Filologiya üzrə fəlsəfə doktoru Nailə Əskər Azərbaycanda ənənəvi xalq oyunları və meydan tamaşalarını geniş tədqiq edib. Onun bu yaxınlarda “İslam coğrafiyası və Azərbaycanda oyunlar” adlı kitabı da işıq üzü görüb.
- Nailə xanım, Azərbaycanda meydan tamaşaları necə yaranıb?
- Meydan tamaşaları musiqi, rəqs, məzhəkə, nəqletmə, yarışma və başqa ünsürlərdən yaranıb. Açıq havada, şəhər meydanlarında, kəndlərdə geniş sahələrdə, karvansaralarda, bazar və küçələrdə göstərilən meydan tamaşaları ənənəvi xalq teatrıdır. Tamaşaçılarla əhatələnmiş sahədə, meydanda oynanıldığı üçün ona “orta oyunu”, yaxud “meydan tamaşası” deyilib. “Meydan tamaşaları” termini altında əsasən Azərbaycanda oynanılan təhkiyəli, süjetli xalq oyunları nəzərdə tutulur. Xalqın özü qədər qədim olan, oyunçu və tamaşaçı arasında səmimi münasibətlər şəraitində göstərilən bu tamaşalar masqarabazlar, nağılçılar, aşıqlar, məzhəkəçilər, kukla oyunçuları tərəfindən inkişaf etdirilərək ənənəvi xalq tamaşalarının özəyini yaradıb. Məişətlə bağlı müxtəlif əyləncələr zaman keçdikcə daha kütləvi xarakter alaraq təkmilləşib, xalq yaradıcılığı xəzinəsinə daxil olub. Meydan tamaşalarının kökləri xalqın məişəti, həyat tərzi, dünyagörüşü, toy və mərasim ənənələri ilə bağlıdır. Əski türklərdə musiqinin müşayiətilə oynanılan kollektiv rəqslər - yallılar bütün növ milli oyunların ilkin örnəkləridir. Aşığın əcdadı, sələfi qam-şaman da öz mərasimlərini musiqinin müşayiəti ilə həyata keçirirdi. Bu vaxt qam-şaman rəqs edir, musiqinin ritminə uyğun olaraq sözlər söyləyirdi. Bu obrazın izləri meydan tamaşalarımızda yaşayır.
- Orta çağlardan yaranmış aşıq məclislərinin önəmi də danılmazdır.
- Elədir. Tamaşaçıların əhatəsində keçirilən ənənəvi aşıq məclislərində sənət etikası naminə onların bəzi qaydalara əməl etmələri vacib idi. Məclisi idarəetmə bu sənət qaydasına görə davam edirdi: meydana girən hər bir aşıq, qədim ənənəyə görə, öncə həqiqətdən başlamalı, bir ustadnamə söyləyərək bununla özünün və ustadının bilik və qabiliyyətini nümayiş etdirməli idi.
Aşıq məclisinin bir başqa qaydası da deyişmədir. 3-5 bəndlik dördlüklərdən ibarət olan bu deyişmədə sənətinə güvənən aşıq başlamaq üçün sözü qarşı tərəfə verir. Şairlik istedadı olmayan aşıq ustadlara məxsus nəsihətnamə, ya da qıfılbənddən başlayırdı.
- Milli tamaşalar həm də canlı ifa, kukla, kölgə oyunu ilə də bağlıdır...
- Qeyd edim ki, Azərbaycanda kukla tamaşalarının ilk örnəkləri sayıla bilən oyunlar bir çox bölgələrimizdə oynanılıb. İslamiyyətdən sonra Kərbəla hadisəsi ilə xalq teatrı faciəli, dramatik məzmunlu yeni bir meydan tamaşası olan şəbihi yaratdı. Şəbih əslində meydanda tamaşaçıların əhatəsində, həm də tamaşaçıların iştirakı ilə oynanılır.
- “Qodu-qodu” adlı bir kukla oyunumuz da var...
- Mərasim tamaşalarından olan “Qodu-qodu” adlı kütləvi xalq oyunu qədim zamanlardan aramsız yağan və əkinə-biçinə ziyan vuran yağışın kəsilməsi üçün keçirilirdi. Oyunda qadın formasında kuklalar düzəldilir və yağışın altında qapı-qapı gəzərək qodunun şəninə nəğmələr oxunur, onu öyürdülər. Onları musiqiçilər müşayiət edirdilər. Qodunu günəşin rəmzi olaraq qırmızı parçaya büküb günəşin çıxmasını, yağışın kəsilməsini arzulayırdılar.
- Xalq oyunlarımız içərisində ayrıca yer tutan masqara tamaşaları haqqında nə demək olar?
- Masqara tamaşaları meydan tamaşalarının tərkib hissəsi kimi həmişə özünə tamaşaçı toplayan qədim oyun növüdür. Bu tamaşaların oyunçusuna “masqaraçı” və ya “masqarabaz” deyilir. Bəzən bu oyuna “lağ oyunu” və ya “lağlağı” da deyiblər. Masqara tamaşaları, bütün dünyada olduğu kimi, komediya, məzhəkə, gülmək və əylənmək üçün olan tamaşa mənasındadır. Masqara tamaşalarında musiqiçilər dəstəsi iştirak edirdi. Tamaşalar dairəvi kiçik meydançalarda göstərilirdi. Tamaşaçılar dövrə vurub otururdular. Öncə zurnada zil oyun havası səslənirdi. İstəyən tamaşaçılar rəqs edirdilər. Sonra zurnanı balaban əvəz edir, məzəli və oynaq rəqs havaları ifa olunurdu. Ardınca dəfin ritmik nəqəratları ilə masqaraçı meydana çıxırdı. Masqaraçı öz söhbətinə başlayırdı. Nəql olunan əhvalat məzhəkə xarakteri daşıyırdı. Canlı, bədahətən yaranan söhbətlər, tamaşaçı və oyunçu arasındakı məzəli dialoqlar bu oyunların əsas mövzusu olurdu. Tamaşaya toplanmış insanların xarici görünüşü, boyu, geyimi və s. müzakirə olunur, məzəli, qafiyəli mətnlər yaranırdı. Masqaraçı bəzən bu yolla müxtəlif insanların naqis cəhətlərinin tipikləşdirilmiş obrazını yaradırdı.
Bu tamaşa oyunçudan hazırcavab olmağı, söz oynatmaq və güldürmək bacarığı tələb edir. Bəzən masqaraya qoyulan tamaşaçı dava-dalaş salmaq istər, köməkçilər onu cəld tutub ağaca sarıyardılar. Bəzi böyük tamaşalarda ağaca 5-6 nəfər sarınardı. Masqarabazı döymək, ona hədə-qorxu gəlmək qadağan idi. Tamaşa bitdikdən sonra ağaca sarınanları açar, masqarabazla barışdırardılar. Masqarabazlar ağaca adam sarımaqdan çəkinərdilər. Məcbur olmasalar, bu üsula əl atmazdılar. Çox vaxt masqaraya qoyulan tamaşaçının bundan xoşlanmadığını hiss edib, mövzunu və obyekti dəyişməyə çalışardılar.
Masqarabazlar meydana ayrıca geyimdə çıxardılar: xələtləri, əbaları allı-güllü olar, bellərinə qurşaq bağlayar, ayaqlarına yüngül məst geyərdilər. Bir çox masqarabazlar başlarını ülgüclə qırxdırar, alınlarında kəkil saxlayardılar. Masqara tamaşaları əyləncə tamaşaları içərisində ən qədimi hesab olunur. Gülüşün bir çox elementini özündə birləşdirən bu tamaşalar zamanla müxtəlif səbəblərdən təlxəklər, məzhəkəçilər tərəfindən mənimsənilib.
- Bəs indiki komediya tamaşaların kökü olan qaravəllilər, məzhəkələr?..
- Orta çağlarda Azərbaycanda toy-nişan mərasimlərində, dastan-nağıl məclislərində qaravəllilər söylənərdi. Qabaqlar varsaqlar, sonralar aşıqlar bir qədər nəfəs dərib dincəlmək üçün qaravəllilərdən istifadə edirdilər. Bu oyun tipi əsrlərdən keçərək müəyyən estetik səciyyəli meydan tamaşaları kimi formalaşıb.
Məzhəkə qədim oyun növlərindən biridir. Biçimcə xalq tamaşalarının hamısından daha bitkin və çevikliyi ilə fərqlənən məzhəkələrin oyun prinsipi daha çox improvizəyə bağlıdır. Bu tip oyun-tamaşalarda kobud, şit zarafatlara, əndazəni aşmış atmacalara və intim epizodların şişirdilməsinə üstünlük verilirdi. Məzhəkələrdə əsasən mənfi xarakterli, əməli qüsurlu, əxlaqi naqis, davranışları yersiz insanlar gülüş hədəfinə tutulur, cəhalət, kütlük, biganəlik və digər insana xas olmayan hallar tənqid edilirdi.
- “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” bir xalq məsəlidir, maraqlıdır ki, bu həm də oyundur.
- Bu tamaşa beş fərqli dekorasiya ilə hazırlanan qarışıq süjetli meydan tamaşasıdır. Burada başqa ölkədən gəlmiş iki qardaş becərmək üçün icarəyə əkin yeri götürürlər. Əkin, suvarma, biçin, xırman vaxtı kiçik qardaş həmişə “xəstələnir”. Bütün işlər böyük qardaşa qalır, üstəlik, “xəstə” qardaşa qayğı göstərmək də lazım gəlir. Taxıl bölündüyü zaman kiçik qardaş öz payını istəyir, amma böyük qardaş onu ifşa edərək pay vermir. Həm komik, həm də düşündürücü, tamaşaçıya ayrıca ismarış verən bu tamaşa quruluşca və səhnə tərtibatına görə mürəkkəb meydan tamaşasıdır. Hər səhnədə dekorasiyalar dəyişir, bəzən cüt, bəzən ağacdan hazırlanmış öküz müqəvvası qoyurlar, bəzən də səhnədə öküzləri təmsil etmək üçün insanları xüsusi formada geyindirirlər. Oyunçuların xarici görünüşü komikdir, tamaşaçı onları görən kimi gülməyə başlayır. Onların paltarlarına nal, çömçə və s. asılır, başlarına balqabaq qoyulur. Üzlərinə un vurulur, paltarlarının altından yastıq qoyub üstdən örkənlə sarıyırlar. Tamaşa başlamazdan öncə məclisi idarə etmək üçün bir nəfər toyağası seçilir. O, asayişi qorumaq üçün özünə köməkçilər seçir. Bütün səhnə dekorasiyaları və oyunçuların geyindirilməsi onların işidir. Bu tamaşa geniş meydanda keçirilirdi, tamaşaçılar dairəvi şəkildə cərgə ilə yerdə oturub seyr edirdilər.
S.Qaliboğlu