Sentyabrın 12-də Bakının Dənizkənarı bulvarında «İndian Ocean» musiqi qrupunun konserti oldu. Dünyaca məşhur qrup Hindistan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə çıxış etmək üçün ölkəmizə gəlib.
Hind milli musiqisini caz-füjn və rok janrında dünyada təbliğ edən qrup 1990-cı ildən fəaliyyət göstərir. Elə buna görə də həm ənənəvi hind musiqisini sevənlər, həm də cazsevərlər bu qrupun ifasını çox bəyənir.
Konsertdən əvvəl Hindistanın ölkəmizdəki səfiri Sancay Rana açıq səma altında musiqi axşamına toplaşanları salamlayaraq, qrupun Azərbaycana səfərini təşkil edən Hindistan-Azərbaycan Assosiasiyasının sədri, xanım Racani Çandra D’Melloya xüsusi təşəkkürünü bildirdi və hamıya xoş istirahət arzuladı. Azərbaycanda tez-tez xeyriyyə tədbirlərinin təşkilatçıları arasında gördüyümüz, həm də həkim kimi tanıdığımız xanım Racani isə Azərbaycan dilində çıxış edərək, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının yubileyi münasibətilə ilboyu yaddaqalan tədbirlərin keçirildiyini söylədi.
Nəhayət, gözlənilən konsert başladı. Xəzərdən əsən külək Hind okeanının adını öz musiqi dəstəsinə isim seçmiş qrupun maraqlı ifasını bulvar boyunca yayır, axşam gəzintisinə çıxmış şəhər əhalisini və paytaxtımızın qonaqlarını cəlb edirdi. Bir neçə saat davam edən konsertin izləyiciləri ayaq üstə qalmaqdan yorulub dəyişsələr də, «İndian Ocean» qrupu həvəslə çıxış edirdi.
Sentyabrın 13-də «İndian Ocean» Sumqayıt şəhər bulvarında çıxış edəcək.
G.Mirməmməd