Fatma Şahin: “Daha çox bir araya gəlməyimiz, dəyərlərimizi paylaşmağımız lazımdır”
Bir sıra özəllikləri ilə Türkiyə şəhərləri içərisində xüsusi yer tutan Qaziantepdə hazırda iqtisadiyyat, şəhərsalma, sənayenin müxtəlif sahələri ilə yanaşı mədəniyyət və turizm də inkişaf etdirilir. Bunu şəhərdə aparılan quruculuq-abadlıq işlərindən, mədəniyyət abidələrinin qorunaraq gözəl şəkildə təqdim olunmasından da aydın görmək olur. Bu barədə daha ətraflı məlumat almaq üçün Türkiyənin sabiq ailə və sosial siyasət naziri, Qaziantep Böyükşəhər Bələdiyyəsinin hazırkı başqanı Fatma Şahin ilə söhbət etdik.
- Fatma xanım, Türkiyədə böyükşəhər bələdiyyə başqanı vəzifəsini tutan yeganə qadınsız. Böyük şəhərdə belə bir vəzifəni həyata keçirmək hər halda həm də böyük məsuliyyətdir...
- Bu vəzifəyə gələnə qədər xeyli təcrübə toplamışam. Ali məktəbi bitirdikdən sonra 15 il mühəndis kimi fəaliyyət göstərmişəm. 2002-ci ildə isə doğulub boya-başa çatdığım Qaziantepdə bugünkü hakim partiyanın - Ədalət və İnkişaf Partiyasının qurucusu olmuşam. Elə həmin il şəhərdən Türkiyə Böyük Millət Məclisinə (TBMM) ilk qadın millət vəkili seçildim və üç dönəm bu vəzifəni daşıdım. Millət vəkilliyimin son dönəmində isə Türkiyədə yeni qurulan Ailə və Sosial Siyasət Nazirliyinə rəhbərlik etdim. Nazir kimi cavabdeh olduğum sahələr qadın və uşaqların, əlil insanların hüquqları kimi bir çox önəmli məsələlərlə bərabər, sosial yardım, şəhid yaxınları və qazilərə (müharibə veteranlarına) dəstək və s. məsələləri əhatə edirdi. Üç il yarım bu vəzifədə çalışdım. Bu müddət ərzində dörd önəmli qanunu bütün partiyaların səsverməsi ilə TBMM-də qəbul etdirə bildik. Sonra isə partiyamız tərəfindən bələdiyyə seçkilərində Qaziantep bələdiyyə başqanlığına namizəd göstərildim və bu vəzifəyə seçildim. Ankara təcrübəm, mühəndisliyim, özəl sektordakı təcrübəm mənim bu işin öhdəsindən gələ bilməyimlə bağlı bir qənaət yaradırdı.
- Burada vəzifə fəaliyyətinizə başladıqda ilk olaraq özünüz üçün hansı hədəfləri müəyyənləşdirdiniz?
- Öncə xalqdan, insanlardan soruşduq ki, onlar nə istəyir və ona görə bir fəaliyyət planı qurduq. Daha doğrusu, iki fəaliyyət planı - təcili və uzunmüddətli - hazırladıq. İkincinin əsas hədəfi belə idi: Qaziantep 2030-cu ildə necə bir şəhər olacaq və şəhərləşmə necə baş verəcək. Öncə ən böyük problem nəqliyyat idi. Çünki şəhər çox böyüdü, əhali sayı artdı. Yerli əhali ilə yanaşı, burada mühacirlər də yaşayır. Rifah yüksəlincə maşınların sayı da yüksəldi. Amma hər şeyin əsasında insan faktoru dayanır. Biz bu işləri “İnsanı yaşat ki, dövlət yaşasın, insanı ucalt ki, dövlət ucalsın” prinsipi ilə nəzərdən keçirəndə hər bir insanı əhatə edəcək şəkildə - həm böyük, həm də kiçik layihələrlə - bütün sahələrdə iş görməyə çalışdıq. Məsələn, indi Qaziantepdə 15 min tələbə üçün yaz kursları keçirilir. Bu kurslarda mədəniyyət və incəsənətlə bağlı dərslər də tədris edilir. Ümumiyyətlə, hər dönəmə uyğun şəkildə mədəni və sosial fəaliyyətlər həyata keçiririk. Məsələn, açdığımız pulsuz sənət kurslarına bu vaxta qədər 70 min qadın gəlib. Bu kurslar 60 sənət növünü əhatə edirdi.
- Fatma xanım, Qaziantep həm də bütün dünyada öz mətbəxi ilə tanınır və bu sahədə UNESCO-nun siyahısına da daxil edilib. Bu baxımdan şəhərdə mədəniyyət və turizm sahəsində aparılan işlər haqqında nə deyə bilərsiniz?
- Bu sahələrdə də yenə də eynilə araşdırma apardıq və bu suallara cavab axtarmağa çalışdıq: şəhərin mədəniyyət sahəsində rəqabət gücü necədir, bu sahədə nəyi önə çıxarmalı?
Bu istiqamətdə ilk hədəfimiz arxeologiya oldu. Çünki Qaziantepdə 5 antik şəhər məkanı var. Dünyanın ən böyük mozaika muzeyi də Qaziantepdədir. Dünyanın ən böyük açıq hava muzeyi və Zeugma Mozaika Muzeyi hazırda UNESCO-nun keçici siyahısında yer alır. Şəhərin ən qədim qalalarından olan Rum qalasının arxeoloji parkının restavrasiyasını tamamladıq. Ən önəmli dəyərlərimizdən birinin də mətbəx olduğunu gördük. Bununla bağlı təqdimat hazırlayıb UNESCO-ya müraciət etdik. Nəticədə Türkiyədən “Yaradıcı şəhərlər siyahısı”na daxil olan ilk şəhər olduq. Artıq iki ildir ki, mətbəximiz beynəlxalq qurumda təmsil olunur. Bunun davamı olaraq yerli mətbəx sənətləri ilə bağlı bir akademiya yaratdıq. Akademiyada Qaziantep mətbəxinin sirlərini öyrədən xüsusi kurslar keçirilir və sertifikatlar verilir. Bir sözlə, bu sahə üzərində gərgin şəkildə çalışırıq. Bundan başqa, küçələrin də düzənlənməsi üzrə layihəmiz var ki, bura da karvansaralar, hamamlar, muzeylər daxildir.
- Türkiyə dünyada bir turizm ölkəsi kimi tanınır. Maraqlıdır, bu sahədə Qaziantep hansı üstünlüyə malikdir? Məsələn, hansı turizm növünün inkişafına önəm verirsiniz?
- Turistlər şəhərimizə böyük maraq göstərirlər və biz də bunu təşviq edirik. Hazırda “Qaziantepə gəlmə zamanı” adlı bir kampaniyaya başlamışıq. Avropanın ən böyük zooparkı bizim şəhərdə yerləşir. Bu zoopark böyüklüyünə görə dünyada üçüncü yerdədir. Bu günə qədər zooparkı 1 milyon yarım turist ziyarət edib. Bu rəqəmi 3 milyona çatdırmaq istəyirik. Məqsədimiz sənaye və ticarətin yanına mətbəx və arxeologiya, mədəni turizmi də qoyub inkişaf etdirmək və tanıtmaqdır. Turizmin növlərinə gəlincə, mədəniyyət turizmi çərçivəsində ən böyük gücümüz arxeoloji turizmdir. Bununla bağlı Avropa Birliyi ilə birgə proqramımız var və o, davam edir. Böyük İpək Yolunun böyük bir qolu vaxtilə bu bölgədən keçib. Burada müxtəlif dinlərə mənsub xalqların yanaşı yaşadığı, ticarət etdiyi bir İpək Yolu mövcud olub. Bu yola Azərbaycan da daxil olub. Beləliklə, biz şəhərin həm rəqabət aparma gücünü, həm də gələcək vizionunu arxeoloji turizm üzərindən planlayırıq.
- Fatma xanım, Türkiyənin şəhərləri özünəməxsus festivalları ilə məşhurdur. Bu tədbirlər həm də bir növ turizmin təbliğidir. Bu mənada Qaziantep hansı önəmli məhsulunu və ya ənənəsini festivala çevirə bilib?
- İllərdir ki, “Fıstıq festivalı” keçiririk. Festivalda ən yaxşı fıstıq istehsalçısı, fıstıqlı yemək müsabiqələri kimi proqramlar olur. Bu məhsuldan yemək, ləziz şirniyyatlar hazırlanır. Yəni məşhur Qaziantep fıstığı həm süfrəmizi zənginləşdirir, həm də şəhər iqtisadiyyatına töhfə verir. Biz də bu festivallar yolu ilə şəhərimizin turizm baxımından daha da tanınmasına dəstək veririk. Gələn il böyük kulinariya festivalı keçirməyi planlaşdırırıq. Bu tədbirdə də məşhur Qaziantep mətbəx nümunələri təqdim olunacaq.
- Yeri gəlmişkən, ən çox turist hansı ölkədən gəlir?
- Qaziantepə dünyanın, demək olar ki, hər yerindən turist gəlir. Bəzi ölkələrin turistlərini dəniz, qum maraqlandırırsa, digərlərini arxeologiya, tarix cəlb edir ki, onlar da bizim şəhərə üz tutur. Arxeoloji sahəyə Çin, Cənubi Koreya və Yaponiya turistləri xüsusilə maraq göstərir. Bu ölkələrin turistləri ən çox tarixi yerləri ziyarət etmək istəyirlər. Qaziantepdə belə yerlər çoxdur. Biz tarixi zənginliyi olan gözəl şəhərimizdə Azərbaycan turistlərini də gözləyirik.
- Azərbaycandan söz düşmüşkən, bildiyim qədər, siz nazir olarkən bizim ölkəyə səfər etmisiniz. Gələcəkdə hansısa işbirliyi qurmağı düşünürsünüzmü? Məsələn, elə götürək qardaş şəhərlər layihəsi üzrə...
- Mən nazir olmazdan öncə, millət vəkili olduğum dönəmlərdə də Azərbaycanı ziyarət etmişəm. O zaman TBMM-də Azərbaycan-Türkiyə dostluq qrupu sədrinin müavini idim və buna görə də tez-tez Azərbaycana gedirdim. Partiyamızın qadın təşkilatının sədri olduqda isə Azərbaycan və Türkiyə millət vəkilləri ilə birgə layihələr həyata keçirdik. Azərbaycanda qadın deputat rəfiqələrim var. Nazir olarkən də ilk anlaşmanı Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə imzaladıq. Qarşılıqlı səfərlər edir, ortaq layihələri müzakirə edirdik. Bir məqamı da vurğulamaq istəyirəm ki, 15 illik siyasi həyatımın hər bir mərhələsində Azərbaycan mənim üçün xüsusi yer tutur. “İki dövlət - bir millət” ifadəsi münasibətlərimizin təməl prinsipidir. İki ölkə ən çətin zamanda bir-birinə dəstək verib. Bunu gördüyüm üçün azərbaycanlı qardaşlarımıza qarşı böyük məhəbbət hiss edirəm. Gələcəkdə Azərbaycanın bir şəhəri ilə qardaşlaşmağı da planlaşdırırıq. Düşünürəm ki, daha çox bir araya gəlməyimiz, dəyərlərimizi, zənginliyimizi paylaşmağımız lazımdır.
Mehparə Sultanova
Ankara