Sentyabrın 20-də Şabran şəhərindəki Xaqani poeziya evində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin növbəti şura iclası keçirilib.
İclası idarənin rəisi Nazim Ağayev açaraq 15 sentyabrda ölkəmizdə kino mövsümünün başlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, 2017-ci ildən etibarən hər il bu tarixdə ölkəmizin paytaxtında və regionlarda kino mövsümünə start veriləcək. Bildirilib ki, regional idarənin əhatə etdiyi Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da həftədə üç gün olmaqla Azərbaycanda istehsal olunmuş bədii, sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçiriləcək.
Həmçinin iclasda Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində pullu xidmətlərin yaradılması və icra vəziyyəti müzakirə edilib, Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 2017-ci ilin ilk yarısında gördüyü işlər barədə hesabatlar dinlənilib.
* * *
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində Bakı şəhərində fəaliyyət göstərən Laçın rayon 1 saylı Uşaq musiqi məktəbinin, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Sarı Aşıq Muzeyi və rayon Rəsm Qalereyası əməkdaşlarının iştirakı ilə müşavirə keçirilib. İdarənin rəis müavini Vüqar Qədirovun iştirak etdiyi müşavirədə mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələblərinə uyğun təşkili, Mədəniyyət və Turizm Nazirliyinin əmr və tapşırıqlarının icrası, mədəniyyət müəssisələrinin fəallığının artırılması, mədəni-kütləvi tədbirlərin keçirilməsi və s. məsələlər müzakirə edilib.
Tədbirdə Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsində ifaçıları müvəffəqiyyətlə müşayiət etdiyinə görə Laçın şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Ceyhun Qurbanova nazirlik tərəfindən verilmiş fəxri fərman təqdim edilib.