Sentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) Baş Assambleyasının 22-ci sessiyası keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.
Sessiyada BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə turizmin töhfəsini necə artırmaq məsələləri müzakirə olunacaq, təşkilatın 2018-2019-cu illərdə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.
Sessiyanın gündəliyinə turizm və Dayanıqlı İnkişaf Məqsədləri üzrə debatların keçirilməsi, intellektual turizmə dair xüsusi sessiya, Dünya Turizm Təşkilatının Turizm üzrə Qlobal Kodeksini beynəlxalq konvensiyaya çevirmək, turizm sektorunda cari tendensiyalar və digər məsələlərin müzakirəsi daxil edilib. Assambleyada, həmçinin təşkilatın növbəti illər üçün fəaliyyət istiqaməti və prioritetləri müzakirə olunacaq.