Sentyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımovun 60 illik yubileyi münasibətilə nəşr edilən “Muğamın meracı” kitabının təqdimat mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan kitabın müəllifi Lətifəxanım Əliyevadır.
Kitabda Alim Qasımov haqqında respublikanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb. On üç müsahibin və müəllifin (13+1) təhlil xarakterli düşüncələrində Alim Qasımov “sufi-filosof-xanəndə” tandemində muğam ifa edən sənətkar kimi təqdim olunur. “Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş kitab nazirliyin tabelliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.