Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı 
   
   Sentyabrın 19-da, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının ikinci günü də rəngarəng konsert proqramları ilə diqqəti çəkdi. Həmin konsertlərdən biri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutdu. Konsertdə Novosibirsk Filarmonik Kamera Orkestri (Rusiya) çıxış etdi. 
   Uzaq Sibirdən gəlmiş orkestr artıq Azərbaycandan uzaqlarda da yaxşı tanınan cavan dirijorumuz, Əməkdar artist Əyyub Quliyevin idarəsi ilə maraqlı bir proqram təqdim etdi. Azərbaycan, rus və dünya bəstəkarlarının əsərlərindən ibarət proqramda həm klassik, ilk çağ Avropa kamera musiqisi nümunələrinə, həm də XX əsrin ikinci yarısında intişar tapan avanqard musiqinin ən maraqlı nümunələrinə yer verilmişdi. 
   V.A.Motsartın «Adajio və fuqa» K546 s-moll əsəri də, P.Çaykovskinin «Simli orkestr üçün sereneda»sı da, Ü.Hacıbəylinin «Arazbarı»sı da orkestrin ifasında mükəmməl səslənirdi. Dirijor orkestr ilə bu əsərləri cəmi iki dəfə məşq etdiyini etiraf etməsəydi, yəqin salondakı peşəkar musiqiçilər də birgə məşqin yetərli olduğunu düşünərdilər. 
   Bu konsert daha iki əsərin ifası ilə əlamətdar oldu. Rodion Şedrinin «Concerto lontano» fortepiano və orkestr üçün 6 saylı konserti, görkəmli gürcü bəstəkarı Giya Kançelinin «Daneliada» əsərləri paytaxtımızda ilk dəfə səsləndi. Azərbaycan klassik musiqisi isə konsertdə Üzeyir bəyin «Arazbarı»sından savayı, dahi Qara Qarayevin «Yeddi gözəl» baletindən fraqmentlər və görkəmli bəstəkar, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin «Metamorfozlar» əsəri ilə də təmsil olundu.
   * * *
   Fasilə zamanı orkestrlə birlikdə Bakıya gəlmiş Novosibirsk vilayəti mədəniyyət nazirinin müavini Yevgeni Sazonov və Novosibirsk Dövlət Filarmoniyası baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini, kamera orkestrinin meneceri Alyona Bolkvadze ilə ayaqüstü söhbət etdik.
   Yevgeni Sazonov Azərbaycanla Novosibirsk vilayəti arasında mədəni əlaqələrin qurulmasından, festivalın əhəmiyyətindən söz açdı: 
   - 18 sentyabr azərbaycanlılar kimi bizim üçün də əziz gündür. Təsəvvür edin, Novosibirskdə filarmoniyanı yaradan görkəmli dirijor və pedaqoq Arnold Mixayloviç Kats da Üzeyir Hacıbəyli ilə bir gündə doğulub. Bütün Sibirin dərin hörmət bəslədiyi bu gözəl insan isə sizin yerlinizdir, o, Bakıda doğulub. Təəssüf ki, bu böyük insan indi aramızda yoxdur. Filarmoniyanın konsert salonu onun adını daşıyır. Necə deyərlər, Novosibirsk ilə Bakının mədəni-musiqi əlaqələrinin tarixi qədimdir. 
   Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində gələcək əməkdaşlıq ilə bağlı işgüzar söhbətlərimiz oldu. Bizim musiqi kollektivlərimizin, ifaçıların Azərbaycanda keçirilən digər beynəlxalq musiqi festivallarında da iştirak etməsini, mədəni əməkdaşlığın genişlənməsini istəyirik. Novosibirskdə keçirilən teatr festivallarında Azərbaycan teatrlarını görmək, eləcə də Bakıya teatr tamaşası ilə qastrola gəlmək çox yaxşı olardı. Sizin Musiqili Teatrda da oldum. Binanın gözəlliyinə, yaradılmış şəraitə heyran qaldım. Hələ aktyorlar, orkestr festival tamaşası üçün necə həvəslə məşq edirdilər! Azərbaycan dövlətinin musiqinin, teatrın inkişafına dəstəyi təqdirəlayiqdir. Biz də öz tərəfimizdən istərdik ki, mədəni əlaqələrimiz inkişaf etsin, qarşılıqlı qastrol səfərləri təşkil olunsun. 
    
   Novosibirsk filarmoniyasının direktor müavini Alyona Bolkvadze:
   - Bizim kamera orkestrimiz Bakıda ilk dəfə çıxış etsə də, dirijor Əyyub Quliyevlə əməkdaşlığımız çoxdan başlanıb. Əyyub da, onun atası, görkəmli tarzən Ramiz Quliyev də dəfələrlə bizim orkestrlə birlikdə çıxış ediblər. Şəxsən mən Anna Netrebkonun və onun həyat yoldaşı Yusif Eyvazovun pərəstişkarıyam. Bu cütlüyün Novosibirskdə konsertini təşkil etmək mənim ən böyük arzularımdan biridir. Üstəlik, həmin konsertə dirijorluq üçün Əyyub dəvətimizi qəbul edərsə, çox sevinərik. 
   Bizim filarmoniyanın sizin Beynəlxalq Muğam Mərkəzi ilə yaradıcılıq əlaqələri var. Ötən il filarmoniyanın bayan dueti burada konsert vermişdi. Azərbaycandan bir çox ifaçılar ilə dostluq edir, yaradıcılıq əlaqəsi saxlayırıq. Polad Bülbüloğlunu da bizdə sevənlər çoxdur. Onun oğlu Murtuza isə Novosibirsk Akademik Simfonik Orkestrini idarə etmiş ən gənc dirijordur. 
   * * *
   Konsertin ikinci hissəsində əsasən hazırlıqlı dinləyici üçün nəzərdə tutulan proqram səsləndi. Rodion Şedrinin fortepiano ilə orkestr üçün 6 saylı konsertində solo ifaçı Moskva konservatoriyasının məzunu, hazırda Rusiyanın Perm şəhərində P.Çaykovski adına Opera və Balet Teatrının simfonik orkestrində çalışan gənc soydaşımız Riad Məmmədov idi. Tanınmış eston bəstəkarı Arvo Pyartın skripka ilə orkestr üçün «Fratres» poemasında əslən Novosibirskdən olan tanınmış musiqiçi Yuliya Rubina solo ifa etdi. 
   
   ...Alyona Bolkvadze ilə söhbətimizdə o, bir cümlə işlətdi: «Bizim kamera orkestri harada ilk dəfə çıxış edirsə, onu yenidən həmin şəhərə dəvət edirlər. Ümidvarıq ki, qarşıdakı illərdə Bakıda yenidən görüşəcəyik». 
   
   G.Mirməmməd