Sentyabrın 20-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir dünya şöhrətli musiqiçini salondan dinləmək şansı qazandıq. Gürcüstanlı pianoçu, UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülmüş Eliso Bolkvadze Beynəlxalq Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış etdi. 
   Batumi Beynəlxalq Musiqi Festivalının təsisçisi kimi də tanınan Eliso Bolkvadzeni canlı dinləmək hər bir piano musiqisi sevənin arzusudur. 
   Eliso Bolkvadze konsertdə L.V.Bethovenin 3 saylı sonatası, S.Prokofyevin fortepiano üçün 2 saylı sonatası, K.Debüssinin «Sevgi adası» («L’İsle Joyeuse») əsərini, F.Şopenin “Parlaq polonez” əsərlərini ifa etdi. 
   Xanım ifaçı konsertdə Qara Qarayevin fortepiano üçün prelüdlərini ifa etmək istədiyini, amma çox gərgin iş rejimində olduğundan həmin əsərlərin çalğısına tam şəkildə hazırlaşa bilmədiyini dedi: “İki il əvvəl Batumidə Fərhad Bədəlbəylinin ifasında Qara Qarayevin konsertini dinləmişəm və bəyənmişəm. Bakıda - bəstəkarın vətənində onun prelüdlərini zəif çala bilmərəm. Həmin əsərlərin üzərində çalışıb gələcək konsert proqramlarıma daxil edəcəyəm”. 
   Eliso Bolkvadzenin ifasını fərqləndirən cəhət onun bəstəkarın əsərinə köçürdüyü hissləri öz çalğısı ilə dinləyicilərə ötürmək bacarığıdır. Üstəlik, hər qadın pianoçu öz ifasında zəriflik və qüvvəti nizamlamağı çətin bacarır: ya zəriflik qüvvətli çalğını üstələyir, ya da əksinə. Lakin Beynəlxalq Muğam Mərkəzində dinlədiyimiz ifada bu nizamlı səslənişin şahidi oldu. 
   Peşəkar fəaliyyətinə Fransa və Avstriyada başlamış pianoçu dünyada öz ölkəsini ləyaqətlə təmsil edir, həm də gənc istedadlara köməyini əsirgəmir. 
   Konsertdən sonra Eliso Bolkvadze Batumi festivalı çərçivəsində gənc və yeniyetmə pianoçular üçün keçirilən müsabiqə və ustad dərslərində iştirak etmək istəyən şagird və tələbələrlə görüşdü. «Mən pedaqoji fəaliyyət göstərmirəm, amma ifaçılığa başladığım gündən öyrəndiklərimi, qazandığım ifaçılıq təcrübəmi gənclərlə həvəslə paylaşmağa həmişə hazıram», - deyən ifaçı gənclərlə xatirə şəkli də çəkdirdi. 
   
   G.Mirməmməd