Tofiq Quliyev - 100
Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, Xalq artisti Tofiq Quliyev özünəməxsus üsluba malik sənətkar kimi çoxəsrlik musiqi mədəniyyəti salnaməmizə parlaq səhifələr yazıb. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan rəngarəng nəğmələri dinləyicilərə yüksək estetik zövq bəxş edir.
Bu il sevilən bəstəkarın anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyev fevralın 7-də görkəmli musiqiçinin yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
Azərbaycanda mahnı janrının inkişafında müstəsna xidmətiləri olan Tofiq Quliyev haqqında keçmiş zamanda danışmaq olmur. O səbəbdən ki, əsl sənətkar üçün zaman məfhumu, vaxt məhdudiyyəti yoxdur. Bəstəkarın könül nəğmələri müəllifinə əbədi ömür qazandırıb. Onun bəstələri hər qəlbə yol tapmaq, duyğuları dilləndirmək iqtidarındadır...
O, dünyaya payızda gəlmişdi...
1917-ci il noyabrın 7-də Bakıda anadan olan unudulmaz Tofiq Quliyev 14 yaşında Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin “Uşaq və buz” şeirinə mahnı bəstələyib. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Tofiq eyni zamanda iki fakültədə - professorlar İ.S.Aysberqin sinfində fortepiano və S.Y.Ştrasserin sinfində dirijorluq sənəti üzrə təhsilini davam etdirir. 1935-ci ildə tanınmış tarzən Mirzə Mansur Mansurovun ifasında «Rast», «Segah-Zabul» muğamlarını nota köçürür. Həmin il Dram teatrında orkestrin rəhbəri və dirijoru təyin olunur.
1936-cı ildə Üzeyir Hacıbəylinin təşəbbüsü və təklifi ilə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən bir qrup istedadlı gənc musiqiçi ilə birlikdə Tofiq Quliyev də P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Dirijorluq fakültəsində təhsilini davam etdirmək üçün yola düşür. Qəbul imtahanları zamanı onun fortepianoda qeyri-adi ifaçılığı H.Y.Neyqauzun diqqətini cəlb edir və o, bir müddət bu böyük sənətkardan fortepiano dərsləri alır. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri Azərbaycan milli cazının təməlini qoyur. Buna görə də ölməz bəstəkarın adı musiqi tariximizə həm də Azərbaycan estrada və caz musiqinin banisi kimi yazılıb. Onun mahnıları çox qısa zamanda şöhrət qazanırdı. Nəinki ölkəmizdə, həmçinin ittifaq respublikalarında unudulmaz müğənni Rəşid Behbudovun bənzərsiz ifaları sayəsində Tofiq Quliyevin adı dillərə düşürdü.
1954-cü ildə bəstəkar pedaqoji fəaliyyətə də başlayır. Azərbaycan Dövlət Konservatoriyasında opera və orkestr siniflərində dərs deyir. 1958-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-ci ildə isə direktoru vəzifəsinə təyin olunur. O, 1969-1979 və 1990-2000-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. Sevilən bəstəkar 2000-ci il oktyabrın 4-də dünyasını dəyişib. Tofiq Quliyev payızda doğulub, payızda dünyadan köçsə də, fövqəladə istedadı ilə Azərbaycan mədəniyyətinə bahar təravətini heç zaman itirməyən şedevr musiqi örnəkləri bəxş edib.
Sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib, respublikanın ən yüksək təltiflərindən olan “İstiqlal” ordeninə və digər təltiflərə layiq görülüb.
Xoşbəxt sənətkar
Tofiq Quliyevin mahnılarını Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova kimi tanınmış müğənnilər, xanəndələr ifa edirdilər. O zamanlar böyük məşhurluq qazanmış “Qaya” vokal instrumental ansamblı bəstəkarın mahnılarını zirvələrə ucaldırdı. Çünki onun nəğmələrinin təravəti müəllifinin xalq musiqisini dərin hiss etməyindən doğurdu.
Tofiq Quliyev vokalçının səs imkanlarını duyan, bu imkanlara gözəl bələd olan bəstəkarlardan idi. Buna görə də zəngin ifadəli və obrazlı melodiyalar yaradırdı. Lakonizm və bitkinlik onun mahnılarının əsrarəngizliyini daha da artırır. 200-dən artıq mahnı bəstələyən sənətkar obrazın poetikliyinə xüsusi önəm verirdi.
Onun mahnı yaradıcılığı sonrakı nəsil bəstəkarlara ciddi təsir göstərmişdir. Bəstəkar xatirələrinin birində deyir: “Çox xoşbəxt adamam. Çünki ifaçılarım dahi müğənnilər olub. Təsəvvür edin... Musiqisi Tofiq Quliyevin - oxuyur Bülbül, Müslüm Maqomayev, Rəşid Behbudov, Şövkət Ələkbərova. Bundan da böyük xoşbəxtlik olarmı”.
Kinoda və teatrda yaşayan musiqi
1941-ci ildə “Səbuhi” filminə musiqi bəstələyən Tofiq Quliyev bütün yaradıcılığı boyu kino və teatrla sıx təmasda olub. 40-dan artıq kinofilmi bənzərsiz melodiyalarla süsləyib. 1974-cü ildə Həsən Seyidbəylinin çəkdiyi “Nəsimi” bədii filmi VII Ümumittifaq kinofestivalında mükafatlandırılır, filmin bəstəkarı Tofiq Quliyev Dövlət mükafatına layiq görülür. Böyük şair Məmməd Araz “Nəsimi” filminin musiqisini yüksək qiymətləndirərək deyib: “Tofiq bu filmə elə bir musiqi yozumu verib ki, gözünü yumub dinlədikdə belə özünü döyüş meydanında hiss edir, həm notda, həm də ahəngdə Nəsimi sözünün qüdrətini, ruhunu duyursan”.
Bəstəkarın “Görüş”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Ögey ana”, “Qayınana”, “Onu bağışlamaq olarmı?” və digər filmlərə yazdığı musiqilər ekran əsərlərinin bədii təsir gücünü qat-qat artıran qiymətli sənət inciləridir.
XX əsrdə Azərbaycan teatr sənətinin inkişafında da Tofiq Quliyev yaradıcılığının məxsusi yeri var. Bəstəkar bir sıra səhnə əsərlərinə musiqi bəstələyərək (“On ikinci gecə”, U.Şekspir, “Yaşar”, C.Cabbarlı, “Xanuma”, A.Saqareli və s.) dramaturji inkişafı daha da dinamikləşdirib. Bu musiqilər səhnə əsərində hər bir qəhrəmanın psixoloji xarakterini açmağa xidmət edir.
Bakı gözəl şəhər, mehriban diyar...
“Məni böyüdən də, oxudan da, insan edən də Bakı şəhəridir. Mən nə yazsam, orada Bakı ruhu var. Mən Bakı kimi gözəl şəhər tanımıram”, - deyirdi Tofiq Quliyev. O, Bakıya ən çox musiqi bəstələyən bəstəkardır. Kinoda Bakının simvolu Arif Babayevdirsə, musiqidə də Tofiq Quliyevdir. Bakını Xəzərsiz və küləksiz təsəvvür etmək mümkün olmadığı kimi, Tofiq bəstələri olmadan da təsəvvür etmək çətindir. Çünki o, qəlbində sevdiyi şəhərin hərarətini gəzdirirdi. Onun Azərbaycana, Bakıya həsr etdiyi bəstələrdə vətənini hədsiz məhəbbətlə sevən insanın hisləri tərənnüm olunub. Bu gün sanki Bakının hər tinində, hər döngəsində Tofiq Quliyev musiqisinin sədaları gizlənib. Gözəl bir Azərbaycan qızı görürsənsə, ani olaraq qəlbində “Zibeydə” mahnısı səslənir. Bakı bulvarında xoşbəxt ailəni seyr edirsən, mütləq “Qayınana” filmindəki “Mehriban ailə” mahnısı, görüşünüzə gecikən sevgilinizi gözləyəndə “Gəlmədi” nəğməsi zümzümə olunur. Saydıqca bitərmi, bu sevgilər və bu şirin nəğmələr. Əlbəttə bitməz, tükənməz...
Hər zaman bizimlə
Bəstəkar həm də bədii, təsirli sözə könül verib. Söz, şeir onu ovsunlamayanda nəğmələrə çevirə bilməyib. Bəstəkar müsahibələrinin birində deyir: “Heç zaman ürəyimə yaxın olmayan şeirə musiqi bəstələməmişəm. Bir də heç zaman sözsüz mahnı yazmamışam. Yəni mütləq şeiri oxumalıyam, onu dərk etməliyəm ki, musiqi yaşantısını da hiss edə bilim”.
Qəlbdən fortepianonun dillərinə, oradan isə böyük bir kütlənin qəlbinə yol tapan Tofiq Quliyev bəstələri neçə-neçə nəsil gənc bəstəkar və müğənnilərin yetişməsində, tanınmasında əvəzsiz rol oynayıb. Bu barədə unudulmaz bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlov deyib: “Tofiq Quliyevin əsərləri çalınanda gözlərim önündə, birinci növbədə, Bakı canlanır. Yəni o, həyatı ilə, ürəyinin bütün damarları ilə Bakıya bağlı idi... Onun yaradıcılığından böyük bir nəsil bəhrələnib, ondan tərbiyə alıb. T.Quliyev yaradıcılığı onlarda təbiəti sevməyi, həyatı sevməyi, gözəlliyin qədir-qiymətini bilməyi, musiqinin səviyyəsini düzgün təyin etməyi, Vətənə bağlılığı, Azərbaycanın bütün güşələrini sevməyi - bütün bu hisləri oyadıb. Bu özü də bəstəkarın bir vətəndaş kimi ən yüksək səviyyəli cəhətlərindən biridir. Bu baxımdan Tofiq Quliyev, həqiqətən, əvəzolunmaz böyük sənətkardır. Mən həmişə deyirəm ki, əgər Azərbaycan bəstəkarlarının yaradıcılığını böyük bir çiçək çələnginə bənzətmiş olsaq, onların içərisində T.Quliyevin yaradıcılığı ən ətirli, ən gözəl çiçəklərdən biridir. Ona görə də Tofiq Quliyev həmişə var, Tofiq Quliyev yaddan çıxmayacaq. Zənnimcə, nə qədər ki, Azərbaycan xalqı var, Tofiq Quliyevin əsərlərini, onun mahnılarını həmişə sevə-sevə dinləyəcək, oxuyacaqlar”.
* * *
Bəli, illər keçir, yeni bəstəkarların yeni mahnıları yaranır. Ancaq onların arasında Tofiq Quliyevin qəlbəyaxınlığı, sevgi aşılayan lirizmi ilə seçilən mahnıları bənzərsizliyini, şəriksizliyi qoruyub saxlayır.
Lalə Azəri