Məşhur fransız komediya ustası Lui de Fünes 1914-cü il iyulun 31-də Fransanın Kurbevua şəhərində, ispan əsilzadələri ailəsində anadan olub. Atası hüquqşünas idi, ancaq sonralar almaz ticarəti ilə məşğul olmuşdu.
  
   Lui uşaq yaşlarından rəssamlıq və musiqi ilə maraqlanırdı. Cavanlıqda bir neçə peşə dəyişmişdi, sonra pianoçu olur və musiqi dərsləri verməyə başlayır. Bu dərslərin birində o məşhur yazıçı Gi de Mopassanın nəvəsi Janna ilə tanış olur.Onlar 1943-cü ildə evlənirlər və 40 il bir yerdə yaşayırlar.
   1945-ci ildə II Dünya müharibəsi başa çatandan sonra Lui de Fünes özünü kinematoqrafiya sahəsində sınamağa başlayır. Buna qədər o, dram kursunda aktyorluğu öyrənir. İlk dəfə rejissor Jan Stelinin “Barbizon tamahı” filmində çəkilir. Karyerası boyu kiçik rollarda çəkilsə də, o qədər tanınmır. Nəhayət, 1958-ci ildə rejissor İv Roberin çəkdiyi “Tutulmayan oğru deyil” filmindəki brakonyer Blero obrazı ilə məşhurlaşır.
   60-cı illərdə aktyorun populyarlığı başlayır, ildə bir neçə filmə çəkilir. Rejissor Andre Yunebelin çəkdiyi “Fantomas” haqqındakı komediya trilogiyasında polis komissarı Jüv və “Jandarmın macəraları” çoxseriyalı komediyasındakı komissar Krüşo obrazları ona dünya şöhrəti qazandırır. Bu filmlər dünya kinokomediyasının klassikası sayılır və tamaşaçılar tərəfindən sevə-sevə baxılır.
   Bundan başqa, Lui de Fünes “Böyük gəzinti”, “Orkestr-adam”, “Dondurulmuş”, “Kələmli şorba” və digər məşhur filmlərdə müxtəlif rollar yaradır. Karyerası boyu Lui de Fünes 100-dən artıq filmə çəkilib. Kinematoqrafiyadakı xidmətlərinə görə o, Fransanın ən yüksək mükafatı olan “Fəxri Legion” ordeninə layiq görülüb.
   1975-ci ildə aktyor iki dəfə infarkt keçirir və kinodan gedir, ancaq sonradan məşhur rejissor Klod Zidinin çəkdiyi “Qanad və ya ayaq” komediyasına dəvət alır. Sonra bir neçə filmdə də çəkilir. Axırıncı işi isə jandarmlar seriyasından olan “Yubkalı jandarmlar” filmi olur. Aktyor 1983-cü ildə vəfat edir.
  
   Çingiz