Üzeyir Hacıbəylinin ev-muzeyində Milli musiqi günü qeyd olundu
   
   Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkar və musiqişünasın anadan olmasının 132-ci ildönümünə və Milli musiqi gününə həsr olunan “Tarixlərə sığmayan şəxsiyyət” adlı tədbir keçirildi. 
   Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov tədbiri açaraq əlamətdar gün münasibətilə iştirakçıları təbrik etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan 18 sentyabr - Milli musiqi günü Azərbaycan musiqi ictimaiyyətinə böyük töhfədir. O daha sonra Şərqdə ilk opera və operettanın yaradıcısı olan Üzeyir bəyin yaradıcılığından söhbət açdı. Qeyd olundu ki, bəstəkarın əzəməti, sevinci və kədəri bənzərsiz əsərlərində öz əksini tapıb. Üzeyir bəy bu əsərləri yaradarkən böyük bir xalqın musiqi duyumunu ifadə edib. Xalqın bayatısından, laylasından güc alıb. Onun bənzərsiz yaradıcılığı musiqimizin, incəsənətimizin məhək daşına çevrilib. 
   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev qeyd etdi ki, hər dəfə bu mədəniyyət ocağına gələndə Üzeyir bəyin, musiqi sahəsində xidmətləri ilə yanaşı, qüdrətli qələm, parlaq istedad sahibi olduğunu bir daha dərk edirsən: “Görkəmli bəstəkar gözəl operalar, operettalar, romans, kantata, müxtəlif simfonik əsərlər, mahnılar bəstələyib. O, həmçinin ölkəmizdə musiqi təhsilinin təşkili üçün gənc kadrların yetişməsinə çalışıb. 
   Tədbirdə daha sonra akademik Telman Əliyev, filologiya elmləri doktoru Asif Rüstəmli, Xalq artisti Ramiz Məmmədov, Əməkdar artist Yaqub Zurufçu, şair Yusif Həsənbəy, professor Telman Ağdamski və başqaları əlamətdar gün münasibətilə musiqisevərləri təbrik etdilər. 
   Çıxışlarda Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilən ənənəvi beynəlxalq musiqi festivalının əhəmiyyətindən, həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıldı. Milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolu xüsusi vurğulandı. Bildirildi ki, bu gün dünyanın məşhur musiqiçiləri Üzeyir bəyin musiqisini dinləyir və yüksək qiymətləndirirlər.
   Çıxışlardan sonra Əməkdar artist, müğənni Yaqub Zurufçunun Üzeyir Hacıbəyli irsinə həsr etdiyi “Klassik əsərlər” disk-albomunun təqdimatı keçirildi. 
   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Əşairi Pərvin arfada bəstəkarın “Leyli və Məcnun” operasından fraqmentlər, Şükür Ömərli kamançada “Sevgili canan” əsərlərini ifa etdilər. Qiraətçi Hüseynağa Aslan Xalq şairi Səməd Vurğunun Üzeyir bəyə həsr etdiyi “Böyük bəstəkar” şeirini oxudu.
   
   Savalan Fərəcov