2017-ci ilin ötən dövrü ərzində Şəkinin Kiş kəndində yerləşən qədim alban məbədini 10 minə yaxın turist ziyarət edib. Gələnlərin 4300 nəfəri xarici turistlər olub. Onların arasında Rusiya, İspaniya, İtaliya, Almaniya və ərəb ölkələrindən gələnlər üstünlük təşkil edib.
Bu barədə Kiş Tarixi-memarlıq qoruğunun direktoru İlhamə Hüseynova məlumat verib.
Kiş məbədi ilin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin rəsmi qonaqların, beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biridir. Eramızın birinci əsrində qurulan məbəd Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Abidə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa olunub və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü də qoyulub.
Məbədin yerləşdiyi ərazidə 2003-cü ildə Kiş Tarixi-Memarlıq Qoruq-Muzeyi yaradılıb. 2009-cu ildə isə muzeyə ayrıca qoruq statusu verilib.