Bu ilin birinci yarısında körfəz respublikalarından ölkəmizə gələnlərin sayında daha çox artım müşahidə olunub. Bu dövr ərzində körfəz ölkələrindən ümumilikdə Azərbaycana 263,5 min nəfər turist gəlib. Ölkəmizə səfər edənlərin ümumi sayında onların xüsusi çəkisi 21,8 faiz təşkil edib. Onlar arasında Küveyt vətəndaşlarının sayı 8,7 dəfə artıb.
Küveytli turistlər paytaxtımızın gəzməli-görməli yerləri ilə yanaşı, turizm sənayesinin inkişaf etdiyi digər şəhərlərimizə də üz tuturlar. Küveytdən gələnlər də Azərbaycanı ən yaxşı səyahət fürsətləri olan ölkə kimi dəyərləndirir.
Küveytin Səlva şəhərindən olan Salman Əbu Davud ailəsi ilə birlikdə ölkəmizdə 8 gün istirahət edib. Azərbaycan haqqında yüksək fikirdə olan qonaq ölkəmizin turizm potensialı barədə təəssüratlarını bölüşüb: “Azərbaycana birinci dəfədir ki, turist kimi gəlirəm. İlk səfərim olmasına baxmayaraq, Bakı və digər getdiyim şəhərlər haqqında yüksək fikirdəyəm. Biz iki gün öncə Qəbələdəydik. Qəbələnin bütöv mənzərəsini müşayiət etdik. Orada turistlər üçün yaradılan mükəmməl şərait bizi məftun etdi. Qəbələ, sözün əsl mənasında, gözəl şəhərdir. Bakı da müdhiş məkandır. İlk baxışda şəhərin qədimliyi insanı xəyalən uzaqlara aparır. Burada Xalça Muzeyindən aldığımız təəssürat da bizim üçün xoşdur. Bizim ölkədə də belə bir muzey var. Ancaq sizin Xalça Muzeyinin özünəməxsusluğu, buradakı eksponatların qədimiliyi insanda bir başqa zövq yaradır. Azərbaycanı daha da yaxından tanımaq üçün digər kurort şəhərlərə də getməyi planlaşdırırıq”.
Dahir Əbu Feysəl də ilk dəfədir ki, ölkəmizə turist kimi səfər edib. Həmsöhbətimiz Azərbaycanda olmaqdan məmnunluğunu bildirir və növbəti illərdə də məhz ölkəmizi seçəcəyini söyləyir: “Azərbaycanın füsunkar təbiəti, onun gəzməli-görməli yerləri şəxsən məni valeh edir. On gündür burdayıq. Qubadan 3 gün əvvəl qayıtmışıq. Qubanın yaşıl mənzərəsi, dağlar və çaylar bizi bir turist kimi məftun etdi. Dostlarımızdan Azərbaycan haqqında eşidəndə inanırdıq ki, hər şey bizə danışılan kimidir. Burada reallığı görəndə hər şeyin təsəvvür etdiyimizdən də artıq olduğunun fərqində idik. İstirahət məkanı olaraq Azərbaycanı seçdiyimə görə çox xoşbəxtəm. Xalça Muzeyi də möhtəşəmdir. Bizə burda eksponatların tarixi haqqında dolğun məlumat verildi. İçəridəki xalçalarla tanış olduq, onların toxunuş qaydası bizim üçün maraq kəsb etdiyindən bu barədə də məlumat aldıq. Muzeydə xalça və xalq tətbiqi sənətinin müxtəlif növlərini görə bildik. Bir sözlə, burada hər şey möhtəşəmdir”.
Digər küveytli turist Həmzə Əbu Əhməd ölkəmizin turizm imkanları haqqında çox gözəl fikirdədir. Azərbaycana ikinci dəfədir gələn qonaq bu dəfə ailəsini də gətirib: “Bakıdakı hotellər turistlərin qalması üçün hərtərəfli şəraitlə təmin edilib. Biz bura sırf turist kimi gəlmişik, istirahət etmək istəyirik. Ölkənizdə tanış olmadığımız yerlərə baş çəkmək istəyirik. Azərbaycanın iqlimi də mükəmməldir. Burada olduğum müddətdə Bakıda Qız qalası, Şirvanşahlar sarayı, ümumiyyətlə, İçərişəhərdə olan bütün tarixi abidələrlə tanış oldum. Axşamlar Xəzərin sahilində olmaq bir başqa zövqdür. Burada getdiyim hər bir məkandan zövq almağa çalışıram. O ki qaldı Xalça Muzeyinə, düşünürəm ki, bura gələn hər bir turist bu gözəlliklərə biganə qala bilməz. Çox möhtəşəmdir”.