Muğam Mərkəzində Moldova və Azərbaycan musiqiləri səslənəcək
   
   Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə “Etnik musiqi inciləri” adlı beynəlxalq layihə ilə tamaşaçıların görüşünə gələcək. Bu silsilədən ilk olaraq sentyabrın 13-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Azərbaycan və Moldova etnik musiqiləri səslənəcək.
   Moldovanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək konsert iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunacaq.
   Konsertdə Moldovanın Xalq artisti Kanstantin Moskoviç çıxış edəcək. Moldova xalq çalğı aləti olan naedə (Pan Fllute) ifa edən sənətkar öz ölkəsinə məxsus mahnılarla yanaşı, Azərbaycan musiqilərindən nümunələr də səsləndirəcək. Digər moldovalı musiqiçilər - Dumitru Dubajiu, Vladimir Andrianom, Valentina Nejel və Radu Talambuta da konsertdə iştirak edəcəklər.
   Gecədə, həmçinin Azərbaycanın Əməkdar artisti Şirzad Fətəliyev balabanda Moldova və Azərbaycan musiqiləri səsləndirəcək.