Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başlayıb 
   
   Avqustun 22-də Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başlayıb. Sayca üçüncü olan bu mərkəzlərdən birincisi İçərişəhərdə, ikincisi Heydər Əliyev Beynəlxalq Aeroportunun “Duty Free” zonasında yaradılıb.
   Dəmir yolu nəqliyyatı ilə ölkəmizə səfər edən turistlərin sayının sürətlə artması nəzərə alınaraq, üçüncü mərkəzin məhz Bakı Dəmir Yolu Vağzalının ərazisində yaradılması qərara alınıb.
   Mərkəz xüsusi dizayn əsasında hazırlanıb, divarları şəbəkə ilə işlənilib. Burada Azərbaycanın müxtəlif regionlarından nəfis əl işləri, turistlərin böyük maraq göstərdikləri bal və mürəbbə kimi ərzaq məhsulları təqdim olunur. Burada təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.
   “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, təşəbbüskarı Prezident İlham Əliyev olan layihə gündən-günə genişlənir. “ABAD” sərgi-satış mərkəzlərində alıcıların əksər hissəsini xarici turistlər təşkil edir. Bunu statistika da sübut edib: “Məhsullarımızın 90 faizinin alıcıları xarici turistlərdir. Üçüncü mağazanın Bakı Dəmir Yolu Vağzalında açılması bu nəqliyyatla səyahətə üstünlük verən turistlərin sayının artması ilə əlaqədardır. Hazırda bizim sərgi-satış mərkəzlərində 135 ailənin istehsal etdiyi əşyalar təqdim olunur. Planlaşdırırıq ki, bu şəbəkəni daha da genişləndirək. Əsas hədəfimiz isə beşulduzlu hotellərdir. Xarici turistlərin buna çox böyük marağı var. Misgərlik məmulatları, şüşənin üzərində işlənən məhsullar daha çox turistlərin marağına səbəb olur”.
   Qeyd olunub ki, paytaxtdakı üç “ABAD” sərgi-satış mərkəzində 130 ailənin 1650 adda 5000-dən çox sənət nümunəsi, 9 ailənin isə 40 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb.
   Ölkə başçısının 2016-cı il 23 sentyabr tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb.
   “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə biznesinə dəstək göstərməkdir.
   Hazırda “ABAD”ın Masallı və Balakən rayonlarında regional mərkəzləri, Bakı şəhəri üzrə üç sərgi-satış mərkəzi fəaliyyət göstərir.