Avqustun 24-dən Moskvada “Synthposium” adlı musiqi və texnologiya festivalı başlayıb. Avqustun 27-dək davam edəcək festival çərçivəsində açılacaq sərgidə 50-yə yaxın müstəqil və dünya brendi öz texnologiyasını təqdim edəcək.
Bu festival, hər il musiqi sahəsində olan innovasiyalar və aparıcı səs mühəndisliyinin əyləncəli və maarifləndirici formada təqdim olunduğu “Mutek” və “Sonar+D” festivallarının Rusiyadakı davamıdır.
Tədbirin musiqili hissəsinə 150 yerli və xarici ifaçı qatılacaq. Həmçinin əsas qonaq qismində isə, bir çox şirkətlər üçün musiqi bəstələmiş, hazırda isə “Google” şirkətinin səs layihələrinin rəhbəri Riçard Devayn iştirak edəcək.
Festivalın maarifləndirici proqramı çərçivəsində “İlk sovet sintezatorunun atası” kimi tanınmış Vladimir Kuzmin ilə görüş keçiriləcək. Həmçinin iştirakçılar “Korg” şirkətinin sintezatorlarını layihələndirən Tatsuya Taxakasinin leksiyasına qatıla biləcəklər. Eyni zamanda britaniyalı yazıçı və bəstəkarların məsləhətçisi, elmi-fantastik filmlər üçün musiqi bəstələyən Metyu Suitin də məruzəsi dinləniləcək.