Xarici turistlərin ölkəmiz haqqında təəssüratları
Bu il Azərbaycana gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Xüsusilə də Bakının tarixi məkanlarında, muzeylərdə, şəhərin mərkəzi hissələrində müxtəlif ölkələrdən çoxsaylı turistlərlə rastlaşmaq mümkündür. Ərəb ölkələrindən gələnlər isə nəzərəçarpacaq dərəcədə çoxdur. Onlardan bir neçəsinin təəssüratlarını öyrəndik. Qonaqlar ölkəmiz haqqında maraqlı fikirlər səsləndirdilər.
“Bir daha bu gözəl ölkəyə gəlmək arzusu ilə...”
Dostları və ailəsi ilə Azərbaycana gələn iraqlı turist Abdul Abbas deyir ki, onların ölkəsində buradakı kimi fərqli iqlim yoxdur: “Azərbaycan gözəl ölkədir, turizmi də çox inkişaf edib. İnsanlar da rahat yaşayır. Dinindən, millətindən asılı olmayaraq, kimsəni narahat etmirlər. Əksinə, bir çətinlik olduqda kömək etməyə çalışırlar. Əgər imkanım olsaydı, həmişəlik burada yaşamaq istərdim”.
Həmsöhbətim bildirir ki, Azərbaycanda gördüyü qonaqpərvərliyə, xoş münasibətə görə artıq üçüncü dəfədir ki, ölkəmizə gəlib: “Bakı və Qəbələdə olmuşam. Bakı çox yaxşı şəhərdir, paytaxtdan kənarda isə sıx yaşıl meşələr var. Burada məni narazı salacaq bir şeylə qarşılaşmamışam. Küçələrdə gülərüz insanlar bizə çox xoş təsir bağışlayır. Bir daha bu ölkəyə geri dönmək arzusu ilə İraqa qayıdacağam”.
İraqdan gələn digər turist Bilal İyad Azərbaycana qışda da gələcəyini bildirir. O, Bakıya dostları ilə gəlib, qışda isə ailəsini də gətirəcəyini deyir. Onlar İçərişəhərdə olub, Qız qalası, Şirvanşahlar sarayı və digər görməli yerlərə baş çəkiblər.
“Paytaxtınız tarixi görkəmini qoruyub saxlayır”
Əhməd Hüseyni İranın paytaxtı Tehrandan gəlib. İlk dəfədir ölkəmizdə olduğunu bildirən qonaq burada bir həftə qalacağını deyir: “Bakı haqqında çox eşitmişəm. Qədim şəhərin küçələrində gəzmək mənə çox xoş təsir bağışlayır. Azərbaycanlı və iranlılar eyni dini, eyni mədəniyyəti və eyni tarixi dəyərləri bölüşürlər. Ona görə də burada olmaq iranlı turistlər üçün çox xoşdur və heç bir çətinliyimiz yoxdur”.
Qonaq bildirir ki, bir neçə gün ərzində paytaxtı gəzmək imkanı olub. Bakı çox müasirləşsə də, öz tarixi görkəmini qoruyub saxlayır. Bu da insanların öz tarixinə, mədəniyyətinə nə dərəcədə önəm verdiyini nümayiş etdirir.
Həmsöhbətim Bakıda turistlərə göstərilən xidmətdən razı qalsa da, ölkəsi ilə müqayisədə qiymətlərin bir qədər yüksək olduğunu dedi.
“Bakı qeyri-adi şəhərdir”
Səudiyyə Ərəbistanından olan Məhəmməd Abdullətif ölkəmizin təbiətinə heyran qalıb: “İndi bizim ölkədən Azərbaycana çox turist gəlir. Mən də tanışlarımdan ölkəniz haqqında, turizm imkanları barədə eşidib gəldim. Paytaxtınız çox təmiz şəhərdir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Mən Bakı ilə yanaşı, Qəbələ və Qubada da olmuşam. Oralar sanki cənnətdir. Düzü, Azərbaycan təbiətini belə gözəl təsəvvür etmirdik. Burada qar da görmək istəyirdim. Yəqin ki, bunun üçün qış fəslində də buraya gələcəyəm”.
Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş Samiah Əlğişi də ölkəmizin onda zəngin təəssürat yaratdığını bildirir: “Azərbaycan haqqında bura gələn dostlarımızdan eşitdik. On gündən artıqdır ki, buradayıq. Həqiqətən də, bura çox gözəl ölkədir. İnsanları qonaqpərvər, mətbəxi zəngin, qiymətlər də baha deyil. Hələ ki Bakıdan başqa şəhərlərinizdə olmamışıq. Bölgələrinizə də getməyi düşünürük. Bu günlər ərzində Bakının tarixi yerlərini, ticarət mərkəzlərini gəzmişik”.
Artıq Bakının bəzi dükan və restoranları da öz işlərini Azərbaycana daha çox turist göndərən ölkələrin vətəndaşlarının istəyinə uyğun qurmağa çalışır. Mərkəzi küçələrdə yerləşən belə obyektlərin qarşısında ərəbcə reklam lövhələrinə rast gəlmək olur...
F.Hüseynov