Xəbər verdiyimiz kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər aidiyyəti qurumların iştirakı ilə ölkəmizdə “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbi təşkil olunub.
Qax rayonunda keçirilən yay məktəbinə qatılan 20-dən çox ölkənin gəncləri qonşu rayonların tarixi-mədəni irsi və turistik məkanları ilə də tanış olublar.
İyulun 28-də qonaqlar İsmayıllı rayonunun Lahıc qəsəbəsində olublar. Onlara Lahıcın tarixi, mədəniyyət abidələri, turizm potensialı barədə ətraflı məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazidə yerləşən Lahıc qəsəbəsi qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsidir.
Bildirilib ki, Lahıcın ilk məhəlləsinin əsası III-IV əsrlərdə qoyulub. Burada orta əsrlərdə qurulan su-kanalizasiya sistemi indi də fəaliyyət göstərir. Bu gün Lahıc dövlət tərəfindən qorunan tarixi-memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvəlki vəziyyətdə saxlanılıb. Lahıc vaxtilə Qafqazda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biri olub.
Tarix-diyarşünaslıq muzeyində yay məktəbinin iştirakçılarına məlumat verilib ki, Lahıc XVIII-XIX əsrlərdə də Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc xüsusilə oyma ornamentlə bəzədilən soyuq silah və mis qabların hazırlanması ilə tanınıb. Yerli ustaların əl işləri müxtəlif ölkələrdə muzeyləri və şəxsi kolleksiyaları bəzəyir.
Yay məktəbinin iştirakçıları qəsəbədəki emalatxanada müxtəlif məişət əşyalarının hazırlanması prosesinə baxıblar.