Xəbər verdiyimiz kimi, TÜRKSOY Gənclik Kamera Orkestri Balkan ölkələrinə konsert turuna çıxıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Başqırdıstan və Tatarıstanın gənc istedadlardan ibarət orkestr ilk konsertini Makedoniyanın paytaxtı Skopyedə verdikdən sonra səfəri Ohrid şəhərində konsertlə davam etdirib. 
   Bu il 57-ci dəfə reallaşdırılan “Ohri Yazı” festivalı çərçivəsində Gligor Prliçev adına Mədəniyyət evində səhnəyə çıxan gənc istedadlar sənətsevərlərin ürəyini fəth edib. Dirijorlar Anvar Akbarov (Qazaxıstan) və Mustafa Mehmandarovun (Azərbaycan) idarə etdiyi orkestrin ifasında dünya klassikləri ilə yanaşı türk dünyası bəstəkarlarına aid əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 
   Tədbirə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyə və Makedoniyadakı səfiri Faiq Bağırov, Makedoniyanın keçmiş dövlət naziri Furkan Çako başda olmaqla çoxlu sayda izləyici qatılıb. 
   Makedoniyadan sonra konsertlər Monteneqronun Podqoritsa şəhərində davam etdirilib. Əvvəlcə TÜRKSOY-un baş katibi D.Kaseinovun Türkiyənin Podqoritsa səfiri Serhat Qalib ilə görüşü keçirilib.
   Səfirliyin dəstəyi ilə gerçəkləşən konsert də böyük maraqla qarşılanıb.
   Konsert turunun növbəti ünvanı Bosniya və Herseqovinanın paytaxtı Sarayevo olub. Avqustun 31-də şəhərin Ordu evində gerçəkləşdirilən tədbirdə Türkiyənin bu ölkədəki səfiri Haldun Koç, Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik missiyasının rəhbəri Elnur Quliyev iştirak edib.
   TÜRKSOY Gənclik Kamera Orkestrinin Balkan turu avqustun 2-də Serbiyanın paytaxtı Belqradda başa çatacaq. 
   
   Mehparə Sultanova
   Ankara