Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 yaşı tamam olur 
   
   Hər yubiley bir bayram olmaqla yanaşı, həm də keçmişə dönüb baxmaq, yaşananlara, yaradılanlara yenidən nəzər salmaq imkanıdır. Bu il 50 yaşını tamamlayan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sentyabrın 22-də yubileyini təntənəli şəkildə qeyd edəcək. 1967-ci ildə İçərişəhərdəki Karvansaranın kiçik otaqlarında fəaliyyətə başlayan mədəniyyət ocağı hazırda Muzey Mərkəzində yerləşir, musiqi irsimizin qorunması kimi mühüm bir missiyanı həyata keçirir. Yubiley münasibətilə muzeyin ünvanına xarici ölkələrdən təbrik teleqramlarının gəlməsi isə onun beynəlxalq aləmdə də yaxşı tanınmasına işarədir...
   
   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova ilə söhbətimizdə mədəniyyət müəssisəsinin keçdiyi yola və hazırkı fəaliyyətinə nəzər saldıq. 
   
   - Alla xanım, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əsas fəaliyyət istiqamətləri nədən ibarətdir? 
   - Muzeyin əsas məqsədi musiqi mədəniyyəti tarixinə aid materialların aşkar edilməsi, toplanması, muzey kolleksiyalarının zənginləşdirilməsi, qorunması, öyrənilməsi və təbliğidir. Bu istiqamətdə işlər ölkəmizlə yanaşı, xaricdə də həyata keçirilir. Muzey tərəfindən xarici ölkə arxivlərində elmi araşdırmalar aparılır, Azərbaycanın musiqi tarixinə aid qiymətli materiallar əldə edilir. Hazırda muzeyin 56 minə yaxın eksponatı var. Bu sırada milli musiqi alətləri, dünya xalqlarının musiqi alətləri, not əlyazmaları, fotoşəkillər, təsviri sənət nümunələri, nadir səs yazılarını qeyd edə bilərik. Muzeyin ilk eksponatı bəstəkar Müslüm Maqomayevin opera müğənnisi Məmmədtağı Bağırova verdiyi qeyd vərəqəsidir.
   Muzeydə 277 ədəd musiqi aləti qorunub saxlanılır. Bunlardan 208-i Azərbaycan, 69-u isə xarici musiqi alətidir. Bundan əlavə, 12 ədəd nadir musiqi qutusu mühafizə olunur. Azərbaycan bəstəkarlarının 800-dən çox şəxsi arxivi də muzeyimizin fondundadır. Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Şəfiqə Axundova, Oqtay Zülfüqarov, Xəyyam Mirzəzadə və başqalarının arxiv materialları qiymətli eksponatlardandır. Qeyd olunan zəngin arxiv materialları Azərbaycanın musiqi tarixinin daha da dərindən araşdırılmasına, öyrənilməsinə imkan yaradır. Burada eyni zamanda musiqi mədəniyyətimizin digər görkəmli xadimlərinin not əlyazmaları, şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri sənət nümunələri, kitablar və s. saxlanılır. 7 noyabr 2003-cü il tarixdə UNESCO tərəfindən təqdim edilmiş Azərbaycan muğamının “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin incisi” elan edilməsi haqqında diplom da muzeyimizin dəyərli eksponatlarındandır. 
   Onu da diqqətinizə çatdırım ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 13 oktyabr 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Musiqi alətləri dövlət kolleksiyası yaradılıb. Nazirlik tərəfindən kolleksiyaya 10 skripka, 10 skripka kamanı, 4 violonçel, 1 violonçel kamanı, 3 alt, 2 alt kamanı təqdim edilib. Azərbaycan mədəniyyətini beynəlxalq müsabiqələrdə və tədbirlərdə yüksək səviyyədə təmsil edən istedadlı, gənc musiqiçilər, xalq artistləri, prezident təqaüdçüləri xaricdən alınmış bu qiymətli alətlərdə ifa edirlər.
   
   - Muzeyin əməkdaşları və filialları haqqında da məlumat verərdiniz...
   - Muzeyimizin 69 əməkdaşı var. Onlardan 6 nəfəri ölkə rəhbərinin sərəncamı ilə fəxri adlara layiq görülüb. 4 filialımız var. Bunlar 1987-ci ildə yaradılan Xalq çalğı alətləri daimi sərgisi, 1994-cü ildə yaradılan Niyazinin mənzil-muzeyi, həmin il fəaliyyətə başlayan Vaqif Mustafazadənin ev-muzeyi və hazırda yaradılmaqda olan Qara Qarayevin ev-muzeyidir. 
   
   - Qədim musiqi alətləri ansamblı da musiqi mədəniyyətimizin yaşadılmasına xidmət edir...
   - Bəli, ümummilli lider Heydər Əliyevin göstərişi və Mədəniyyət Nazirliyinin sərəncamına əsasən, 1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim musiqi alətləri ansamblı fəaliyyət göstərir. Kollektiv 15 nəfər musiqiçini özündə birləşdirir. Onun bənzərsiz cəhəti ondadır ki, musiqilər orta əsrlərdə istifadə edilmiş, tədricən unudulmuş, sonralar ansamblın yaradıcısı mərhum Məcnun Kərimov tərəfindən bərpa olunmuş musiqi alətlərində ifa edirlər. Böyük ustalıqla ilk dəfə olaraq bərpa edilmiş çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu, rübab və qopuz kimi musiqi alətləri ansamblda cəmlənib. Kollektiv musiqi mədəniyyətimizi ölkəmizdə və beynəlxalq səviyyədə layiqincə təmsil və təbliğ edir. 
   
   - Muzeyinizdə qorunan eksponatlar araşdırılırmı?
   - Muzeyin kolleksiyalarını tədqiq etmək məqsədilə müxtəlif istiqamətlərdə araşdırma aparılır. Bunun nəticəsi olaraq Azərbaycan, rus və ingilis dillərində tədqiqat əsərləri ərsəyə gəlib. “Azərbaycan musiqi mədəniyyəti simalarda”, “Azərbaycan musiqi alətləri”, “Qadınlar Azərbaycanın musiqi həyatında”, “Üzeyir Hacıbəyli. “Ləzgi rəqsi” (1932), “Xalq çalğı alətləri orkestri üçün partitura”, “Niyazinin piano üçün pyesləri”, “Azərbaycan bəstəkarlarının piano üçün əsərləri”, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında”, “Nizami Gəncəvinin poemaları sənət əlaqələri kontekstində”, UNESCO-nun dəstəyi ilə “Keçmişin unudulmuş səsləri” diski, “Jazz-Mugham Bridges” - “American Voices” diski, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin tapıntıları” kompakt diski və s. musiqi mədəniyyətinin öyrənilməsinə dəyərli töhfələrdir. 
   Muzeyimiz eyni zamanda Heydər Əliyev Fondunun layihələrində yaxından iştirak edir. Bu sırada “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomu, “Vaqif Mustafazadə. Tarix, həyat, yaradıcılıq” kitabı, Azərbaycan musiqi alətləri açıqca dəstləri kimi nəşrləri qeyd edə bilərəm. Muzeydə dissertasiya işlərinin də müzakirəsi aparılır.
   
   - Beynəlxalq festival və seminarlarda iştirak edirsinizmi?
   - Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan musiqi mədəniyyətini təbliğ etmək məqsədilə 2012-ci ildən mütəmadi olaraq “İntermuzey” beynəlxalq festivalında iştirak edir, diplomlara layiq görülürük. Bundan əlavə, dünyanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslarda ölkəmizin musiqi mədəniyyətinin təbliği baxımından səylərimizi əsirgəmirik. 
   
   - Klassik musiqi həvəskarları klubunuz necə fəaliyyət göstərir?
   - 2008-ci ildə muzeyimizdə Klassik musiqi həvəskarları klubu yaradılıb. Burada respublikamızın, eləcə də dünyanın musiqi həyatında qeyd olunan əlamətdar hadisələri əks etdirən tədbirlər, bəstəkarlar, musiqişünaslar, xanəndə, müğənni və rəqqaslarla görüşlər təşkil olunur, xatirə gecələri, ədəbi-bədii axşamlar keçirilir. Belə tədbirlərdə tamaşaçılar ekspozisiyada nümayiş olunmayan və muzeyin zəngin arxiv materiallarından istifadə olunaraq hazırlanan slayd-şou və səyyar sərgilərlə tanış olmaq imkanı əldə edirlər. Bu günə kimi klubda 100-dən artıq belə tədbir reallaşıb. 
   
   - Muzeyinizin yeni layihələri və beynəlxalq əlaqələri barədə nə deyərdiniz?
   - 2008-ci ildən nazirliyin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Kompleks Avtomatlaşdırılmış Muzey İnformasiya Sisteminin (KAMİS) proqramı çərçivəsində fondların kompüterləşdirilməsi işi aparılır. İndiyədək məlumat bazasına 34 min 689 eksponat daxil edilib. 1994-cü ildən Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüyük. 2010-cu ildən isə Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyası Beynəlxalq Komitəsinin həmtəsisçisi və üzvü, Musiqi Alətləri Muzeyləri və Kolleksiyaları Beynəlxalq Komitəsi (SIMCIM) idarə heyətinin, Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsinin (ICLM) üzvüyük. Bu sıraya Söz və Musiqi Öyrənilməsi Assosiasiyasını (WMA) da əlavə etmək istərdim. Muzey “Google” şirkəti ilə birgə layihədə iştirak edərək “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi”, “Azərbaycan xalq musiqisi”, “Azərbaycan bəstəkarlıq məktəbi” sərgiləri hazırlamış, “Qara Qarayev” sərgisinin üzərində iş aparılır.
   
   - Yubiley ərəfəsində ziyarətçiləri hansı yeniliklər gözləyir?
   - Biz musiqi mədəniyyətimizə dair sənədləri, faktları mütəmadi olaraq araşdırırıq. Xaricdə Azərbaycan musiqisinə dair saxlanılan sənədlərin surətini Azərbaycana gətirmək üçün çalışırıq. Bir neçə il əvvəl biz Sankt-Peterburqda yerləşən Rusiya Elmlər Akademiyası Rus Ədəbiyyatı İnstitutunda fonoqram arxivdən sənədlər əldə etmişik. Burada 1920-1930-cu illərdə yazılmış xalq mahnıları, musiqilər saxlanılır. Məxəzdə eyni zamanda Zəngəzur mahalı və Ermənistanla sərhəd rayonların əhalisinin folkloru toplanıb. Bu arxivdəki sənədlərin surətini nazirliyin dəstəyi ilə ölkəmizə gətirə bildik. 
   Yubileydə böyük bəstəkarımız Qara Qarayevin Moskva və Sankt-Peterburq arxivlərindən aşkara çıxardığım, teatr tamaşalarına yazdığı əsərlərdən bəzi fraqmentləri təqdim edəcəyik. Onu da qeyd edim ki, bu ilin yazında nazirlik tərəfindən Rusiya Ədəbiyyat və İncəsənət Arxivinə ezam olundum. Orada Qara Qarayevin arxivini araşdırdım. Arxiv böyük olduğu üçün bu işin davam etdirilməsi qərara alındı. Arxivdə Qara Qarayevin 1944-cü ildə Ömər Xəyyamın rus dilinə tərcümə olunmuş rübailərinə yazdığı 6 romansı aşkar edib onların surətini Azərbaycana gətirdim. Bu əsərlər haqqında kitablarda qeyd olunsa da, həmin əsərlər heç vaxt səsləndirilməyib. Yubiley günü Əməkdar artist İnarə Babayeva həmin əsərləri Azərbaycan tamaşaçısına çatdıracaq. İlk müşayiət isə Əməkdar incəsənət xadimi, professor Leyla Məmmədəliyeva tərəfindən olacaq.
   Yubiley günümüzdə həm də yeni zallarımız istifadəyə veriləcək. Qarşıda yeni layihələrimizi həyata keçirmək niyyətindəyik. Bütün bu işlərin reallaşmasında daim bizə dəstək verən Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. 
   
   Lalə Azəri