Gəlmə turizmin artımı və daxili turizmin daha da canlanması müşahidə olundu 
   
   Son illər Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Həyata keçirilən islahatlar, yaradılan yeni turizm müəssisələri, xidmət səviyyəsinin yüksəldilməsi ölkəmizə gələn xarici turistlərin sayının da ildən-ilə artmasına təsir göstərir. Ötən illə müqayisədə bu ilin yeddi ayında ölkəmizə gələn xarici turistlərin sayında 24 faiz artım müşahidə olunub.
   Yay turizm mövsümü artıq yekunlaşıb. Yaxın vaxtlarda statistik rəqəmlər də açıqlanacaq. Ancaq bizə maraqlı olan odur ki, bu mövsüm nələrlə yadda qaldı?
   Suallarımızı cavablandıran Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov yay turizm mövsümünün turizm sənayemiz üçün uğurlu olduğunu deyir: “Bu turizm mövsümü əvvəlki illərə nisbətən gəlmə turizmin artımı və daxili turizmin daha da canlanması ilə yadda qaldı. Ötən illərlə müqayisədə Azərbaycana xarici turistlərin, xüsusilə ərəb ölkələrindən, İran və Rusiyadan gələnlərin sayı artıb”. 
   Həmsöhbətim deyir ki, turizm bazarında ölkəmizin cəlbedici məqamları var. Ərəb ölkələrindən gələn turistlər regionlarda istirahət etməyi xoşlayır. Rusiyadan gələnlər isə Azərbaycanın tarixi yerlərinə ekskursiya edirlər. Turistlər bir ölkəyə getməmişdən qabaq o yeri müxtəlif yollarla tanımalıdırlar: “Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, qlobal əhəmiyyətli tədbirlər Azərbaycanı dünya ictimaiyyətinə yaxşı tanıdır. Bu tədbirlər olmasaydı, turistlərin bu çoxluqda gəlməsi daha gec baş verərdi. İki il əvvəl baş verən manatın devalvasiyası da turizmə öz təsirini göstərdi. Getmə turizmi nisbətən aşağı düşdü, əksinə, ölkəyə gələn turistlərin sayı artdı. Bizdə olan məlumatlara görə, daxili turizm də ötən illərə nəzərən daha da inkişaf edib. Turist səfərlərinin artmasının müxtəlif səbəbləri var. Onlardan biri də müasir turizm infrastrukturunun olması və xidmət səviyyəsinin tədricən artmasıdır”.
   Mütəxəssisin fikrincə, artan turist səfərlərinə uyğun olaraq xidmət səviyyəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən addımlar da davam etdirilməlidir. Xarici turist səfərlərinin çoxalması ilə ekskursiya bələdçilərinə olan tələbat da yüksəlib: “Biz əvvəllər də ekskursiya bələdçilərinin hazırlanması istiqamətində bir sıra işlər həyata keçirmişik. Yaxın vaxtlarda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Turizm Assosiasiyasının birgə fəaliyyəti nəticəsində yeni ekskursiya bələdçilərinin hazırlanması istiqamətində çalışacağıq”.
   Qeyd edək ki, “ASAN viza” sisteminin tətbiqi, bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
   
   Fariz Hüseynov