Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının konsert proqramları davam edir.
   Sentyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalı ilə birgə “Sevgili canan” adlı layihə çərçivəsində Azərbaycanın gənc bəstəkarlarının yeni romansları təqdim olundu.
   Tədbirdə çıxış edən musiqişünas, professor Ceyran Mahmudova romans janrının yaranma tarixindən danışdı. Bildirdi ki, Avropada yaranan bu janrın Azərbaycanda əsasını Asəf Zeynallı qoyub. Azərbaycan musiqisində bu janrın inkişafı həm də Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Musiqişünas müasir dövrdə gənclərin romans janrında əsərlər yazmasının təqdirəlayiq hal olduğunu vurğuladı.
   Gecədə Üzeyir Hacıbəylinin "Sənsiz", Tofiq Quliyevin "Bəxtəvər oldum", Fikrət Əmirovun "Gülərəm gülsən", eləcə də gənc bəstəkarlarımızın romansları səsləndirildi.
   Qeyd edək ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı sentyabrın 26-dək davam edəcək. 
   
   Fariz