Elvin Qəniyev TÜRKSOY-un baş katibinin 70 illiyi münasibətilə keçirilən beynəlxalq festivalda çıxış edəcək
   
   Sentyabrın 15-də Kurmanqazı adına Qazax Milli Konservatoriyasında TÜRKSOY-un baş katibi, Qazaxıstanın Əməkdar incəsənət xadimi, tanınmış musiqi xadimi, professor Düsen Kaseinovun 70 illiyi münasibətilə “Mənim dostlarım - mənim sərvətim” adlı beynəlxalq festival keçiriləcək.
   Festivalda tanınmış azərbaycanlı skripka ifaçısı, beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev də çıxış edəcək.
   Kurmanqazı adına Qazax Milli Konservatoriyasının böyük zalında təşkil olunacaq skripka musiqisi konsertində İ.S.Bax, P.Sarasate, E.İjai, S.Prokofyev və Q.Qarayevin əsərləri səsləndiriləcək. Azərbaycanlı skripkaçını fortepianoda beynəlxalq müsabiqələr laureatı Marina Altuxova müşayiət edəcək.
   Virtuoz skripkaçı Elvin Qəniyev Azərbaycan, Rusiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, İsveçrə, Belarus və digər ölkələrdə keçirilən bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib.