Tarixi mövzuda film həvəskarlarının səbirsizliklə gözlədiyi “9-cu legionun qartal”ı epik filmi, nəhayət, ekranlara çıxdı. Hollivudda istehsal olunan filmin rejissoru Kevin Makdonald, baş rol ifaçıları isə Şanninq Tatum, Camie Bell və Donald Sazerlenddir. Film ingilis yazıçısı Rozmari Satklifin eyniadlı romanı əsasında çəkilib.
  
   Kiçik yaşlarında atasını itirən, lakin onun sağ olduğuna inanan Markus onun izinə düşür. Roma üçün şərəf nişanı olan dəmir Qartalı tapmaq, itirilmiş şərəfi geri qaytarmaq Markusun əsas məqsədidir. Xəyalları uğrunda Qartalın arxasınca Britaniyaya gəlir və burada orduda komandir vəzifəsinə yüksəlir. İlk döyüşdə yaralanan Markus Roma imperatoru tərəfindən əmisinin yaşadığı bölgəyə göndərilir və burada da yüksək hərbi rütbələr qazanır. Bir dəfə təsadüfən tamaşaçı kimi qatıldığı qladiator döyüşündə Eska adlı döyüşçünü ölümdən qurtarır. Eska ömrünün sonunadək ona qul olacağına and içir.
   Filmin bu hissəsindən etibarən Markus və Eskanın Britaniya torpaqlarında “Qartal” axtarışları davam edir. Səyahət zamanı zadəgan nəslindən olan Markus və qul Eska arasında ünsiyyət onların mənsub olduğu statusu heç bəlli etmir. Baş verən hadisələr filmi janr baxımdan döyüş filminə yaxın etsə də, “9-cu legionun qartal”ı prinsipcə daha çox macəra-yol filmlərinə bənzəyir.
   Diqqət çəkən məqamlardan biri də filmdə əsas qəhrəmanlar arasında qadın obrazının olmamasıdır. Adətən Hollivudun döyüş janrlı filmlərində mütləq baş qəhrəmanların aşiq olduğu xanım və yaşanan məhəbbət hekayəsi olur. Lakin bu filmdə qadınlara o qədər də böyük yer ayrılmayıb. Bəlkə də elə bu səbəbə görə, döyüş və səyahət səhnələrindən ibarət film darıxdırıcı görünür.
   Əsasən sənədli ekran əsərləri ilə nüfuz qazanan rejissor Kevin Makdonald bizə daha çox “Oyun ştatı” (“State of play”), “Şotlandiyanın sonuncu kralı” (“The last king of Scotland”) filmləri ilə tanışdır. Rejissor sənədli filmin əsas elementlərindən biri olan rəngarəng vizual səhnələr qurma bacarığından bu filmdə də istifadə edib. Demək olar ki, filmin yeganə müsbət cəhəti də elə bu səhnələrdir.
  
   Yeganə Cansail