Azərbaycan 
   
   26 sentyabr 1906 - Opera müğənnisi, Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Məmməd oğlu Haqverdiyev (1906-1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. 1930-cu illərdə Türkmənistanda Opera və Dram Teatrının yaradılmasında böyük xidmətləri olub.
   26 sentyabr 1950 - Xalq artisti, kamança ifaçısı Fəxrəddin Əlisahib oğlu Dadaşov anadan olub. Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının konsertmeysteri, Milli Konservatoriyanın dosentidir.
   26 sentyabr 1956 - Xalq artisti Ramiz Soltan oğlu Məmmədov anadan olub. Musiqili Teatrda çalışır. "Yaşıl eynəkli adam", "Qayınana əməliyyatı" və s. televiziya tamaşalarında, “Alma almaya bənzər”, “Yalan” və s. filmlərdə çəkilib.
   26 sentyabr 1961 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897 - 1961) vəfat edib. Xalq mahnıları, romanslar, operalarda baş partiyaların (“Koroğlu”da Koroğlu, "Əsli və Kərəm"də Kərəm və s.) unudulmaz ifaçısı olub. Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.

   28 sentyabr 1978 - Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908 - 1978) vəfat edib. Azərbaycan (Bakı) Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.
    
   Dünya 
    
   26 sentyabr 1888 - Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Eliot (Thomas Stearns Eliot; 1888-1965) anadan olub. XX əsr modern poeziyasının parlaq nümayəndələrindən biridir.
   26 sentyabr 1889 - Alman filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Martin Haydeger (Martin Heidegger, 1889 - 26.5.1976) anadan olub.
   26 sentyabr 1932 - Serb əsilli rus yazıçısı Vladimir Voynoviç anadan olub. Əsərləri: "Əsgər İvan Çonkinin həyatı və qeyri-adi macəraları" (trilogiya), "Taxt-tac üçün namizəd", "Moskva 2042" və s.
   26 sentyabr 1934 - Rusiya aktyoru, SSRİ Xalq artisti Oleq Basilaşvili anadan olub. Filmləri: “Payız marafonu”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal”. 
   
   27 sentyabr Dünya Turizm Günüdür. 1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat bu tarixin Dünya Turizm Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə 27 sentyabr Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib. 
   27 sentyabr 1871 - İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (1871-1936) anadan olub.
   
   28 sentyabr 1573 - Dahi italyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio, 1573 - 18.7.1610) anadan olub. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.
   28 sentyabr 1803 - Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee, 1803-1870) anadan olub. "IX Karl zamanının xronikası" romanı, "Jakeriya" pyesi, povest və novellaların müəllifidir. "Karmen" novellası əsasında Jorj Bize eyniadlı opera yazıb. Yazıçının "Matteo Falkone" novellası əsasında Azərbaycan rejissoru Tofiq Tağızadə eyniadlı film (1960) çəkib.
   28 sentyabr 1897 - Qazax yazıçısı Muxtar Auezov (1897-1961) anadan olub.
   28 sentyabr 1915 - Məşhur rus teatr rejissoru Georgi Tovstonoqov (1915-1989) anadan olub.
   28 sentyabr 1916 - İngilis aktyoru, «Oskar» laureatı Piter Finç (Frederick Peter Ingle-Finch, 1916-1977) anadan olub.
   28 sentyabr 1924 - Dünya şöhrətli italyan aktyoru Marçello Mastroyani (Marcello Vincenzo Domenico Mastroianni, 1924-1996) anadan olub. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.
   28 sentyabr 1934 - Fransız aktrisası Bricitt Bardo (Brigitte Bardot - Camille Javal) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan