“Avropa avtobus turu - 2017” layihəsi çərçivəsində şimal-qərb bölgəsinə səfər zamanı ilk dayanacaq İsmayıllı rayonu olub. Layihənin məqsədi Azərbaycanın regionlarında insanları Avropa İttifaqı barədə məlumatlandırmaq, Avropa dəyərləri, mədəniyyəti ilə daha yaxından tanış etməkdir.
İsmayıllıda Peşə Tədris Məktəbinin tələbələri üçün kulinariya və qonaqpərvərlik mövzusunda seminar təşkil edilib. Seminarın sonunda tələbələr öyrəndiklərini tətbiq edərək, xüsusi qəbul üçün süfrə hazırlayıblar.
Qeyd edək ki, 2008-2011-ci illərdə Avropa İttifaqı regionun turizm sektoru üçün kadrların hazırlanmasına dəstək məqsədilə Təhsil Nazirliyi ilə birgə bu məktəbdə pilot layihə həyata keçirib.
“Avropa avtobus turu”nun növbəti səfəri sentyabrın 30-dan başlayaraq Qax, Zaqatala və Şəkini əhatə edəcək.
Layihə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı və yerli icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilir.