Əməkdar artist Sahib Paşazadə “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının baş mükafatına layiq görülüb
Avqustun 25-dən 30-dək Özbəkistanın Səmərqənd şəhərinin Reqistan meydanında “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalda dünyanın 60-dək ölkəsindən 280 ifaçı və musiqi nəzəriyyəçisi iştirak edib.
Festivalda Azərbaycanı təmsil edən gənc tarzən, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Sahib Paşazadə və Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov festivalın “Qran-pri” mükafatına layiq görülüblər. İfaçılarımızın çıxışı münsiflər heyəti və iştirakçıların böyük marağına səbəb olub.
Təəssüratlarını qəzetimizlə bölüşən Sahib Paşazadə bildirib ki, "Şərq təranələri" festivalında “Qran-pri” mükafatına layiq görülmək onlarda böyük qürur hissi yaradıb: “Bu təkcə bizim deyil, Azərbaycan musiqisinin uğurudur. Festivalda iştirakçı olmaq çoxdankı arzum idi. Şükürlər olsun ki, ilk çıxışımla böyük uğur əldə etdim. Biz tədbirin ilk günü - 25 avqustda səhnəyə çıxdıq və elə ilk dəqiqələrdən münsiflərin bizim musiqiyə və ifamıza olan marağını hiss etdik. Əslində festivalda böyük kollektivlər iştirak edirdilər və biz ikinəfərlik heyətlə xanəndəsiz, sadəcə instrumental ifa ilə diqqəti cəlb edə bildik. Hazırladığımız 17 dəqiqəlik “Şur” kompozisiyası həm tamaşaçılar, həm də münsiflərin böyük alqış sədaları ilə yekunlaşdı”.
Əməkdar artist qeyd edib ki, festival 1997-ci ildən keçirilir. İlk festivalda “Qran-pri”ni ölkəmizə Xalq artisti Simarə İmanova gətirmişdi: “20 ildən sonra müsabiqənin baş mükafatı yenidən Azərbaycana gəldi. Qələbəmiz dövlətimizin mədəniyyətə göstərdiyi qayğının bir göstəricisidir. Bu bir daha əsl musiqinin, sənətin qələbəsidir və mədəniyyətimizin, musiqimizin zəngin və təkrarsız olduğunu nümayiş etdirdi. Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və göndərişi ilə iştirak edirdik. Bizə göstərilən etimada görə sonsuz təşəkkürümüzü bildiririk”.
İki ildən bir keçirilən festivalın məqsədi milli musiqi sənətinin təbliği və qorunmasıdır. Musiqi müsabiqəsində birinci yerə Özbəkistan və Cənubi Koreya musiqiçiləri, ikinci yerə Litva və Qırğızıstan təmsilçiləri layiq görülüb. İran, İndoneziya və Türkiyə kollektivləri isə üçüncülük qazanıblar.
Xatırladaq ki, Sahib Paşazadə Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq festivalda “Qran-pri”yə, Kanadanın Niaqara şəhərində keçirilən eyniadlı beynəlxalq musiqi festivalında isə “Tarın Paqaninisi” tituluna layiq görülüb.
Qeyd edək ki, “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında ayrı-ayrı vaxtlarda ölkəmizdən tanınmış muğam ustadı Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov birinci, Zabit Nəbizadə isə ikinci yeri tutub.