Avqustun 15-dən 20-dək Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu, Çin Hava Yolları, “Hertz Azerbaijan” və “My Way Travel” şirkətlərinin dəstəyi ilə Çinin sosial media jurnalistləri və bloqqerlərinin Azərbaycana səfəri təşkil edilib.
   Səfərin məqsədi Azərbaycan turizm potensialını nümayiş etdirərək ölkəmizi yeni hədəf bazarlarında tanıtmaq və daha çox turist cəlb etməkdir. 
   Qonaqlar Bakının və regionların gözəl guşələrini, tarixi yerlərini gəzib, milli təamlardan dadıb, yerli adət-ənənələrlə tanış olublar. Onlar ölkəmizlə tanış olarkən sosial media vasitəsilə birbaşa efirə çıxıb, izləyiciləri ilə fikirlərini bölüşüblər. Azərbaycan haqqında sosial mediada yayımlanan bu efirlər və yazılan statuslar Çində böyük maraqla qarşılanır.
   Qeyd edək ki, 2016-cı ildə 135 milyon çinli turist xarici ölkələrə səfər edib.