“Jara-2017” Beynəlxalq musiqi festivalı iştirakçı və tamaşaçılara unudulmaz anlar, paytaxtımız haqqında ən xoş təəssüratlar bəxş etdi
Xəbər verdiyimiz kimi, iyulun 27-dən 30-dək Bakıda, Xəzər sahilindəki “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2017” Beynəlxalq musiqi festivalı keçirilib. Tanınmış müğənni Emin, rusiyalı media meneceri, prodüser Sergey Kojevnikov və müğənni, Rusiyanın Əməkdar artisti Qriqori Lepsin müştərək layihəsi olan festivala Bakı ikinci dəfə ev sahibliyi edib. “Jara” festivalı ilk dəfə ötən ilin 9-10 iyulunda gerçəkləşmişdi.
Bu il festivalın təkcə müddəti deyil, iştirakçı sayı da artmışdı. Dörd gün davam edən, “Jara-2017” Rusiya, Ukrayna, Gürcüstan, Belarus və Latviyanın bütün postsovet məkanında tanınan estrada musiqiçilərini, eləcə də Azərbaycan ifaçılarını bir araya gətirərək, tamaşaçılara əyləncə dolu axşamlar və xoş istirahət bəxş etdi.
Festivalın ilk musiqi axşamı
“Jara-2017” musiqi festivalının ilk axşamı ənənəvi qırmızı xalı üzərindən keçidlə başlayıb. İştirakçı ifaçılar burada media nümayəndələrinin suallarını da cavablandırıb, pərəstişkarları ilə fotoşəkillər çəkdirib, Azərbaycan qonaqpərvərliyindən söhbət açıblar. Tədbirin bu hissəsində aparıcılığı Yuliya Lısenko və Slava Nikitin edib.
Festival atəşfəşanlıqla başlayıb və tamaşaçılara qala-konsert təqdim edilib. Qala-konsertin aparıcıları Yana Çurikova və Andrey Malaxov idi.
İlk olaraq Emin, Ani Lorak və Valeriya “Bakıya qaçaq” mahnısını oxuyublar. Sonra Emin və Qriqori Leps eyni səhnəni bölüşüblər. Onların ifaları hərarətlə qarşılanıb.
Sonra səhnəyə Valeriya, Svetlana Loboda, Timur Rodriges, Diana, Artur Pirajkov, Artik & Asti qrupu, Maks Barskix, Potap və Nastya, Azad Şabanov və başqaları çıxaraq 2017-ci ilin populyar hitlərini səsləndiriblər.
Festival iştirakçıları çıxışlarını başa vurduqdan sonra paytaxtımız, onun sakinləri, eləcə də mətbəximizlə bağlı təəssüratlarından danışıblar. Moskvanın sərin yayından sonra Bakının isti və mehriban qoynuna düşdüklərindən məmnunluqlarını ifadə edən qonaqlar bu möhtəşəm festivala böyük həvəslə qatıldıqlarını vurğulayıblar.
İkinci günün hərarəti: Sofiya Rotarunun yubiley gecəsi
Festivalın ikinci gününün keçmiş SSRİ məkanının ən populyar estrada müğənnisi, yaşının yetmişində də səs və təravətini itirməyən Sofiya Rotarunun yubileyinə həsr olunması “Jara-2017”nin hərarətini daha da artırıb.
Konsertdən əvvəl müğənnilər yenə qırmızı xalı üzərindən keçərək jurnalistlərin suallarını cavablandırıb, festivalın ilk günü ilə bağlı təəssüratlarını bölüşüblər.
İlk olaraq səhnəyə çıxan Ukrayna, Moldova və SSRİ-nin Xalq artisti Sofiya Rotaru tamaşaçıları Azərbaycan dilində salamlayıb və uzun illər öncə repertuarının ilk nümunələrindən olmuş “Çervona ruta” mahnısını oxuyub.
O, yubiley gecəsinin Bakıda, bu qonaqpərvər şəhərdə keçirilməsindən çox məmnun olduğunu bildirərək deyib ki, artıq səhnəyə çıxmasının 45 ili tamam olur. Yaşına gəldikdə isə, tamaşaçı alqışı ona yeni ruh verir.
Daha sonra Sofiya Rotaru bacısı Aureliya ilə birlikdə moldavan dilində məşhur “Melankoliye” mahnısını səsləndirib.
Festivalın iştirakçısı olan Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Polad Bülbüloğlu tamaşaçıları “Qorod moy Baku” mahnısı ilə salamlayaraq Sofiya Rotaruya yubileyi münasibətilə təbriklərini çatdırıb. O, festivalın müxtəlif xalqları bir araya gətirdiyini, musiqinin sərhəd tanımadığını vurğulayaraq, “Gəl, ey səhər” mahnısını ifa edib.
Sonra səhnəyə çıxan Qlyukoza Sofiya Rotarunun repertuarından “Luna, luna” mahnısını oxuyub. Konsert proqramını Potap və Nastya, Nastya Zadorojnaya, Valeriya, Alekseyev, Ani Lorak, Artik & Asti, Slava, “Vremya i Steklo”, İrina Dubtsova, Jasmin, Timur Rodrigez, MBAND qrupu, Loboda, Lev Leşşenko davam etdiriblər. Çoxsaylı tamaşaçılara məşhur müğənninin repertuarından ən populyar hitlər və onunla birgə ifalar təqdim olunub.
Sofiya Rotaru yenidən səhnəyə qalxaraq sevilən mahnılarını səsləndirib və Qriqori Lepslə duet oxuyub. Ardınca Sofiya Rotaru və Emin dueti ötən əsrin ən məşhur hitlərindən biri olan “Lavanda” mahnısını oxuyub.
Emin Sofiya Rotaruya yubileyinin Bakıda qeyd olunmasına razılıq verdiyinə görə təşəkkürünü bildirib. Öz növbəsində ukraynalı müğənni dəvətə görə minnətdarlıq edərək bu gecəni heç vaxt unutmayacağını deyib.
Konsertin gedişində məşhur müğənninin yaradıcılığı ilə bağlı fikirlər səslənib, oxuduğu mahnıların bir neçə nəslin musiqi zövqünü formalaşdırdığı vurğulanıb. “Jara” festivalının xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi xüsusi qeyd olunub.
“Bugünkü axşam sevgi ilə doludur”
Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub. Qırmızı xalı üzərindən ənənəvi keçid mərasimi başa çatdıqdan sonra aparıcılar Leyla Əliyevanı mikrofon önünə dəvət ediblər.
O, festival iştirakçılarını, qonaqları salamlayıb və aparıcının “İnsanlar sadəcə heyrət içərisindədirlər. Bütün artistlər deyirlər ki, burada özlərini evlərindəki kimi hiss edirlər. Siz buna necə nail olursunuz?” sualını cavablandıraraq deyib: “Bura Bakıdır, həmişə olduğu kimi, hərarətli və mehriban, ən başlıcası isə xeyirxah insanlar. Əlbəttə, hamı birdir - burada yaşayanlar da, buraya qonaq gələnlər də. Bugünkü axşam sevgi ilə doludur. Buna görə çox sağ olun. Hamınıza təşəkkür edirəm, xoşbəxtlik, firavanlıq, möhkəm cansağlığı, sevgi arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz. Bu axşam bizim hamımıza görə, burada iştirak edən hər kəsə görə çox gözəldir”.
Üçüncü gün: xoş təəssüratlar
İyulun 30-u iştirakçıların qırmızı xalı üzərindən keçidi maraqlı anlarla yadda qalıb. Rusiyanın Xalq artisti, məşhur parodiyaçı Vladimir Vinokur qırmızı xalı üzərindən keçərkən Bakı və festival haqqında fikirlərini yumoristik şəkildə belə ifadə edib: “Rusiyanın soyuq havası məni bezdirdi. Buna görə də Bakıya, dünyanın ən hərarətli şəhərinə gəldim”.
Bakıya ondan daha öncə gələn həmkarlarına qibtə etdiyini bildirən Belarusun Əməkdar artisti Anjelika Aqurbaş isə deyib: “Bakıya bu gecə gəlmişəm. Festivala hazırlaşırdım. “Jara”ya yalnız gözəl zahiri görkəmlə deyil, hazırlıqlı gəlmək lazımdır. Doğrudan da, bu festivaldan yaxşısı yoxdur”.
Müğənni Aleksandr Revva Azərbaycan dilində bu sözləri səsləndirib: “Mən səni sevirəm, Bakı”. İnna Malikova isə belə deyib: “Bakıya - bu gözəl şəhərə gəlməyimdən məmnunam. Burada çəkdirdiyim fotoşəkilləri instaqramda yerləşdirəcəyəm”.
Festivalın digər iştirakçısı Alessandro Safina Azərbaycan paytaxtına bir neçə dəfə gəldiyini, Bakının gözəl və füsunkar şəhər olduğunu, onu daim özünə cəlb etdiyini deyib.
Filip Kirkorov qırmızı xalı üzərindən keçərkən aparıcılar ondan “Jara”ya niyə gec gəldiyinin səbəbini soruşublar. O, sualı belə cavablandırıb: “Diqqətimi festivalın əsas gecəsinə - Alla Puqaçovanın gecəsinə toplayırdım”.
Rus estradasının primadonnası “Jara” səhnəsində
Beləliklə, festivalın üçüncü günü rus estradasının primadonnası, SSRİ Xalq artisti, Rusiya Federasiyası Dövlət mükafatı laureatı Alla Puqaçovaya həsr edilib.
Konsert proqramı İnna Malikova və Aleksandr Revvanın dueti ilə başlayıb.
Oleq Qazmanov, Ani Lorak, Filip Kirkorov, Kristina Orbakayte, Stas Mixaylov, Anjelika Aqurbaş, “Fabrika”, Jasmin, Dima Bilan, Valeri Meladze, Qlyukoza, Loboda, Layma Vaykule, Aleksandr Panayatov və başqaları Alla Puqaçovanın repertuarından sevilən mahnıları səsləndiriblər. Emin “A'Studio” qrupu ilə birlikdə oxuyub.
Azərbaycanın zəngin mədəniyyətə malik ölkə olduğunu, builki festivalın çox möhtəşəm keçdiyini vurğulayan Filip Kirkorov “Na nebe” mahnısını ilk dəfə olaraq Bakı tamaşaçıları qarşısında ifa edib.
Stas Mixaylov bu məkana çox gözəl, xeyirxah insanların toplaşdığını qeyd edib, “Jara”nın ənənəyə çevrilməsini arzulayıb və bu festivalda hər il məmnuniyyətlə iştirak etməyə hazır olduğunu bildirib.
Aparıcı Azərbaycan musiqi sənətindən, bu sənətə bəslənilən ciddi münasibətdən danışıb, bu torpaqda Müslüm Maqomayev, Polad Bülbüloğlu kimi sənətkarlar yetişdiyini vurğulayıb.
Dima Bilan Bakıya, onun gözəl insanlarına qibtə etdiyini bildirib və azərbaycanlı Nigar Camalla duet oxuyub.
Sonra səhnəyə Albina Canabayeva, Alessandro Safina çıxıblar. Emiliya Yaqubova Alla Puqaçovanın repertuarından “Starinnıye çaşı” mahnısını ifa edib. Emin ilə uzun illərdir dostluq etdiyini, “Jara”nın dünya səviyyəsində təşkil edildiyini deyən Vladimir Vinokur görkəmli müğənninin çox sevilən mahnılarından birini səsləndirib.
Maksim Qalkin Alla Puqaçovanın məşhur “Arlekino” mahnısını ifa edərək yüksək qonaqpərvərliyə, bu möhtəşəm tədbirə və gecəyə görə təşkilatçılara təşəkkürünü bildirib, hər dəfə Bakıya böyük həvəslə gəldiklərini deyib.
Daha sonra səhnəyə çıxan Emin və Qriqori Leps Müslüm Maqomayevin repertuarından “Every night, every day” mahnısını oxuyublar. Emin hər kəsi oktyabrın 25-də Moskvada “Crocus City Hall”da Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunacaq tədbirə dəvət edib.
Emin festivalın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də bütün təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.
Nəhayət, tamaşaçıların səbirsizliklə gözlədikləri an: hərarətli alqışlar altında səhnəyə qədəm qoyan Alla Puqaçova “Prosto”, “Ptitsa pevçaya”, “Xoçetsya”, “Sçastlivıye dni” mahnılarını ifa edib, habelə Maksim Qalkinlə birgə “Eto lyubov” mahnısını oxuyub. Alla Puqaçova “Jara”nı gözəl ölkədə gözəl festival adlandırıb.
Gecə iştirakçıların birlikdə ifa etdikləri “Pod odnim flaqom” mahnısı və atəşfəşanlıqla yekunlaşıb.
Dördgünlük “isti”nin sonu: daha bir yaradıcılıq gecəsi
"Jara-2017" Beynəlxalq musiqi festivalının dördüncü - sonuncu günü Rusiyanın Əməkdar artisti Qriqori Lepsin yaradıcılığına həsr edilib.
Konsert zamanı fəxri qonağı - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara”nın aparıcıları Yana Çurokovanın və Maksim Qalkinin suallarını cavablandırıb.
Aparıcı Leyla Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük işlər gördüyünü xatırladıb, bu festivalın əhəmiyyəti barədə onun fikirlərini soruşub.
Leyla Əliyeva deyib: “Bu, çox gözəl festivaldır. Burada o qədər sevgi, o qədər mehribanlıq və şənlik, o qədər gözəl artist və qonaq var ki... Çox böyük sevincdir. Əlbəttə ki, bütün gənclərimizə və qonaqlarımıza təşəkkür etmək istəyirəm. Çünki belə ab-havanı birlikdə yaradırıq. Hamıya təşəkkür edirəm. Qoy hər günümüz belə səadət dolu olsun”.
Gecədə əvvəlcə səhnəni Lev Leşşenko və Jasmin bölüşüblər. Daha sonra Nikolay Baskov səhnəyə çıxaraq festival günlərində Alla Puqaçovanın və Sofiya Rotarunun yaradıcılıq gecələrinin keçirildiyini xatırladıb və onların repertuarlarından mahnılar səsləndirib.
Lolita və Nərgizin ifalarından sonra Eminin Aleksandr Marşalla, Sergey Lazarevin isə Dima Bilanla oxuduğu duetlər gecəyə xüsusi hərarət qatıb. “Jara”da iştirak etməkdən çox xoşbəxt olduğunu deyən Sergey Lazarev növbəti festivalın da möhtəşəm keçəcəyinə əminliyini bildirib.
Sonra səhnəyə Loboda çıxıb. O, Bakıda olmasından, “Jara”nın səhnəsində çıxış etməsindən böyük şərəf hissi duyduğunu bildirib: “Bu dörd gün çox möhtəşəm oldu. Qonaqpərvərliyə görə çox sağ olun”.
Sevilən mahnılarını səsləndirən Vaxtanq Kikabidze keçmiş Sovet İttifaqında Bakı kimi ikinci gözəl şəhərin olmadığını deyib.
Konsertdə Stas Mixaylov, IOWA və MBAND qrupları, Diana Arbenina, Soso Pavliaşvili, Slava da öz mahnılarını oxuyublar. Stas Mixaylov “Jara” festivalında görüşməyin bir ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanlı ifaçılar Miri Yusiflə Röyanın duetindən sonra gecənin səbəbkarı Qriqori Leps tamaşaçıların sürəkli alqışları ilə səhnəyə çıxıb və məşhur hitlərini ifa edib. O, həmçinin Aleksandr Marşal, Soso Pavliaşvili, Diana Arbenina, Dima Bilan, Vladimir Presnyakov, Emin, Valeri Meladze, Sergey Lazarev ilə duetlər oxuyub.
Konsertin sonunda “Jara” festivalının təşkilatçıları Emin, Qriqori Leps və Sergey Kojevnikov səhnəyə çıxıblar.
Emin festivalın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bir daha minnətdarlığını bildirib.
Gecə atəşfəşanlıqla yekunlaşıb.
* * *
Bununla da dörd gün ərzində tamaşaçılara unudulmaz anlar bəxş edən “Jara-2017” Beynəlxalq musiqi festivalı başa çatıb. Bu dörd gündə onlar, sözün əsl mənasında, “Jara”nın hərarətini hiss etdilər, bu musiqi bayramının həyəcanını yaşadılar. Builki festival “Jara”ya təkcə paytaxtımızın sakinlərinin deyil, dünyanın müxtəlif guşələrindən musiqi həvəskarlarının da böyük maraq göstərdiklərini sübut etdi.
Ötən illə müqayisədə festivalın iştirakçılarının sayının artması “Jara”ya marağın yüksək olmasından xəbər verir. Belə ki, əgər keçən il Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlmişdisə, bu il bu rəqəm 800-ü keçdi.
Festival zamanı estrada musiqisi həvəskarlarına bir-birindən maraqlı, unudulmaz axşamlar bəxş edən, sevilən mahnıları səsləndirən məşhur müğənnilər Bakıdan növbəti “isti günlər”də - üçüncü “Jara” festivalında yenidən bir araya gəlmək arzusu ilə ayrıldılar.