Sentyabrın 21-də Bakı Musiqi Akademiyasının "Lumineux" ansamblı Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında geniş proqramla çıxış etdi. Gənc ansambl Kamera və Orqan Musiqisi Zalına toplaşanlara Avropa, rus və Azərbaycan bəstəkarlarının xor üçün əsərlərini ifa etdi. Tələbələrdən Pərviz Məmmədovun, Leyla İbrahimovanın, Rəna Rəhimovanın, Cavid Axundovun musiqi alətlərində solo ifaları da xorun çıxışlarına xüsusi ahəng qatdı. 
   28 nömrədən ibarət konsertin ən favorit ifaları isə xor üçün işlənmiş Azərbaycan xalq mahnıları oldu. "Dağlarda çiçək", "Laçın", "Basma-basma tağları", "Bağa girdim üzümə" və digər xalq mahnıları daha çox alqış qazandı. 
   Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi Naala Barateliyanın rəhbərlik etdiyi "Lumineux" ansamblının üzvləri elə akademiyada xor dirijorluğu ixtisası üzrə təhsil alan tələbələrdir. Ansambl 2016-cı ildə yaransa da, artıq müxtəlif tədbirlərdə diqqətçəkən ifası ilə yadda qalıb. Bu ilin yazında isə "Lumineux" Rusiya paytaxtında keçirilən ənənəvi XV "Zvuçit Moskva" beynəlxalq müsabiqəsində iştirak edib və birinci dərəcəli diplomla təltif olunub. Yeri gəlmişkən, musiqi termini olan "lumineux" fransız dilində parlaq deməkdir. Elə cəmi bir yaşı olan kollektivin konsertdə iyirmidən çox rəngarəng əsər təqdim etməsi elə "Lumineux"in öz adına yaraşan bayram töhfəsi oldu. 
   
   Gülcahan Mirməmməd