Təşkilatın İcraiyyə Şurasının 106-cı sessiyasına Azərbaycan sədrlik edir
   
   Sentyabrın 11-də Çin Xalq Respublikasının Çenqdu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) Baş Assambleyasının 22-ci sessiyası başlayıb.    
   Baş Assambleyanın sessiyası ilə yanaşı, təşkilatın Avropa, Asiya, Amerika, Afrika regional komissiyalarının toplantıları, İcraiyyə Şurasının 106 və 107-ci sessiyaları, bir sıra komitələrin görüşləri, Turizm etikası üzrə konvensiyanın işçi qrupunun iclası və bir sıra digər tədbirlər keçirilir.
   Tədbirlərdə Azərbaycan Respublikasını nümayəndə heyətinin rəhbəri, Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri nazir Əbülfəs Qarayev, ölkəmizin İspaniyadakı səfiri və DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmov, Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Turizm etikası üzrə konvensiyanın hazırlanması ilə bağlı işçi qrupun rəhbəri qismində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Turizm şöbəsinin əməkdaşı Cavid Abdullayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.
   Sessiyanın ilk günündə Azərbaycan nümayəndə heyəti DTT Avropa Regional Komissiyasının iclasında iştirak edib. Azərbaycanın qurumun İcraiyyə Şurasında üzvlük müddətinin başa çatması nəzərə alınaraq ölkəmizin namizədliyi növbəti dövr üçün (2017-2020) yenidən təqdim edilib. 
   Nazir Əbülfəs Qarayev komissiyanın iclasında son illərdə ölkəmizdə dövlət başçısının dəstəyi ilə turizm sahəsində aparılmış islahatlar, Azərbaycanın İcraiyyə Şurasının fəaliyyətinə töhfələri və 2017-ci ildə şuraya sədrliyi barədə çıxış edib.
   Həmin gün təşkilatın Turizm etikası üzrə konvensiyasının hazırlanması məqsədilə yaradılmış işçi qrupunun dördüncü - son iclası öz işinə başlayıb.
   Assambleya çərçivəsində təşkilatın İcraiyyə Şurasının 106-cı sessiyası da keçirilir. Şuraya Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edir. 
   İclası açıq elan edən Əbülfəs Qarayev son bir ildə təşkilat tərəfindən həyata keçirilmiş fəaliyyətin vacib istiqamətlərini diqqətə çatdırıb. 
   DTT-nin baş katibi Taleb Rifai çıxış edərək təşkilatın büdcə vəziyyəti, 2016-2017-ci illər üzrə fəaliyyət proqramı, növbəti illər üçün fəaliyyət istiqamətləri barədə məlumat verib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsi başlayıb.
   DTT Baş Assambleyasının 22-ci sessiyası sentyabrın 17-dək davam edəcək.