“Bu gün də bunun reallaşacağına inanırıq. Tək dövlət, tək bayraq altında olmaq şərt deyil, amma nəticə etibarilə bərabər hərəkət etmək, ortaq qərarlar qəbul etmək iqtisadi, siyasi, mədəni işbirliyinin ilk mərhələsidir”
Ali Kınık Türkiyədə və türk dünyasında geniş dinləyici auditoriyası olan istedadlı ifaçılardandır. Adı Azərbaycan dinləyicisinə də yaxşı məlumdur. Məşhur “Qurdlar vadisi” filmi ilə yanaşı bir sıra seriallarda mahnıları səsləndirilib. İfaçı olmaqla yanaşı, həm də yazıçı, şair kimi fəaliyyət göstərir. Esse və şeirləri qəzet və jurnallarda çap edilir. Yaradıcılığında türk dünyası önəmli yer tutur. Onunla söhbətimiz də bu barədə oldu...
- Siz çoxyönlü yaradıcılığı olan sənətçi kimi tanınırsınız: yazıçı, şair, ifaçı. Maraqlıdır, onlar bir-biriləri ilə necə yola gedirlər?
- Zaman-zaman bir-birilərinə yardım edirlər. Bəzən biri digərindən önə çıxır. İnsanlar məni ilk dəfə şair kimi tanıyıblar. Amma son dönəmlərdə ifaçılıq fəaliyyətim daha çox önə çıxdı. Onu da qeyd edim ki, hiss etmədiyim bir şeyi yazmıram. Bəzən kiçik bir hadisədən, yolda yetim bir uşaq görürsünüzsə, ondan belə çox fərqli bir ruh halına gəlirsiniz. Yazmaq üçün bir səbəb olur, əlbəttə. Bəlkə yazmağa başladıqdan sonra nəticə sizin belə təxmin etmədiyiniz nöqtələrə gəlir. Amma bu vəziyyəti bir açar olaraq xarakterizə edə bilərəm.
- Ancaq mənə elə gəlir ki, dildən-dilə gəzən, çevrilən şeirlərinizlə daha çox tanınırsınız. Bildiyim qədər, sizin haqqınızda Hüseyn Nihal Atsız kimi türk milli şairlərinin ruhunu müasir dövrdə ən yaxşı yaşadan şair olduğunuzla bağlı fikirlər də səslənir. Bu fikirlərə münasibətiniz necədir?
- Bilirsiniz, türk şeirinin ənənəvi qəlibləri, formaları var. Bu formaları da biz gələcəyə ötürməyə borcluyuq. Bu, eyni zamanda mənim aldığım təhsillə də əlaqədardır. Divan ədəbiyyatında öyrəndiyimiz klassik türk şeirini, xalq şeirini, təsəvvüf şeirini, türk dünyasının şeirlərini az-çox öyrənməyə, oxumağa çalışmışam. Bunlar da təbii ki, yazdığım şeirlərə təsirsiz ötüşməyib. Türk ədəbiyyatını çoxlu mütaliə etməyimin təsirləri də özünü göstərir. Uşaq vaxtlarımdan çoxlu kitab oxuyardım. Bu isə məni ədəbiyyat sahəsində ayrıca bir istiqamətdə formalaşdırıb. Çünki yazdığınız əsərləri yalnız duyğularınızla yazmağa çalışsanız, kimlərisə təkrar edəcəksiniz. Söz sərhədiniz müəyyən olduğu üçün qəliblərin xaricinə çıxmaq imkanınız olmaz. Bu mənada ədəbiyyat oxumanın mənim üçün bu üstünlükləri oldu. Belə olduqda həm yazdığın şeirləri, həm də esseləri bir üst səviyyəyə çıxarmaq şansınız olur.
- Yəqin ki, ifaçı olmanız da kiminsə təsirindən qaynaqlanır?
- Türk mədəniyyəti çox güclüdür. Uşaqlığımdan bəri türk xalq musiqisi başda olmaqla hər növ musiqini dinləməyə, bu sahədəki yenilikləri izləməyə çalışıram. Gənclik mərhələsinə keçdiyim zaman ifasını çox bəyəndiyim sənətçilər vardı və buna görə də fərqli-fərqli məqamlara toxuna bilərəm. Amma bir sıralama etmək mənim üçün çətindir. Misal üçün, o dövrlərdə olduğu kimi, bu gün də Müslüm Gursəsin çox yaxşı bir sənətkar olduğunu düşünürəm. Türk xalq musiqisinin Aşıq Veysəl kimi şairlərin yaradıcılığını yaxından izləyərdim. Adını çəkmədiyim çox belə sənətçilər var.
- Maraqlıdır, bir sənətkar kimi həyatda missiyanız nədir? Özünüzə nəyi hədəf seçibsiniz?
- Tarixdən aldığımız mədəniyyətin üzərinə bir parça da qoyub gələcək nəsillərə ötürülməsi. Digər tərəfdən, hər bir insanın öz bacarığına görə millətinə bir xidmət borcu var. Biz sənətçilər də öz bacardığımızla millətə xidmət edir, borcumuzu ödəməyə çalışırıq. Atalarımızdan, keçmişimizdən aldığımız mədəniyyəti davam etdirib, özümüzdə olanı da əlavə edərək sonrakı nəsillərə çatdırmaq. Mənim həyat missiyam bundan ibarətdir.
- Türk dünyası, turançılıq məfkurəsinə baxışınız necədir?
- Uşaqlıq illərimizdən bəri fikir dünyamız belə formalaşdı: biz bütün türk dünyasının bir araya gəlməsi xəyalı ilə yaşadıq və bu gün də bunun bir fikir olaraq reallaşacağına inanırıq. Tək bir dövlət, tək bir bayraq altında olmaq şərt deyil, amma nəticə etibarilə bərabər hərəkət etmək, ortaq qərarlar qəbul etmək iqtisadi, siyasi, mədəni işbirliyinin bəlkə də birinci mərhələsidir. Yəni ən azından indilik belə olacaq. Bizim fikir dünyamız budur: dünyanın harasında bir türk varsa, o bizim qardaşımızdır. Dövlətlərin coğrafiyası fərqli ola bilər, amma əsas millətlərdir. Yəni mən məsələyə bu çərçivədən baxıram.
- Siz həm də mahnılarınızı sazla ifa edirsiniz. Bu sahədə özünüzü peşəkar sayırsınızmı?
- Saz bizim üçün çox önəmli bir musiqi alətidir və ona görə də konsertlərdə ifa edirəm. Sazla çoxlu konsertlər vermişəm. Daha sonralar konsertimdə başqa musiqi alətləri ifa edilsə də, mən özüm yenə sazda ifa edirəm.
- Yazıçı kimi hansı mövzulara daha çox müraciət edirsiniz?
- Jurnal və qəzetlərdə esselər yazdım. Amma mövzuları fərqli idi. Məsələn, milli məfkurəni, ideologiyanı əks etdirən məqamlar, bəzən də şəxsi düşüncələrimi əks etdirən yazılar olurdu. Amma son illər işin çoxluğundan yazıçılıq fəaliyyətimi davam etdirə bilmirəm.
- Azərbaycandan hansı şair və ifaçıları tanıyırsınız, yaradıcılığını izləyirsiniz?
- Şairlərdən Şəhriyar, Almas İldırım, Bəxtiyar Vahabzadə, Məmməd Aslan və başqalarını qeyd edə bilərəm. Araz Elsəs, Şəmistan Əlizamanlı kimi sənətçiləri tanıyıram. Onları dinləyirəm və bəyənirəm.
- Repertuarınızda, Azərbaycan da daxil olmaqla, digər türk boylarından olan xalqların mahnısı yoxdur. Türk dünyasını sevən biri olaraq nədən sadəcə Türkiyə türkcəsində ifalar edirsiniz?
- Əgər diqqətlə baxsanız, görərsiniz ki, Türkiyədə də müxtəlif şivələr var. Məsələn, Qara dəniz, Egey və başqa şivələr. Qara dəniz şivəsi ilə ifa etsəm, bu fərqli bir ifa olar. Mən mahnılarımı Türkiyə türkcəsi ilə söyləyirəm. Amma hər kəs bilir ki, son nəticədə turançıyam. Qazaxıstanda da turançı musiqi qrupları var, amma onlar da qazaxca mahnılar oxuyurlar. Məncə, hər kəs olduğu yerdə bunu edərsə, yaxşı olar. Türkiyədə türk millətçiliyi fikrinin yüzillik tarixi keçmişi var. Turançılığın başına hətta Ənvər paşanı daxil edə bilərik. Türk dünyası Sovet İttifaqının işğalı altında olanda da türk milliyyətçiləri hər zaman belə düşünüb. Alparslan Türkeş bu məsələlərə çox hakim idi. Davamlı olaraq türkçülüyü, türk dünyasını xatırladırdı. 60-cı illərdə sovetlərin dağılacağına heç kimin inanmadığı bir vaxtda Hüseyn Nihal Atsız yazırdı ki, Sovet İttifaqı güclü bir boksçudur, amma ürək xəstəliyi olan boksçudur. Nə zaman yıxılacağı bəlli olmaz. Bir gün sovetlər dağılacaq və türk dünyası da müstəqilliyinə qovuşacaq.
- Bəs siz bu gün türk dünyasını necə görürsünüz?
- Türkiyədə 50 ilə yaxın bir dövrdə türkçülüyə bir ictimai, sosial təzyiq olub. Məsələn, Nihal Atsızın mühakimə olunması və s. məqamları göstərə bilərəm. Biz - dünyanın müxtəlif yerlərində yaşayan türklər olaraq eyni millətik. Sadəcə olaraq, eyni millətlərin fərqli dövlətləri var. Məsələn, Azərbaycanın güclü olması Türkiyənin güclü olmasıdır, Qazaxıstanın güclü olması eyni zamanda Türkiyənin də güclü olması deməkdir. Mənim türk dünyası və turançılığa baxışım belədir. Türk dövlətlərinin maraqları həm də bir-birinin marağıdır. Mən heç vaxt Türkiyə ilə digər türk dövləti arasında hansısa problemlər olduğu zaman “Türkiyə qazansın, onun sözü keçsin” deyə, düşünmürəm. Çünki biz eyni millətik. Baş verən proseslər onu göstərir ki, xalqlarımız bir gün real olaraq türk birliyini quracaqlar. Avropa İttifaqı kimi bir təşkilati birlik türk dünyasının da hədəfi olmalıdır.
Mehparə Sultanova
Ankara