Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı keçirilib
   
   Avqustun 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən festivalın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
   Şəhərdəki “Qafqaz Karvansaray” hotelinin qarşısındakı parkda keçirilən festivalda 22 ölkənin (Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər. 
   Festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, 5 mindən çox yerli və xarici turist olub.
   
   22 ölkədən, 44 şəhər və rayondan şirniyyatçılar bir arada
   
   Festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Ümumdünya Kulinariya Təşkilatının (WAKS) prezidenti Tomas Gugler, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış ediblər.
   Bildirilib ki, Qəbələ 5 ildir möhtəşəm mürəbbə festivalına ev sahibliyi edir. 2016-cı ildə 10 xarici ölkədən, 30 şəhər və rayondan, bu il isə 22 ölkədən, 44 şəhər və rayondan şirniyyatçıların iştirak etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir. Bu festival təkcə Qəbələnin deyil, ölkəmizin bütün bölgələrinin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır.
   Natiqlər qeyd ediblər ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Mürəbbə festivalı Qəbələdə turizmin inkişafına da çox böyük təkan verən amillərdən biridir. Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Həqiqətən də, rayona hər gün minlərlə yerli və xarici turist səfər edir. Qəbələ artıq festivallar mərkəzinə çevrilib. Burada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər il beynəlxalq musiqi festivalının keçirilməsi Qəbələnin şöhrətini dünyaya yayır.
   Vurğulanıb ki, artıq bir çox rayonda beynəlxalq nüfuza malik olan şirniyyat, nar, plov, alma, qarpız, paxlava və digər meyvə-tərəvəz və qida məhsulları ilə bağlı festivallar keçirilir. Bu tədbirlər bölgələrimizin inkişafına və təbliğinə mühüm töhfələrdir. 
   
   Azərbaycan məhsulları çeşidi və dadı ilə fərqlənir
   
   Diqqətə çatdırılıb ki, Azərbaycan dünyanın ənənəvi mürəbbə sənətinin mərkəzləri arasında xüsusi yer tutur. Ölkəmizin şirniyyatçıları tərəfindən hazırlanan mürəbbələr özünün ləziz dadı və geniş çeşidi ilə digər ölkələrdən fərqlənir. Bunu Qəbələ Beynəlxalq Mürəbbə Festivalında nümayiş etdirilən Azərbaycanın və xarici ölkələrin mürəbbə örnəklərini müqayisə etdikdə də aydın görmək mümkündür.
   Müsabiqədə Azərbaycan mürəbbələri çeşidinə və keyfiyyətinə görə digər ölkələrin məhsullarından daha üstün hesab edilib.
   Festivalda rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis və ekspertlərin daxil olduğu münsiflər heyəti qalibləri müəyyənləşdirib.
   Yarışlar bitdikdən sonra mürəbbələrin satış-sərgisi təşkil olunub. Festivalda komandalar tərəfindən təqdim olunan müxtəlif çeşiddə mürəbbələr, şirniyyat və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olub. Festivalda mürəbbə, şərab, meyvə şirələri, qida məhsulları istehsal edən müəssisələr də öz məhsullarını nümayiş etdiriblər.
   Qəbələnin “Savalan” Üzüm Emalı və Şərab İstehsalı Müəssisəsinin müxtəlif çeşiddəki brend məhsulları əcnəbi turistlərin diqqətini cəlb edib. Qonaqlar əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələrin dadına həvəslə baxıblar, onların hazırlanması üsulu ilə maraqlanıblar.
   Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin, Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil edilib.
   Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib. Festivalda hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa qeyri-adi mürəbbələr də (qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu, cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də müalicəvi çiçək və otlardan hazırlanan mürəbbələr) nümayiş olunub.
   Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. İştirakçılara kubok, medal və qiymətli hədiyyələr verilib.
   Sonda maraqlı konsert proqramı təqdim olunub.
   
   F.Hüseynov