İyulun 27-dən 30-dək Bakıda, Xəzərin sahilində gerçəkləşən “Jara-2017” festivalı musiqi aləmində bu yayın ən qaynar hadisəsi olub.
Azərbaycan, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan və Baltikyanı ölkələrdən 800-dən çox musiqiçini bir araya toplayan musiqi bayramını canlı olaraq 40 mindən çox tamaşaçı izləyib.
Sentyabrın 3-də Rusiyanın Birinci kanalında Sofiya Rotarunun “Jara-2017” çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi yayımlanıb.
Beynəlxalq festivalın möhtəşəm konsertləri sırasında yer alan musiqili axşamda izləyicilər Sofiya Rotarunun ən çox sevilən mahnılarını dinləyiblər. SSRİ Xalq artisti yaradıcılığının 45 illiyini məhz Xəzərin sahilində qeyd edib. Qlyukoza, Valeriya, Ani Lorak, Slava, Lev Leşşenko, İrina Dubtsova, Jasmin, Svetlana Loboda və başqaları Sofiya Rotarunun repertuarından mahnıları ifa ediblər. Axşamın digər maraqlı məqamı isə Sofiya Rotarunun müğənnilərlə yaddaqalan duetləri olub.
Builki festival göstərdi ki, “Jara” təkcə paytaxtımızın sakinlərində deyil, dünyanın müxtəlif guşələrindən olan musiqi həvəskarlarında da böyük maraq oyadıb. Möhtəşəm festivalı izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar burada turizm üçün yaradılmış şəraitlə yaxından tanış olub, ölkəmizin inkişafını öz gözləri ilə görüblər.
Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.