Paytaxtın Fəvvarələr meydanında yay ayları ərzində həftəsonu təşkil edilən “Retro Bakı” layihəsinin yekun qala-konserti sentyabrın 13-də gerçəkləşib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən konsertdə əməkdar artistlər Eyyub Yaqubov, Nüşabə Ələsgərli, Elza Seyidcahan, müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Leyla Ramazanlı, Elvin Mirzəzadə, Çinarə Bəkirova, Həmidə Hüseyn, Asif Məhərrəmov, Mircabbar Babayev və başqaları, “Aysel” və “Səma” rəqs ansamblları maraqlı konsert proqramı ilə Bakı sakinləri və qonaqlarına xoş əhval-ruhiyyə bəxş edib.
Qeyd edək ki, “Retro Bakı” layihəsi ilk dəfə 2016-cı ildə reallaşıb və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığı nəzərə alınaraq bu il də davam etdirilib. Layihənin məqsədi əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi və XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbin yenidən canlandırılmasıdır.