Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri ötən həftəsonu (29-30 iyul) paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.
Estrada müğənniləri Aydınçik, İlahə İbadova, Leyla Ramazanlı, Lətafət Məhərrəmli, Mircabbar Mirbabayev, Aynur Əliyeva, Kübra Hüseynova, Rasim Mustafazadə, Mirfərhad Həbibi, Nizami Nikbin, Orxan Hüseynov, Nihat Quluzadə, Səkinə Əhmədzadə, Limberq adına “İqray qarmon” ansamblı, “Nuray” şou qrupu öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıb. Həmçinin, konsertdə “Cəngi” estrada-folklor ansamblının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub.
Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır.
“Retro Bakı” sentyabrın 15-dək hər həftəsonu axşam saatlarında paytaxtın Fəvvarələr meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə şəhər sakinləri və qonaqların görüşünə gələcək.