Sentyabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimat mərasimi keçirilib. Kitab BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanıb. 
   Nəşrin əhəmiyyətindən danışan Kamal Abdulla Azərbaycan muktikulturalizmi fənninin respublikamızda və xarici ölkələrin universitetlərində artıq iki ildir tədris olunduğunu deyib. Bildirilib ki, bu fənnin uğurla tədris edilməsinin əsas şərtlərindən biri fənn üzrə dərsliyin hazırlanmasıdır. BBMM Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi ilə “Azərbaycan multikulturalizmi” dərsliyini hazırlayıb. Rus, ingilis, fransız, italyan dillərinə tərcüməsi nəzərdə tutulan nəşr bu işlə məşğul olan elm adamlarının yeni nəslini yaradacaq.
   Professor Etibar Nəcəfov qeyd edib ki, bir sıra ölkələr multikulturalizm sahəsində Azərbaycan təcrübəsindən faydalanmaq istəyirlər. Hətta bu sahə üzrə tanınan bir çox xarici mütəxəssislər ölkəmizə gələrək müvafiq istiqamətdə Azərbaycanın qazandığı uğurları elmi cəhətdən tədqiq edirlər. Hazırda bu proses davam etməkdədir.
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, BBMM-in Himayəçilik Şurasının üzvü Firəngiz Əlizadə diqqətə çatdırıb ki, kitabın müxtəlif dillərə tərcümə edilərək xarici universitetlərdə istifadə olunması vacibdir. Vurğulanıb ki, ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənətdə də özünü göstərir.
   AMEA-nın Tarix İnstitutunun elmi işçisi, professor Solmaz Tohidi, Prezidentin İşlər İdarəsi Arxiv sənədləri şöbəsinin baş məsləhətçisi Həcər Verdiyeva, Dövlət Rəssamlıq Akademiyasının müəllimi Rima Qafarzadə və digər çıxış edənlər nəşrin əhəmiyyətindən söz açıblar.