Qurumun növbəti dörd il üçün yeni baş katibi seçilib 
   
   Çin Xalq Respublikasının Çenqdu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (DTT) Baş Assambleyasının 22-ci sessiyası davam edir. Təşkilatın sentyabrın 11-də başlanan yüksək toplantısı ayın 16-da yekunlaşacaq.   
   Sessiyada mədəniyyət və turizm naziri, Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.
   Sessiyanın açılış mərasimində Çinin Milli Turizm Administrasiyasının sədri Li Sinzao və DTT-nin baş katibi Taleb Rifai çıxış ediblər.
   
   Yüksək səviyyəli Nazirlər forumu 
   
   Sessiya çərçivəsində “Turizm və davamlı inkişaf məqsədləri” mövzusunda yüksək səviyyəli Nazirlər forumu keçirilib.
   “CNN İnternational” telekanalının müxbiri Riçard Kuestin moderatorluğu ilə keçirilən forumda təşkilatın baş katibi Taleb Rifai, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, DTT-nin İcraiyyə Şurasının sədri Əbülfəs Qarayev, Misir, Mərakeş, Kolumbiya, Gürcüstan, Filippin, İsveçrənin turizm sahəsinə cavabdeh olan nazir və komitə rəhbərləri, Turizm Etikası üzrə Dünya Komitəsinin rəhbəri çıxış ediblər.
   Nazir Əbülfəs Qarayev çıxışında ölkəmizdə həyata keçirilən turizm layihələri barədə ətraflı məlumat verib. Çıxışlarda yaxın gələcəkdə davamlı inkişaf məqsədlərinə çatmaq üçün cəmiyyətin bütün üzvlərinin birlikdə əməkdaşlığının, habelə turizm sahəsinin inkişafı üçün dövlət orqanlarının özəl sektorla sıx əlaqələr qurmasının vacibliyi vurğulanıb.
   Daha sonra sessiyada çıxış edən nazir Əbülfəs Qarayev təşkilatın İcraiyyə Şurasının 2017-ci il üzrə hesabatını və 106-cı iclasın nəticələrini üzv ölkələrin diqqətinə çatdırıb. 
   Əbülfəs Qarayev tədbir çərçivəsində Baş Assambleyanın şərəfinə təşkil edilən ağacəkmə mərasimində də iştirak edib.
   
   Dünya Turizm Təşkilatının yeni baş katibi - Zurab Pololikaşvili
   
   Sessiya gedişində Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının tərkibi yenilənib, həmçinin təşkilatın yeni baş katibi seçilib.
   2013-2017-ci illərdə DTT İcraiyyə Şurasının üzvü olan Azərbaycan növbəti dörd il üçün yenidən bu quruma üzv seçilib. 2018-2021-ci illərdə Azərbaycanla bərabər Rusiya, Litva, Rumıniya və Yunanıstan da Dünya Turizm Təşkilatı İcraiyyə Şurasında yer alacaq. Xatırladaq ki, ölkəmiz 2017-ci ildə DTT İcraiyyə Şurasına sədrliyi həyata keçirir.
   Sessiyada Dünya Turizm Təşkilatının növbəti dörd il müddətinə yeni baş katibi də seçilib. 2018-2021-ci illərdə Taleb Rifaini bu vəzifədə Gürcüstan tərəfindən irəli sürülən Zurab Pololikaşvili əvəz edəcək. Hazırda Gürcüstanın İspaniyadakı səfiri olan Z.Pololikaşvilinin namizədliyi daha öncə DTT İcraiyyə Şurasının 105-ci sessiyasında bu vəzifəyə tövsiyə olunmuşdu və onun namizədliyi Baş Assambleyanın 22-ci sessiyasında ümumi konsensus əsasında dəstəklənib. Z.Pololikaşvili 2009-2010-cu illərdə ölkəsinin iqtisadi inkişaf naziri olub.
   
   Turizm etikası üzrə konvensiyaya dair Xüsusi komitəyə Azərbaycan sədrlik edəcək
   
   BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində Turizm etikası üzrə konvensiyanın hazırlanması ilə bağlı İşçi qrupun növbəti iclası da toplanıb. Ümumilikdə dörd iclası keçirilən İşçi qrupa Azərbaycan sədrlik edir.
   Sonuncu iclasda konvensiyanın hazırlanması üzrə prosedurların yekunlaşdırılması məqsədilə DTT-nin Katibliyi tərəfindən Xüsusi komitə (Ad Hoc) yaradılıb. 
   DTT-nin baş katibi Taleb Rifai Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun İşçi qrupa sədrliyi zamanı göstərdiyi peşəkarlıq və səriştəni yüksək qiymətləndirərək onun yeni yaradılan Xüsusi komitəyə də sədr olaraq ən uyğun namizəd olduğunu bildirib. DTT Katibliyinin təklifi və üzv ölkələrin yekdil razılığı ilə N.Səmədov sözügedən komitəyə sədr seçilib.
   Qeyd edək ki, yeni yaradılan Xüsusi komitənin əsas məqsədi “Turizmin qlobal etik kodeksi”nə əsaslanaraq hazırlanmış “Turizm etikası üzrə konvensiya”nın razılaşdırılması və sənədin yekun variantının DTT-nin Baş Assambleyasının təsdiqinə təqdim edilməsidir. DTT-nin ilk konvensiya sənədi turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcək.