Alman-Azərbaycan Ziyalılar Birliyi xalqımızın dəyərlərini, tarixi-mədəni irsimizi təbliğ edir
   
   Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində, təbliğində mədəniyyət amili mühüm rol oynayır. Son illər xarici ölkələrdə davamlı olaraq təşkil edilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində rəssamlarımızın sərgiləri, musiqiçilərimizin konsertləri, filmlərimizin nümayişi, digər tədbirlər mədəniyyətimizin daha geniş coğrafiyada tanınmasına imkan yaradır. Milli mədəniyyət və incəsənətin dünyada təbliği yolunda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu misilsiz işlər görür.
   Ölkəmizdə ənənəvi olaraq keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu və digər əhəmiyyətli tədbirlər də dünya ilə mədəni əlaqələrin inkişafı üçün əlavə perspektivlər açır. Son illər Azərbaycanın diaspor təşkilatları və xarici ölkələrdəki səfirliklərimiz də milli mədəniyyətimizin dünyaya inteqrasiyasına, müxtəlif ölkələrlə mədəni əlaqələrin dərinləşməsinə töhfə verir.
   Bu cəhətdən Almaniya ilə əlaqələrin inkişafı da təqdirəlayiqdir. Bu ölkədə fəaliyyət göstərən Alman-Azərbaycan Ziyalılar Birliyi (AAZB) də bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. Bakıda səfərdə olan qurumun rəhbəri Naibə Şirinova ilə görüşümüzdə birliyin fəaliyyətinə toxunduq. Həmsöhbətim öncə Bakıya gəlişinin məqsədi barədə danışdı:
   
   - Bakıda bir sıra sənət adamları və ictimai xadimlərlə görüşdüm. Bəzi tədbirlərin, konfrans və görüşlərin keçirilməsi barədə müzakirələr apardıq. Həmçinin fiziki məhdudiyyətli soydaşlarımıza əlil arabaları və əsa hədiyyə etdik. 
   - Naibə xanım, rəhbərlik etdiyiniz Alman-Azərbaycan Ziyalılar Birliyi nə vaxtdan fəaliyyət göstərir və cəmiyyətin əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
   - Alman-Azərbaycan Ziyalılar Birliyi altı ildir fəaliyyətdədir. Cəmiyyətimiz həmyerlilərimizi öz ətrafında birləşdirib. Əsas məqsədimiz iki ölkə arasında mədəni əlaqələri genişləndirmək, dostluq münasibətlərini gücləndirmək, Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı, adət-ənənələrimiz, mətbəximiz haqqında alman ictimaiyyətinə mütəmadi məlumat verməkdir.
   Bu məqsədlə Berlin şəhərində fəaliyyət göstərən ALEX televiziya kanalında ayda bir dəfə ana dilimizdə birsaatlıq “Vətənim” (“Mein Land”) adlı teleproqramımız efirə gedir. Verilişdə Azərbaycanın tarixi şəxsiyyətləri, mədəniyyəti, ölkəmizdə yaşayan azsaylı xalqların həyatı barədə geniş məlumatlar yer alır. Ümumiyyətlə, təşkilat tərəfindən Almaniyada keçirilən tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti tanıdılır. Eyni zamanda alman dilində Qarabağ həqiqətləri, Xocalı soyqırımı, tarix və mədəniyyətimizə aid kitablar paylanılır və videoçarxlar nümayiş etdirilir. Ən başlıcası isə, imkanlarımız daxilində soydaşlarımızla daha sıx əlaqələr yaradıb onları bir çətir altında birləşdirməyə çalışırıq. 
   
   - Almaniyada Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirirsiniz? Diaspor təşkilatlarımız arasında həmrəylik mövcuddurmu?
   - Almaniyanın bir çox şəhərlərində Azərbaycan dərnəkləri, diaspor təşkilatları mövcuddur. Bu təşkilatların hamısının məqsədi Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımını tanıtmaq və alman ictimaiyyəti ilə sıx əməkdaşlıq əlaqələri yaratmaqdır. Ümumiyyətlə, hər bir azərbaycanlının burada bir məqsədi var: Vətənimizi layiqincə təmsil etmək və daha yüksək nailiyyətlər əldə etmək.
   
   - Həmvətənlərimiz tərəfindən milli adət-ənənələrimiz nə dərəcədə qorunub saxlanılır?
   - Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi, mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərlərimizi qorumaq hər birimizin borcudur. Gənclərimizin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi, milli-mənəvi, əxlaqi dəyərlərə, adət-ənənələrimizə sahib çıxmasını diqqətdə saxlayırıq. Milli bayramlarımızı hər il qeyd edirik, bütün evlərdə Novruz şirniyyatları hazırlanır, yumurtalar boyanır, səməni cücərdilir.
   
   - Almaniyadakı türk diasporu, digər diaspor qurumları ilə əlaqələriniz necədir?
   - Türk diasporları ilə yanaşı, Rus Mədəniyyət evi ilə, cənublu soydaşlarımızla da sıx əməkdaşlıq əlaqələrimiz var. AAZB Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət evi ilə birgə uşaqlar üçün Azərbaycan dili kursları, rəqs, rəsm və teatr kursları təşkil edir. 
   9 may - Qələbə günü münasibətilə Rus Mədəniyyət evi ilə birlikdə tədbir hazırladıq. II Dünya müharibəsi illərində Azərbaycan xalqının və Bakı neftinin rolu haqda geniş məlumat verildi. Qardaş ölkədən olan türklərlə birgə 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı tədbirlər və görüşlər təşkil edirik.
   
   - Bildiyimə görə, Azərbaycanın tanınmış ziyalıları ilə görüşləriniz də olur...
   - Xalq yazıçısı Çingiz Abdullayevlə görüş təşkil etmişik. Bu görüşdə Almaniyanın tanınmış elm adamları və yazarları da iştirak edirdilər. Almaniyada yaşayan yazıçı-publisist Vüqar Aslanovun alman dilində nəşr etdirdiyi “Azərbaycan nağılları” kitabının təqdimatı da cəmiyyətimiz tərəfindən keçirilən silsilə tədbirlər sırasındadır. Kitab alman ictimaiyyətinin çox xoşuna gəlmişdi. Elə tədbirdə xeyli sayda kitab satıldı. Onlar mədəniyyətimizi çox bəyənir və maraq göstərirlər. Şuşanın işğalı ilə bağlı “Tökər qan çeşmi-giryanım” adlı musiqili-ədəbi gecə hazırladıq. Rəssam soydaşımız İlqar Şeydayevin çox maraqlı və qeyri-adi əsərlərinin sərgisini keçirdik. Nümayiş olunan əsərlər almanların marağına səbəb oldu. 
   
   - Soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiyası barədə nə deyə bilərsiniz?
   - Sevindirici haldır ki, Avropada yaşayan, təhsil alan, işləyən Azərbaycanın istedadlı gənclərinin sayı ildən-ilə çoxalır. Onlar iqtisadiyyat, siyasət, tibb və s. sahələrdə təhsil alırlar, çalışırlar. Bu, çox müsbət haldır və heç şübhəsiz ki, gələcəkdə bu da gənclərimizin söz sahibi olmasına gətirib çıxaracaq və Azərbaycan naminə təbliğat işlərində böyük kömək olacaq. 
   
   - Uzun müddət televiziya sahəsində çalışmısınız... 
   - Hələ İncəsənət İnstitutunda oxuduğum illərdən Azərbaycan Televiziyası ilə əməkdaşlıq etmişəm. 2005-ci ildən isə İctimai Televiziyanın əməkdaşı olmuşam. Müxtəlif səpkili reportajlar, süjetlər hazırlamışam. 2012-ci ildə alman rejissoru K.Bernhardla birgə “Sarı gəlin. Azərbaycanda caz-muğam” sənədli filmi üzərində birgə çalışdıq. Film çox maraqla qarşılanmışdı. Növbəti film Azərbaycanda alman məskənləri haqqında olacaq. 
   
   - Almanların Azərbaycana marağı hansı səviyyədədir?
   - Almaniya ilə Azərbaycanın dostluq körpüsünün tarixi XIX əsrin əvvəllərinə söykənir. Almanlar Azərbaycana və azərbaycanlılara hörmətlə yanaşırlar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində ölkəmiz bir çox nailiyyətlər əldə edib. Artıq biz də dünya dövlətləri sırasında öz sözümüzü demiş bir ölkəyik və üçrəngli bayrağımız dünya bayraqları sırasında dalğalanır. Bu, çox böyük qürur hissi yaradır.
   
   - Təşkilat olaraq yaxın vaxtlarda hansı tədbirləri keçirməyi nəzərdə tutursunuz?
   - Sentyabrın 18-də dahi Üzeyir Hacıbəylinin doğum gününü qeyd etməyə hazırlaşırıq. Tədbirdə bəstəkarın həyat və yaradıcılığından danışılacaq. Balaca soydaşlarımızla onun felyetonlarından ibarət hazırladığımız səhnəciklər təqdim ediləcək. Yerli sənətçilərin ifasında bəstəkarın əsərləri səsləndiriləcək. Oktyabr ayında Müstəqillik günü ilə bağlı tədbir keçirməyi planlaşdırırıq. Nizami Gəncəvinin yaradıcılığı, eləcə də Xocalı soyqırımının ildönümü ilə bağlı konfrans nəzərdə tutmuşuq. 
   
   Lalə Azəri