Heydər Əliyev Fondunun musiqi sənəti sahəsində ən böyük layihələrindən olan və 2009-cu ildən ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq dünyanın musiqi tədbirləri təqvimində öz yerini tutub. Müxtəlif ölkələrdən nüfuzlu musiqi xadimlərinin, tanınmış kollektivlərin iştirak etdiyi festival Azərbaycan və dünya musiqisi incilərinin səsləndiyi sənət bayramıdır.
   
   İyulun 29-dan avqustun 3-dək davam edən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı da proqramının zənginliyi, tanınmış iştirakçıları ilə yadda qaldı. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən festivalda Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, Litva və Sloveniyadan dirijor və musiqiçilər, bədii kollektiv və solistlər iştirak edirdi.
   
   Böyük Britaniyanın “FeMusa” kamera orkestrinin konserti
   
   Avqustun 1-də festival çərçivəsində növbəti konsert proqramını Böyük Britaniyanın “FeMusa” kamera orkestri təqdim edib.
   Qeyd edək ki, 2008-ci ildə istedadlı qadın musiqiçilər tərəfindən təşkil olunan “FeMusa” orkestrinin bədii rəhbəri Böyük Britaniyada yaşayan soydaşımız, beynəlxalq müsabiqələr laureatı Nəzrin Rəşidovadır. Orkestrin repertuarına ənənəvi Qərb musiqisi ilə yanaşı, nadir və aztanınan əsərlər daxildir. 
   Kollektiv Qəbələ festivalının səhnəsində A.Vivaldi, E.Elqar, P.Uarlok, P.Levis, E.Bloq, K.Cenkins, F.Əmirov və Q.Qarayevin əsərlərini səsləndirib. Tamaşaçılar orkestrin hər bir çıxışını hərarətlə alqışlayıblar.
   
   “Qəbələdə belə möhtəşəm auditoriya ilə qarşılaşacağımı gözləmirdim”
   
   İyirmi yeddi ildir ki, Londonda yaşayıram. “FeMusa” kamera orkestrini də 2008-ci ildə orada təşkil etmişəm. İlk dəfə Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvət almışam. Festival çox yüksək səviyyədə təşkil edilib.
   Bu sözləri “FeMusa” kamera orkestrinin bədii rəhbəri, gənc azərbaycanlı musiqiçi Nəzrin Rəşidova deyib.
   O, rəhbərlik etdiyi kamera orkestrində 11 ölkədən gənc qızların təmsil olunduğunu və onların Qəbələ festivalında uğurla çıxış etdiyini bildirib: “FeMusa”nın musiqiçiləri burada bacarıqlarını nümayiş etdirdilər. Qəbələdə belə möhtəşəm tamaşaçı auditoriyası ilə qarşılaşacağımı, böyük diqqət görəcəyimi təsvir etmirdim. Festival yüksək səviyyədə təşkil olunub, buna görə də təşkilatçılara təşəkkür edirəm”.
   Musiqi qrupunun fəaliyyətindən danışan Nəzrin Rəşidova bildirib ki, orkestr ənənəvi Qərb repertuarı ilə birlikdə daha az tanınan əsərləri də səsləndirərək, multikultural aspektləri inkişaf etdirirlər. “FeMusa” 1950-ci ildən sonra Londonda yaradılan ilk qadın orkestridir.
   
   Üç ölkənin tanınmış musiqiçiləri səhnəni bölüşüblər 
   
   Qəbələ festivalı hər il müxtəlif ölkələrin tanınmış musiqiçilərini bir araya gətirməklə bərabər, eyni zamanda ölkəmizdə multikultural dəyərlərə böyük önəm verilməsinin bir göstəricisidir. Festivalın proqramına uyğun olaraq avqustun 1-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin zalında Azərbaycan, İsrail və ABŞ musiqiçilərinin konserti olub. 
   Uğurla reallaşan növbəti kamera konserti də maraqlı ifalarla yadda qalıb. Bir səhnədə yer alan tanınmış musiqiçilər - Azərbaycan Dövlət Filarmoniyasının direktoru, professor Murad Adıgözəlzadə (piano), Yerusəlim Simfonik Orkestrinin (İsrail) konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman, festivalın bədii rəhbərlərindən biri, “Kiyev virtuozları” Orkestrinin musiqi rəhbəri, Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski, Təl-Əvivdəki “Buchman-Mehta” Musiqi Akademiyasının müəllimi, valtorna ifaçısı Mixail Slatkin konsertdə İohannes Bramsın, Fikrət Əmirovun, Sergey Raxmaninovun unudulmaz əsərlərini ifa ediblər.
   Həmçinin konsertdə Azərbaycanın gənc pianoçuları Səidə Tağızadə, Elxan Niftiyev və viola ifaçısı Rəna Rəhimova Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Musiqi axşamı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   
   Festivalın daha bir konserti İsmayıllıda gerçəkləşib
   
   Qəbələ festivalı, ənənəsinə sadiq qalaraq, qonşu rayonların sakinlərinə də yaddaqalan musiqi axşamları bəxş edir. İyulun 29-da festival çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər kamera orkestri Qax şəhərindəki “İçəribazar” Turizm və mədəniyyət mərkəzində çıxış etmişdi.
   Avqustun 1-də isə orkestr İsmayıllı rayonundakı “Talıstan forest” istirahət mərkəzində konsert proqramı təqdim edib.
   Açıq səhnədə çoxsaylı tamaşaçıların izlədiyi konsertdə orkestri Əməkdar incəsənət xadimi, dirijor Fuad İbrahimov idarə edib. Konsertdə P.Sarasatenin “Navarra”, Azərbaycan xalq mahnıları “Gəl bizə”, “Sarı gəlin” və “Qaragilə”, A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, F.Bədəlbəylinin “Dəniz” simfoniyası, Q.Qarayevin “İki rəqs”, Niyazinin “Qaytağı”, F.Əmirovun “Nizami”, L.Andersonun “Plink, Plank, Plunk” əsərləri səsləndirilib.
   Konsertin sonunda musiqiçilərə təşəkkür edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ənənəyə çevrilən Qəbələ festivalının mədəniyyətlərarası inteqrasiyada əhəmiyyətindən danışıb və növbəti festivallar çərçivəsində İsmayıllıda daha geniş konsertlərin təşkil ediləcəyinə ümidvar olduğunu bildirib.
   
   Gənc istedadlar tamaşaçılara unudulmaz anlar yaşadıb
   
   IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-də təşkil olunan növbəti kamera konserti də maraqlı ifalarla yadda qalıb.
   Səhnəyə çıxan Azərbaycanın gənc musiqiçiləri - beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü, hazırda İtaliyanın Ozimo şəhərində təhsil alan Məhərrəm Hüseynov (bariton), İtaliyanın Milan şəhərindəki “La Scala” Akademiyasında təhsilini davam etdirən Azər Rzazadə (tenor), “La Scala” Akademiyasının uşaq xorunun üzvü olan 9 yaşlı italiyalı Canluicci Sartori (tenor) və Y.Obraztsova adına Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova (soprano) S.Raxmaninov, C.Puççini, G.Hendel, A.Məlikov, A.Zeynallı və F.Bədəlbəylinin unudulmaz əsərlərini ifa ediblər.
   Musiqiçiləri pianoda beynəlxalq müsabiqələrin qalibi, Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetinin məzunu Müşfiq Quliyev müşayiət edib.

   Simfonik orkestr Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib
   
   Avqustun 2-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında qurulmuş açıq səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.
   Möhtəşəm musiqi axşamında orkestri dirijorlar - Xalq artisti Rauf Abdullayev və Əməkdar incəsənət xadimi Fuad İbrahimov idarə ediblər. Konsertdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə (piano), Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova (piano), Sloveniyanın Lyublyana Musiqi Akademiyasının professoru Moyka Zlobko Vayql (arfa), İtaliyanın Emilya Romanya festivalının bədii rəhbəri Massimo Merçelli (fleyta) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. 
   Festivala avqustun 3-də Qəbələ səhnəsində daha bir musiqi proqramı və bağlanış konserti ilə yekun vurulub.