Qəmgin quşlar”, S.Prokofyevin “Aldanma”, A.Məlikovun “Məhəbbət əfsanəsi”ndən Noktürn, J.Offenbaxın “Qofmanın nağılları” operasından “Gəlincikin ariyası”, S.Raxmaninovun “Yuxu”, F.Əmirovun “Azərbaycan elləri”, Ü.Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, A.Rubinşteynin “Neron” operasından “Epitalama”, E.İbrahimovanın “Ey Vətən”, A.Yusifovanın “İthaf” əsərləri səsləndirilib.
Qeyd edək ki, IX Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatacaq.