Sentyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində sözün gerçək mənasında böyük bir konsert baş tutdu. İki böyük tanınmış kollektiv - Türkiyənin Başkənd Akademik Orkestri ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri bir səhnəni paylaşdı.
Əvvəlcə səhnəyə Ankaranın Başkənd Akademik Orkestri çıxdı. 2003-cü ildə yaradılan orkestr mövcud olduğu 14 il ərzində dünyanın bir çox səhnələrində çıxış edib, məşhur festivalların iştirakçısı olub. Barokko dövründən müasir dövrədək bəstəkarların əsərlərini ifa edən orkestr Bakıya da maraqlı proqramla gəlmişdi.
Konsert orkestrin dirijoru, bəstəkar Ertu Korkmazın "Uzaq torpaqların xəyalları" əsəri ilə başladı. Bəstəkarın dirijorluq etdiyi əsərin ardınca Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx ölməz Fikrət Əmirovun violonçel və orkestr üçün "Poema-monoloq" əsərini Başkənd orkestrinin müşayiəti ilə səsləndirdi. Konsertin ilk yarısı Ankaradan gəlmiş orkestrin ifasında Fikrət Əmirovun daha bir əsərinin - "Nizami" simfoniyasının ifası ilə başa çatdı. Bu dəfə dirijor pultunun arxasında Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov idi.
İkinci hissədə Ezgi İçellioğlu (Türkiyə) solist olaraq səhnəyə çıxdı. O, Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (dirijor - Yalçın Adıgözəlov) Türkiyədə klassik musiqi təhsili sisteminin qurulmasında böyük xidmətləri olmuş alman bəstəkarı Paul Hindemitin alt və simli orkestr üçün "Matəm musiqisi" əsərini ifa etdi.
Biz artıq öz orkestrlərimizin XX əsr Avropa musiqisində avanqard üslublu və yenilikçi ruhlu əsərlərini məharətlə ifa etməsinə alışmışıq. Hər böyük musiqi hadisəsində, festivalda onlardan həm də belə əsərlərin ifasını gözləyirik. Bu dəfə də Dövlət Kamera Orkestri gözləntimizi doğrultdu. Orkestr adını daşıdığı böyük Qara Qarayevin müəllimi Dimitri Şostakoviçin ən məşhur və ən mürəkkəb əsərlərindən birini - Simli orkestr üçün kamera simfoniyasını çaldı.
Anşlaqla keçən konsertin sonunda isə orkestr salondan qopan "bravo" və "bis" sədalarına cavab olaraq Qara Qarayevin "İldırımlı yollarla" baletindən rəqsi səsləndirdi.
Konsertdən sonra musiqi bilicilərinin əhatəsinə düşən qonağımız Ertu Korkmaz öz ürək sözlərini qısa da olsa jurnalistlərlə bölüşdü: "Bu gün çox maraqlı proqramla çıxış etdik. Azərbaycan bəstəkarlarının əsərləri möhtəşəmdir. Ümidvaram ki, dinləyicilər üçün də yaddaqalan bir gecə oldu".
Gülcahan Mirməmməd