Özbəkistan mətbuatı azərbaycanlı ifaçıların Səmərqənd festivalındakı uğurundan yazır
   
   Özbəkistan mətbuatı Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalında Azərbaycan nümayəndələrinin uğurlu çıxışına geniş diqqət ayırıb.   
   Podrobno.uz portalı festivalda “Qran-pri”nin sahibi olan Azərbaycanın Əməkdar artisti Sahib Paşazadənin müsahibəsini yayıb. S.Paşazadə deyib: “Birinci gün musiqi nömrəsini təqdim edəndə münsiflər heyətinin 5 üzvü və möhtəşəm Reqistan meydanında əyləşən musiqisevərlər bizi ayaq üstə alqışladılar. Bizi birinci ayaq üstə alqışlayan isə Özbəkistanın Xalq artisti, tanınmış muğam ustadı Münəccat Yolçuyeva oldu. Münəccat Yolçuyeva yerli televiziyaya müsahibəsində də bizim kompozisiyaya böyük qiymət verib”.
   İfaçı daha sonra deyib: “Mən artıq dördüncü dəfədir Səmərqənddəyəm. Bundan əvvəl beş nəfərdən ibarət qrupun tərkibində çıxış etmişəm. Bu dəfə isə biz iki nəfərik - mən və nağara ifaçısı Kamran Kərimov. Fəxr edirəm ki, bu iki musiqi aləti Azərbaycan musiqisini layiqincə təmsil etdi”.
   S.Paşazadə müsahibənin sonunda bildirib: “Münsiflər heyətinin üzvü olan Çin və Küveyt nümayəndələri artıq bizi sentyabr və dekabr aylarında öz ölkələrinə dəvət ediblər. Ümumiyyətlə, bu qələbədən sonra 10 dəvət almışıq və inşallah, bunların hamısını reallaşdırmaq fikrindəyik”.