Kino tariximizdən
Sovetləşmənin ilk illərindən kino bolşevik ideologiyasının güclü təbliğat maşınına çevrildi
1918-ci ilin 28 mayında yaranan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk respublika, ilk demokratik dövlət idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti Azərbaycan xalqının həyatında tarixi hadisəyə çevrildi. Bu qısa müddət ərzində Azərbaycan üçün çox böyük - dövlət, ordu quruculuğu, mədəniyyətin inkişafı və s. ilə bağlı - işlər görülmüşdür.
Kinoteatrlarda Azərbaycan milli ordusunun yaranması və sərhədlərimizin qorunmasını, erməni daşnaklarının özbaşınalığına son qoymaq üçün xilaskar türk ordusunun Azərbaycan xalqının köməyinə gəlişini, Azərbaycan hökumətinin dinc quruculuq işlərini əks etdirən əsasən xronikal-sənədli filmlər göstərilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 1-ci ildönümünün təntənə ilə bayram edilməsi lentə alınaraq “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” sənədli filmi çəkilmiş və 1919-cu il iyunun 13-də Bakının “Ekspress” və “Rekord”, bir qədər sonra “Forum” kinoteatrlarında proqramdan əlavə nümayiş etdirilmişdir.
1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyasının XI Qırmızı ordusu tərəfindən işğal olundu və milli hökumətin bütün sahələrdə, o cümlədən mədəni quruculuqla bağlı nəzərdə tutduğu böyük işlər yarımçıq qaldı.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra kinematoqraf tamamilə yeni istiqamət götürdü. Kino yeni ideologiyanın - bolşevik ideologiyasının güclü təbliğat maşınına çevrildi. Təsadüfi deyil ki, sovet hökumətinin başçısı Vladimir Lenin bolşevik ideologiyasının tez bir zamanda kütlələrin beyninə yeridilməsində sənədli kinonun xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək demişdi: “Kommunist ideyaları ilə yoğurulmuş, sovet həqiqətlərini əks etdirən yeni filmlərin istehsalına xronikadan başlamaq lazımdır”.
Leninin bu fikrini əlində bayraq edən sənədli kino çəkənlər respublikada sovetləşmənin ilk günlərindən bu sahəyə diqqəti artırır və XI Qırmızı ordu hissələrinin Bakıya gəlişini, ordu hissələrinin Bakıda paradını, sentyabr ayında Bakıda keçirilən Şərq xalqlarının I qurultayını və 1918-ci ildə Türkmənistanda güllələnmiş 26 Bakı komissarının cənazələrinin Bakıya gətirilərək dəfnini, ordu komandirlərinin dağlıların qonağı olmasını, Pyotr meydanında iməciliyi əks etdirən xronikal filmlər çəkirlər. Bir il sonra, yəni 1921-ci ildə “Sovet Azərbaycanının I ildönümü” adlı ikihissəli xronikal film istehsal olunub ekranlara buraxılır.
Bakıda sənədli filmlər çəkilməklə bərabər Azərbaycanda kinematoqrafiyanın inkişafına yönəldilmiş bir sıra təşkilati tədbirlər də həyata keçirilirdi. 1920-ci il iyulun 4-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri N.Nərimanov kinematoqrafiya və fotoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret imzaladı.
Azərbaycan kinematoqrafiyasının inkişafı məqsədilə Xalq Komissarları Sovetinin 1923-cü il tarixli xüsusi dekreti ilə Azərbaycan Foto-Kino İdarəsi yaradıldı. Həmin il AFKİ nəzdində I Dövlət Kinofabriki açıldı.
İndiki Azadlıq prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişdiyi yerdə inqilabdan əvvəl “Renessans” restoranı, onunla bir cərgədə müxtəlif anbar binaları yerləşirdi. Həmin restoran və anbar binaları AFKİ-nin ixtiyarına verildi. Bina kinofabrikə uyğun dəyişdirildi, restoranın zalı xeyli genişləndirildi. Beləliklə, iri zal yeni kinopavilyona çevrildi. Həyətdəki limonad zavodu söküldü və onun yerində plyonka emalı üzrə sex və başqa yardımçı binalar inşa edildi.
1923-cü ildə “Bakinski raboçi” qəzeti bununla əlaqədar “Kinofabrik” məqaləsini dərc etdi. AFKİ-nin sədri Hənifə Terequlov kinofabrikin normal fəaliyyət göstərməsi üçün xeyli iş gördü. Həmin il ikiseriyalı “Qız qalası” bədii filmi istehsala buraxıldı. Bu film həm sovet Azərbaycanının ilk kino əsəri, həm də Şərqdə müstəqil kinematoqrafiyanın inkişafına doğru ilk addım idi.
Filmin çəkilişlərində mindən artıq adam iştirak etmişdi. Rekvizit, əlbəsə, butaforiya kinofabrikin emalatxanalarında hazırlanmışdı. Əsas dekorasiyalar fabrikin həyətində qurulmuşdu.
“Pravda” qəzeti filmin ekranlara buraxılması ilə əlaqədar yazmışdı: “Bakı inqilabi ənənələr şəhəridir. Məgər qəhrəmanlıq mübarizəsi, Şərqi lərzəyə salan inqilab dalğası “Azərkino”ya ilk övladı üçün başqa mövzu verə bilməzdimi?”.
Bəli, o vaxtlar kino işçilərimiz bu tənqidi fikirdən elə nəticə çıxartdılar ki, nəinki yaxın qonşuları, hətta bütün sovet kinematoqrafçıları onlara həsəd apara bilərdilər. Çünki elə 1924-cü ildən etibarən onlar inqilab haqqında ekrandan fəxrlə danışmağa başladılar.
1924-cü ildə rejissor Kravçenko Leo Murun ssenarisi əsasında “Bayquş” adlı bədii film çəkdi. Bu film inqilabdan bir qədər əvvəl Azərbaycanda burjua-mülkədar ağalığının son günlərindən, kəndlilərin yerli feodallara qarşı mübarizəsindən bəhs edirdi. Mövzu aktual olsa da, film sənət baxımından çox aşağı səviyyədə yaradılmışdı. Ona görə də film ekranlara buraxılmamış və hətta kinolenti saxlanılmamışdır.
İnqilab və onun nəticəsi ötəri də olsa rejissor A.M.Şərifzadənin 1925-ci ildə çəkdiyi “Bismillah” filmində də öz əksini tapmışdır: xanlar və mollalar xalqı aldadır, onun avamlığından öz məqsədləri üçün istifadə edirdilər. Bolşeviklər isə xalqı inandırmağa çalışırdılar ki, məhz inqilab onları ağ günlərə çıxara bilər.
Filmin sonunda mollanın həbs edilməsi bolşeviklərin haqlı olduğunu təsdiqləyirdi. Qəribə burasındadır ki, istər bu, istərsə də bir çox digər filmlərdə hadisələr məhz Xalq Cümhuriyyəti dövründə baş verir. Sonrakı illərdə çəkilmiş bir sıra filmlərdə də bilərəkdən bu dövr qabardılırdı.
Erməni kinematoqrafçıları ilə birgə yaradılmış “Vulkan üzərində ev” bədii filmində Bakı proletariatının inqilabi mübarizəsindən bəhs olunur. Filmin əsasını olmuş əhvalatlar, 1907-1908-ci illərdə Bakı quberniyasının Zabrat neft mədənlərində və onun yaxınlığında fəhlə-neftçilər üçün salınmış komalarda baş verən faciəli hadisələr təşkil edir. Bütün bu əhvalatlar ekranda qocaman qazma ustasının xatirələrində canlandırılır. “Rassvet azerbaydjanskoqo sovetskoqo iskusstva” kitabında qeyd edilir ki, “Azdövlətkino” və “Ermənkino”nun birgə istehsalı olan bu film milli kinematoqrafiyanın inkişafında irəliyə doğru əhəmiyyətli bir addımdır.
Əslində bu filmin Azərbaycan kinosu ilə bağlılığı çox azdır. Filmə ən düzgün qiyməti vaxtilə C.Cabbarlı vermişdir. O, “Hara gedir “Azərkino?” məqaləsində yazmışdır: “Haradansa dəvət olunmuş rejissor və aktyorlar bir neçə yüz manat pulu havayı yerə xərcləyərək çıxıb gedirlər və “Azərkino” həm məhsulsuz, həm də işçisiz qalır. Bu faciə Ümumittifaq İncəsənət Olimpiadasında bütün kəskinliyi ilə üzə çıxdı. Burada “Azərkino”nun rüsvayçılığı o dərəcəyə çatdı ki, onun il ərzində bircə müstəqil film də meydana çıxara bilmədiyi məlum oldu və o, “Armenkino”nun qüvvələri ilə çəkilmiş sırf ticarət (əsla yaradıcılıq deyil) sazişi əsasında xərclərin bir hissəsinin “Azərkino” tərəfindən ödənilməsindən başqa “Azərkino” ilə heç bir əlaqəsi olmayan “Vulkan üzərində ev” filmi ilə çıxış etdi”.
C.Cabbarlının fikri bir az da aydın olsun deyə filmin yaradıcı heyətini sizə təqdim edirəm: ssenari müəllifi Folyan, rejissor Beknazaryan, operator Qalperin, rəssam Qonçarski. Əsas rollarda: Hepsesyan, Ayvazyan, Karakaş, Maxmurova, Makuxina çəkilmişlər. Yalnız iki nəfər - Ələsgər Ələkbərov və S.Dadaşov filmin çəkilişinə cəlb olunmuşlar. Ə.Ələkbərovun da qəhrəmanını filmin əvvəlində öldürürlər. Həlak olmuş azərbaycanlı neftçinin uşağını erməni götürüb saxlayır və “öz balası kimi” böyüdür.
1928-ci ildə istehsal olunmuş “Gilan qızı” filmi də inqilabi hadisələrdən bəhs edir. Bu dəfə 1920-ci ildə İranda gedən milli azadlıq hərəkatından, şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan söhbət gedir. Bu məişət dramı yazıçı Slyozkinin “Tunc ay” romanı əsasında ekranlaşdırılmışdır. Filmin rejissoru Leo Mur, operatoru İvan Frolovdur. Filmdə kəndli üsyanından bəhs olunsa da, əslində burada inqilabi mübarizə ikinci plana keçirilmiş, dolaşıq məişət səhnələri ön plana çıxarılmışdır.
Filmin adı “Gilan qızı”dır. Tamaşaçı gözləyir ki, Gilan qızı Səkinə inqilabi burulğanın içərisində olacaq, o, əri Hacı Zəkidərə inqilabi işdə yaxından köməklik göstərəcəkdir. Amma biz filmdə bütün bunların əksini görürük. Məişət səhnələri, Səkinənin zorla məhəbbət üçbucağına salınması tamaşaçını əsas məsələlərdən yayındırır. Tamaşaçılar ekranda real həyatdan uzaq olan hadisələr və qəhrəmanlarla qarşılaşmalı olurlar.
Filmin sonunda üsyan etmiş kəndlilərin ingilis qoşunları tərəfindən necə vəhşicəsinə qətlə yetirilməsi və inqilab mübarizlərini qan içində boğması yada salır ki, bu film hansı dövrü əhatə edir, yəni Gilanın faciəli süqutu tarixçəsini ekranda canlandırır.
Təsadüfi deyil ki. C.Cabbarlı “Hara gedir Azərkino?” məqaləsində kinomuzda çox ciddi problem kimi duran ssenari məsələsinə toxunaraq yazırdı: “...Məsələ burasındadır ki, “Azərkino” yerli qüvvələrdən ssenari hazırlamaq üzərində işləmir və yalnız dəvət olunanlara ümid bağlayır, onlar isə yerli həyatla tanış olmadıqlarından türk kişisi və qadını haqqında hər cür uydurmalar yazırlar, sonra da ssenarini oxuyan elə ilk türk buna etiraz edir və hər şey alt-üst olur. “Gilan qızı” ilə də eyni hal baş vermişdi. Burada da elə ağlasığmaz cəfəngiyat yazmışdılar ki, sonra heç cürə vəziyyətdən çıxa bilmirdilər...”.
Lap qəribəsi orasındadır ki, “Gilan qızı” romanı İranda gedən inqilabi hadisələrdən bəhs etsə də, kinonun rəhbərləri ssenarinin yazılışı vaxtı belə bir təklif irəli sürmüşdülər ki, filmdəki zaman kəsiyi Azərbaycana, “Müsavat” hakimiyyəti dövrünə keçirilsin. Hadisələr isə dənizkənarı şəhərdə cərəyan etsin. Filmin də adı dəyişdirilib “Qardaş qardaşa qarşı” olsun. Sonra nə fikirləşdilərsə, film romanda olduğu kimi çəkildi və ekranlara buraxıldı.
Azərbaycan kino işçilərinin Moskvanın göstərişi ilə tarixi-inqilabi mövzuda çəkdikləri filmlər bununla bitmir. Növbəti yazılarımızda bu mövzunu davam etdirəcəyik.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi