Qurban bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı xeyli artıb. Quba Turizm İnformasiya Mərkəzindən bildirilib ki, bu günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çox olub.
Bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
Təkcə avqust ayı ərzində Qubaya 17 min 300 nəfər turist gəlib ki, onların da 3 min 150 nəfəri xarici ölkə vətəndaşlarıdır. İlin əvvəlindən başlayaraq rayona gələn turistlərin sayı isə 100 minə yaxındır.
Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, Quba Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi də təqdim olunur.