Türk dünyası musiqisinin ortaq səsi - TÜRKSOY Gənclik Xoru Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin musiqi tədrisi müəssisələrindən seçilmiş 35 üzvü ilə Ankarada məşqlərə başlayıb.
2015-ci ildə qurulan və elə qurulduğu ildə də qatıldığı Avropa Xor Oyunları müsabiqəsində 3 qızıl medal qazanaraq, türk respublikalarında qürur mənbəyinə çevrilən gənc sənətçilərdən ibarət kollektivə bu il yeni üzvlər daxil olub.
İyulun 31-də TÜRKSOY-un Ankaradakı baş qərargahında düzənlənən toplantıda qurumun baş katibinin müavini Fırat Purtaş xor heyəti ilə görüşdü. Görüşdə o, həmçinin heyətin planlaşdırılan tədbirləri haqqında məlumat verdi.
Kollektivə yeni qatılan üzvlərin çox qısa bir dövrdə bir-biriləri ilə qaynayıb-qarışacaqlarına və xorun əvvəlki uğurlarını davam etdirəcəklərinə inamını dilə gətirən F.Purtaş xorun bu il minlərlə tamaşaçının izlədiyi Etimesqut Anadolu festivalında açılış konsert proqramı ilə çıxış edəcəyini bildirdi. Bununla yanaşı, TÜRKSOY-un baş katibinin müavini kollektivin çıxışlarından ibarət albom yazdıracaqlarını da qeyd etdi.
Söhbət əsnasında xorun qala-konsertinin 14 avqusta planlandığı açıqlandı. Bildirildi ki, konsert Qazaxıstanın tanınmış bəstəkarı Baktıcan Baikadamovun anadan olmasının 100 illiyinə ithaf ediləcək.
Türk dünyasının müxtəlif ölkələrindən gələn ifaçılar arasında dostluq və işbirliyinin inkişafı məqsədilə həyata keçirilən layihələrin son dərəcə məhsuldar keçdiyini vurğulayan F.Purtaş TÜRKSOY Gənclik Kamera Orkestrinin bu günlərdə uğurla gerçəkləşən Balkan turnesi haqqında da xor üzvlərinə məlumat verdi.
Mehparə Sultanova
Ankara