Bəstəkarlarımızın xor, kamera-vokal və kamera-instrumental əsərləri səslənib
Sentyabrın 21-də Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində klassik Azərbaycan bəstəkarlarının xor, kamera-vokal və kamera-instrumental əsərlərindən ibarət konsert keçirildi.
Üzeyir Hacıbəyli adına konsert salonunda gerçəkləşən tədbirdən əvvəl çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə beynəlxalq festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, Bəstəkarlar İttifaqı mütəmadi olaraq Ü.Hacıbəylinin xatirəsinə həsr olunan müxtəlif tədbirlər keçirir, musiqişünasların iştirakı ilə məruzələr dinlənilir.
Vurğulandı ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan bəstəkarlıq məktəbi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkar öz yaradıcılığı ilə milli bəstəkarlığın yolunu, istiqamətini təyin edib, özündən sonra ardıcıllar yetişdirərək onlara örnək olub.
Sonra konsert proqramı təqdim edildi. Azərbaycan Dövlət Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xorunun ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru, C.Cahangirovun “Xəzər”, Ü.Hacıbəylinin “Ey Vətən” əsərləri səsləndi. Həmçinin Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyli, vokal ifaçısı Tural Ağasıyev, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, paytaxtın digər musiqi məktəblərinin kollektivlərinin ifasında Şəfiqə Axundova, Fikrət Əmirov, Süleyman Ələsgərov, Müslüm Maqomayev və digər görkəmli bəstəkarların əsərləri təqdim edildi. Konsert proqramı alqışlarla qarşılandı.
Lalə Azəri