Portuqaliya portalında tar barədə yazı dərc olunub
   
   Portuqaliyanın “Spot” portalında Azərbaycanın milli musiqi aləti tar barədə yazı dərc olunub. “Bu musiqi aləti Azərbaycan mədəniyyətində mühüm yer tutur. Tar sonsuzluq formasındadır və Azərbaycan xalqının əvəzsiz irsidir” cümlələri ilə başlayan məqalədə tar barədə geniş məlumat verilib.
   Məqalədə tar daha çox Azərbaycan milli irsinin nümunəsi adlandırılsa da, onun İran, Cənubi Qafqaz xalqlarının mədəniyyətlərində də önəmli yerə malik olması göstərilir. Bildirilir ki, tar 11 simdən ibarətdir, lakin əvvəllər 5-6 simdən ibarət olub. Bu alət əldə hazırlanır və onun hazırlanma qaydası nəsillərdən-nəsillərə ötürülür.
   Daha sonra Azərbaycan milli musiqi alətlərinin mahir ustası, eyni zamanda, gözəl tar ifaçısı Mahir Vələdovla müsahibə təqdim olunub. Musiqi aləti ilə bağlı geniş məlumat verən sənətkar deyib: “Tarın hazırlanmasında tut, qoz və fındıq ağacından istifadə olunur. Həmçinin UNESCO-nun mədəni irsinə daxil olunmuş tarın səsi başağrısı, yuxusuzluq və depressiya kimi narahatlıqların müalicəsində istifadə olunur”.