Sentyabrın 3-də Şahdağ Turizm Mərkəzində “Urban fest” adlı tədbir təşkil olunub. Keçən il təşkil olunan “Graffiti festival”ın davamı olaraq bu il də qraffiti rəssamları 4 metr hündürlüyündə olan beton lövhə üzərində rəngarəng spreylərlə maraqlı rəsmlər yaradıblar. Bununla artıq ikinci dəfədir ki, urban, yəni müasir şəhər mədəniyyətinin bir qolu hesab olunan qraffiti təbiətdə, dağ mühitində təcəssüm olunur.
   Gürcüstan və Rusiyadan da iştirakçıların qatıldığı tədbir boyunca dağ velosipedçiləri, skeytbordçular və rəqqaslar arasında yarışlar da keçirilib, təşkilatçılar tərəfindən qaliblərə müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub. 
   Qeyd edək ki, Şahdağ Turizm Mərkəzi daim gənclərin sağlam həyat tərzi sürməsi və idmanla məşğul olmasını təşviq edən tədbirlərə xüsusi diqqət ayırır.
   Xüsusi ayrılmış velo-cığırlarla yarışan dağ velosipedçiləri və hündürlüyə əsasən maneəni aşmaq üzrə yarışan skeytbordçuların adrenalin dolu performansları izləyicilərə həyəcanlı anlar yaşadıb. Müxtəlif rəqs janrları üzrə çıxış edən rəqqasların ifası isə tədbirin ən maraqlı anlarından olub.
   Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ Turizm Mərkəzində iyun-sentyabr aylarında davam edən yay mövsümü boyunca xüsusilə gənclərin zövqünü oxşayan fərqli əyləncəli tədbirlər təşkil olunub. Ənənəvi yay əyləncələri ilə yanaşı bu il Azərbaycanda ilk dəfə olaraq adrenalin həvəskarlarının böyük marağına səbəb olan paraplan xidməti də Şahdağda istifadəyə verilib.
   
   Yay düşərgəsinin bağlanış mərasimi keçirilib
   
   Sentyabrın 3-də Şahdağ Turizm Mərkəzində Azərbaycanda ilk dəfə olaraq təşkil edilmiş beynəlxalq ingilisdilli “Şahdağ” yay düşərgəsinin bağlanış mərasimi də keçirilib. Tədbirdə düşərgədə iştirak edən uşaqlara setifikatlar təqdim edilib, həmçinin onlar üçün musiqili-əyləncəli proqram təşkil olunub. 
   Gürcüstan, Almaniya, ABŞ və Rusiya kimi ölkələrdən olan beynəlxalq dərəcəli yüksəkixtisaslı təlimçilərin iştirakı ilə uşaqlara öyrətmə, inkişaf və istirahətin mükəmməl balansı təklif edilən düşərgədə 3 ay boyunca Azərbaycan, Türkiyə, İran, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya və Mərakeşdən 160-dan çox uşaq iştirak edib.
   Yay düşərgəsinin ən önəmli məqamlarından biri “ASAN Xidmət”lə birlikdə təşkil edilmiş xeyriyyə layihəsinin həyata keçirilməsi olub. “Sevinc paylaşdıqca çoxalır” prinsipinə əsaslanan “ASAN Məktub” layihəsinin təşkilatçılığı və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin dəstəyi ilə respublikanın müxtəlif bölgələrindən aztəminatlı ailələrin və xüsusi qayğıya ehtiyacı olan 25 uşağın arzuları gerçəkləşdirilib, onlar üçün düşərgədə birhəftəlik istirahət etməyə şərait yaradılıb.
   
   Fariz